Tarix Muzeyində Zərdabiyə və
ailəsinə məxsus sənədlər
Bu il Azərbaycanda milli mətbuatın yaranmasının – “Əkinçi” qəzetinin nəşrə başlamasının növbəti yubileyi – 145 illiyi tamam olur. AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda mədəniyyətimizin tərəqqisində mühüm rol oynamış maarifçi, ictimai xadim, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin həyat və fəaliyyətinə aid bir neçə tarixi sənəd qorunur.
Muzeydən bildirilib ki, ilk növbədə, Həsən bəy Zərdabinin redaktoru olduğu “Əkinçi” qəzetinin 1876-cı ildə nəşr olunmuş 9-cu nömrəsi, 1877-ci ildə işıq üzü görmüş 1-20-ci nömrələrinin surətləri xüsusi qeyd edilməlidir. Redaksiyanın əməkdaşı Məmməd Tağı Əlizadənin qəzetin redaktoruna 1877-1878-ci illərdə yazdığı məktubların surətləri də maraqlıdır.
Məlikovların ailə arxivindən götürülmüş, Həsən bəy Zərdabinin özü, qadın maarifçiliyi sahəsində usanmadan fəaliyyət göstərmiş həyat yoldaşı Hənifə Məlikova–Zərdabi və uzun illər müəllimlik etmiş qızları Qəribsoltan Məlikovanın XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan fotoşəkilləri də diqqəti çəkir. Bu materiallar Azərbaycanın mətbuat tarixinin tədqiq və təbliği baxımından əhəmiyyətlidir.
Mədəniyyət.- 2020.- 10 iyun.-
S.7.