“Ozan-aşıq ensiklopediyasi

 

 

İkicildlik fundamental nəşr milli-mənəvi sərvətlərimizə diqqət və qayğını əks etdirən əhəmiyyətli elmi hadisədir

 

Azərbaycanın dövlət müstəqilliyindən sonra aparılan məqsədyönlü fəaliyyətdə əsas istiqamətlərdən birini strateji hədəf olaraq xalqın milli-mənəvi mədəniyyəti sahəsində görülən işlər təşkil edir. Tarixi kökləri etibarilə çox-çox qədimlərə bağlanan türk xalqları həm də böyük mədəniyyətin yaradıcıları kimi möhtəşəm təsəvvür formalaşdırır. Azərbaycan xalqının zəngin folkloru, əzəmətli memarlıq tikililəri, ədəbiyyatı, musiqisi, dili bunun danılmaz göstəricisidir.

 

Çağdaş mərhələdə Azərbaycan dövlətinin yeritdiyi siyasət məhz bu zənginliyin dünyaya təqdim olunması məqsədini də daşıyır. Beynəlxalq səviyyədə keçirilən simpoziumkonfranslar, müxtəlif səpkili sərgilərin təşkili, arxeoloji qazıntıların aparılması, folkloretnoqrafik mədəniyyətin ayrı-ayrı nailiyyətlərinin təqdimi və s. bunun nümunəsidir. “Ozan-aşıq ensiklopediyası” ikicildliyinin nəşri (Bakı, “Gənclik”, 2019, 2020) də həmin böyük və gərəkli işlərin davamı kimi mükəmməl təsəvvür sərgiləyir. Azərbaycan Aşıqlar Birliyinin məqsədyönlü və həm də böyük əzmkarlıq fəaliyyətinin nəticəsi olaraq ortaya çıxan bu ensiklopediya xalqımızın mədəniyyət tarixinin mühüm istiqamətlərindən birinin – ozan-aşıq mədəniyyətinin genişdolğun təqdimatına yönəldilmişdir.

 

Bilindiyi kimi, qüdrətli xalqlar böyük də mədəniyyətin yaradıcıları olurlar. “Kitabi-Dədə Qorqud”, “Koroğlukimi eposları yaradan xalqın mənəvi zənginliyi, həyatını hansı ideallar üzərində kökləməsi tarix və mədəniyyət anlamında çox ciddi mətləblərə işıq tutur. “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi ilə bağlı yubiley tədbirindəki (9 aprel 2000-ci il) tarixi çıxışında ulu öndər Heydər Əliyevin vurğuladığı “biz kimik, hardan gəlmişik, hardayıq, hara gediriktezisi konseptual olaraq elmi-nəzəri fikrin bu istiqamətə yönləndirilməsinin əsasını qoymuşdur. O zamandan bu yana “Kitabi-Dədə Qorqud” və “Novruz” ensiklopediyalarının hazırlanması, Novruz bayramının dövlət səviyyəsində keçirilməsi, müəyyənləşmiş strateji hədəflərin milli-mənəvi dəyərlərin qorunmasına köklənməsi humanitar siyasətin başlıca qayəsinə çevrilmişdir.

 

Bakıda “Dədə Qorqud” parkının, “Koroğlu” abidəsinin yaradılması və həmin mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi çıxışları, I və II Beynəlxalq Aşıqlar Festivalının keçirilməsi, Bakıda Beynəlxalq Muğam Mərkəzinin,  Milli Xalça Muzeyinin yeni binasının inşası, Gədəbəydə Aşıq Musiqi Məktəbinin açılması, Tovuzda Dövlət Aşıq Muzeyinin yaradılması və s. xalqımızın tarixinə və mədəniyyətinə sayğının nümunəsi olaraq həm də perspektivləri müəyyənləşdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın gördüyü əvəzsiz işlər, xalqımızın yaratdığı böyük mədəniyyət abidələrinin UNESCO-nun irs siyahılarına salınması beynəlxalq arenada Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edir.

