Klassik və milli
memarlığın vəhdətini yaradan
sənətkar
XX əsr Azərbaycan memarlığında iz qoymuş sənətkarlardan biri də Tələt Dadaşovdur. Ömrünü sevdiyi sənətə həsr edən görkəmli memar eyni zamanda çalışdığı sahə üzrə elmi tədqiqatlar aparıb. O, elmini və zəngin təcrübəsini ali məktəb auditoriyalarında gənclərlə səxavətlə bölüşüb.
Tələt Mehdi oğlu Dadaşov 22 mart 1923-cü ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra həmyaşıdları kimi ordu sıralarına çağırılır. II Dünya müharibəsi illərində çətin, ancaq şərəfli döyüş yolu keçir. Sinəsini orden və medallar bəzəyir. Müharibədən qayıtdıqdan sonra hələ məktəb illərindən arzusunda olduğu memarlıq sənətinə yiyələnmək üçün ciddi hazırlaşır. Azərbaycan Sənaye İnstitutunun Memarlıq fakültəsinə qəbul olunur. Təhsilini müvəffəqiyyətlə başa vurur və təyinatla Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutunda işə başlayır.
Tələt Dadaşov institutda çalışdığı müddətdə Bakının memarlığı, Azərbaycanda şəhər məktəblərinin layihələndirilməsi və tikintisi, sinif otaqlarının təbii işıqlandırılması ilə bağlı dövri mətbuatda elmi məqalələrlə çıxış edir. O, sonradan həmin məqalələri toplayaraq kitab halında da nəşr etdirir.
1958-ci ildə Moskvada aspiranturaya qəbul olunur və “Azərbaycan şəraitində şəhər məktəblərinin memarlığı” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1961-ci ildə Bakıya qayıdaraq “Azərdövlətlayihə” institutunda emalatxana rəhbəri vəzifəsində işə qəbul olunur. Bu illərdə onun yaradıcı təxəyyülü daha aydın şəkildə nəzərə çarpır. Azərbaycan memarlıq məktəbinin zəngin ənənələrindən peşəkarcasına bəhrələnən T.Dadaşov respublikanın müxtəlif regionları üçün bir sıra layihələr hazırlayır.
Onun layihələri əsasında Bakı şəhərində bir sıra məktəb binaları tikilib. Onlardan biri də eksperimental layihə əsasında tikintisi 1965-ci ildə başa çatdırılan 13 saylı orta məktəb olub. Memar məktəblərdə sinif otaqlarının insolyasiyası probleminə, yəni siniflərə günəş şüalarının normalara uyğun şəkildə daxil olmasına xüsusi diqqət yetirib. Məktəbin tikintisindən 8 il sonra, 1973-cü ildə qeyd olunan layihə Moskvada keçirilən ümumittifaq müsabiqəsində “Ən yaxşı məktəb layihəsi” nominasiyasında qızıl medala layiq görülüb.
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, professor Elbay Qasımzadə görkəmli memar haqqında məqaləsində yazır: “Tələt Dadaşov öz fəaliyyətində insanın harmonik inkişafı üçün ətraf mühit amillərini yaradıcılıqla nəzərə alırdı. Geniş erudisiya və yaradıcılıq prinsipiallığı onu fərqləndirən üstün cəhətlərdən idi. Memar kimi istənilən lokal məsələni, istər şəhərsalma, konstruktiv, istərsə də bədii-estetik aspektdə orijinallıqla həll edirdi. Daim yenilikləri izləyir, reallıqdan ayrılmadan gələcəyə baxır, müasir estetik və texniki tələblər əsasında ən yaxşı variantı, optimal layihə həllini tapırdı. Layihələrində klassik memarlığın ənənəvi üsullarından və Azərbaycan milli memarlığının səciyyəvi elementlərindən bacarıqla istifadə edirdi”.
T.Dadaşov həm də pedaqoji fəaliyyətlə məşğul olub. 1964-1978-ci illərdə Azərbaycan Politexnik İnstitutunda, sonra Memarlıq və İnşaat Universitetində çalışıb, sonuncuda Memarlıq kompozisiyası kafedrasına rəhbərlik edib. Yaradıcılıq fəaliyyətini pedaqoji fəaliyyətlə birləşdirərək memarlıq təhsilinin inkişafına töhfələr verib. Gənc memarların, dizaynerlərin hazırlanmasına, ali təhsil müəssisəsinin tədris-laboratoriyalarının və elmi bazasının yaradılması üçün böyük səylər göstərib.
O həmçinin Azərbaycan EA-nın İctimai elmlər bölməsinin elmi katibi olub. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin üzvü seçilib. Ən yaxşı layihələr üzrə müxtəlif respublika müsabiqələrində münsiflər heyətində təmsil olunub. Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü seçilib və ölkəmizlə yanaşı, xaricdə də yaxşı tanınıb. T.Dadaşov 31 dekabr 1996-cı ildə vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.7.