Beşbarmaq dağının ərazisi Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna çevrilir

 

 

Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağının ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Prezident İlham Əliyev iyunun 8-də bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Azərbaycanın unikal təbiət abidələrindən olan Beşbarmaq dağının ətrafında dövlət mühafizəsinə götürülmüş bir sıra tarix və mədəniyyət abidələri (Son Tuncİlk Dəmir dövrünə aid yaşayış yeri, Xızırzində piri, İlk Orta əsrlərə aid qala qalıqları, XV-XVII əsrlərə aid karvansara qalıqları) yerləşir.

 

İlk Orta əsrlərə aid Beşbarmaq paralel müdafiə səddi “Xəzər sahil mühafizə konstruksiyaları” daxilində 2001-ci il oktyabrın 24-də UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilib.

 

Sərəncamda Beşbarmaq dağının Azərbaycan tarixi və mədəni irsi üçün əhəmiyyəti, ətraf ərazilərdə mədəni və təbii irsin qorunması, habelə burada turizmin inkişaf etdirilməsinin vacibliyi vurğulanır.

 

Sərəncama əsasən, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun  idarə olunmasını təmin etmək Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə həvalə olunub.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Turizm Agentliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiq etməlidir. Həmçinin qoruğun ərazisinin xüsusi rejimi üç ay müddətində müəyyən edilərək bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.

 

***

 

Qeyd edək ki, Beşbarmaq dağının ərazisi dini-mənəvi destinasiya (ziyarət məkanı) olmaqla yanaşı, həm də unikal təbiət abidəsi və təbii irs nümunəsi kimi təkrarolunmaz təbii landşafta malikdir. Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, ölkənin şimalında yerləşən digər əsas turizm destinasiyaları (Qalaaltı, Quba, Qusar, Şahdağ, Xınalıq və s.) arasında yerləşən Beşbarmaq ərazisi turizm axınının əsas ziyarət mərkəzlərindən biridir. Burada müasir turizm infrastrukturunun qurulması “Beşbarmaq dağı” və ətraf ərazilərdə yerləşən tarixi-mədəni irs nümunələri haqqında ictimai maarifləndirmənin artmasına və təbii irs kimi onların təbliğinə, qorunmasına şərait yaradacaq. Beşbarmaq dağından piyada gəzinti yolları ilə turistlərə ətrafda yerləşən palçıq vulkanlarına və nadir landşafta sahib Xızı rayonuna (Altıağaca) gəzintilər və safari turlarının təklif edilməsi də nəzərdə tutulur.

 

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.1;2.