Hacı Xanməmmədovun
yaradıcılığında milli musiqi alətləri
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika“ elmi-tədqiqat laboratoriyasının iyunun 4-də keçirilən növbəti onlayn seminarı Xalq artisti, bəstəkar Hacı Xanməmmədovun yaradıcılığına həsr olunub.
Seminarda elmi işçi, dissertant Bəsti Kazımova XX əsr Azərbaycan bəstəkarlıq məktəbi tarixində özünəməxsus üslubu və dəst-xətti ilə seçilən Hacı Xanməmmədovun zəngin yaradıcılıq irsində milli musiqi alətlərinə geniş yer verməsindən bəhs edib. Məruzəçi bəstəkarın adının musiqi tariximizdə ilk növbədə tar və simfonik orkestr üçün konsertin yaradıcısı kimi qaldığını diqqətə çatdırıb, onun tar və orkestr üçün beş konserti, kamança ilə orkestr üçün konserti barədə məlumat verib.
Seminarda BMA-nın elm və
yaradıcılıq işləri üzrə prorektoru,
professor Gülnaz
Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, professor-məsləhətçi,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Arif Əsədullayev,
dosent Ariz Abduləliyev
çıxış edərək məruzəçiyə
tövsiyələrini veriblər.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.5.