Gürcüstandakı
soydaşlarımızın qısametrajlı filmləri
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı icma təşkilatlarına daxil olan “Era Teatrı” ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin birgə layihəsi əsasında elan olunmuş qısametrajlı film müsabiqəsinə yekun vurulub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, mayın 6-dan 27-dək müsabiqənin erateatri@gmail.com ünvanına 10-dan çox qısametrajlı film göndərilib. Müsabiqənin gedişində yaradıcılıq fantaziyaları ilə yanaşı, filmlərdə mövzuların aktuallığına, malik olduğu sosial çağırışlara da diqqət yetirilib.
Sosial şəbəkə izləyicilərinin rəğbətini də nəzərə alan münsiflərin qərarına əsasən, I yerə Sahil Hüseynovun “Yuxu”, II yerə Elnur Vəlizadənin “Ölümün rəngi”, III yerə Sənan və Kənan Şərifovların “Qumar qurbanı” filmləri layiq görülüb.
“Era Teatrı”nın bədii rəhbəri Anar Rafiqoğlu bildirib ki, təşkilatçılar COVİD-19 pandemiyası ilə əlaqədar Gürcüstanda elan olunmuş karantin dövründə yaranmış boşluğun aradan qaldırılması və soydaşlarımızın diqqətini yaradıcılığa cəlb etmək məqsədilə bu layihəni gerçəkləşdiriblər. Müsabiqənin məqsədi həm də gənclər arasında incəsənətin teatr və kino sahələrinə marağı artırmaqdır.
Gürcüstan Azərbaycanlıları İnteqrasiya
Mərkəzinə xüsusi təşəkkürünü
bildirən bədii rəhbər qeyd edib ki, dəstək
göstəriləcəyi təqdirdə gələcəkdə
də müxtəlif müsabiqələr təşkil etmək
niyyətindədirlər.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.5.