 

Aşıq sənəti ilə bağlı görülən tədbirlər də bu sıradadır. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri maddi-mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin ustad sənətkarların yaradıcılığı ilə bağlı gördüyü işlər, yubiley tədbirləri, çeşidli antoloji nəşrlərin hazırlanması, beynəlxalq səviyyəli tədbirlərin təşkili və s. məsələləri buraya əlavə etdikdə bu işlərin tarixi miqyasının mahiyyəti daha da aydınlaşmış olur.

 

“Ozan-aşıq ensiklopediyası” məhz bu mədəni-tarixi gedişatın nəticəsi olaraq ortaya çıxmışdır. Qədirşünaslıqla qeyd etmək lazımdır ki, 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaradıcılıq təşkilatlarına, o cümlədən də Aşıqlar Birliyinin fəaliyyətinə dəstək məqsədilə ayırdığı vəsaitin müəyyən hissəsi hesabına hazırlanıb nəşr olunan “Ozan-aşıq ensiklopediyası” dövlət qayğısına layiqli bir cavabdır. Azərbaycan Aşıqlar Birliyinin hazırladığı bu ensiklopediya böyük zəhmətin, həm də uzunmüddətli fəaliyyətin nəticəsi olaraq yaranmışdır. Zəngin elmi faktura ilə müəyyənləşən geniş əhatə dairəsinə malik ikicildlik əsərdə artıq əsaslı mənbə olaraq aşıq sənətinin tarixi, epos-dastan mədəniyyəti, musiqiteatral istiqamətlər geniş yer alır. Ozan-aşıq sənətinin mifoloji qaynaqları, onun ilkin elementləri, tarixi-mədəni axarı, qam-şaman mədəniyyəti, ozanlığa gəlişin ümumi axarı, türk şamançılığının yerinə yetirdiyi funksiyas. ayrı-ayrı oçerklər şəklində ensiklopediyada özünə yer alır. Şamandan ozana transformasiyanın sənət və sənətkar baxımından sərgilədiyi məzmunun ənənə və özünəməxsusluq baxımından nələrlə əhatələnməsi, etnosun bədii-estetik, əxlaqi-mənəvi, dini-fəlsəfi təfəkkür hadisələrinin ozan-aşıq mədəniyyətində hansı səviyyədə təzahür etməsi ensiklopediyanın müxtəlif oçerk-maddələrində sistemli şəkildə aydınlaşdırılır.

 

Ensiklopediyanın uğurlu alınmasında onun üzərində çalışan yaradıcı-elmi heyətin yüksək səviyyəli professional mütəxəssislər olması mühüm rol oynamışdır. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının baş redaktorluğu altında ərsəyə gələn bu fundamental nəşrdə yaradıcı heyətin üzvləri – professor Mahmud Allahmanlı, professor İradə Köçərli, professor Kamilə Dadaşzadənin əvəzsiz xidmətləri vardır. Onların zəngin biliyi, mənbələrə bələdliyi və həm də xalqın mənəvi mədəniyyətinə sonsuz sevgisi sayəsində belə bir ortaya çıxmışdır. Onu da əlavə edək ki, bu cür işlər həmişə böyük kollektivlərin, institutların illərlə davam edən fəaliyyətləri nəticəsində reallaşa bilir. Çünki hər hansı bir oçerkin ensiklopedik səviyyədə işlənməsi üçün həmin mövzu ilə bağlı mənbələrin bir araya gətirilməsi və daha doğru olanın ortaya qoyulması bir prinsip olaraq əsas götürülür. Şifahi ənənəyə söykənən aşıq yaradıcılığı üçün isə bunun çətinlikləri daha da artır. Söyləyici auditoriyasında mövcud olan çoxvariantlı bilgilərin, ustad repertuarında yer alan fərqli təqdimatların, elmi-nəzəri fikrin çeşidli qənaətlərinin (folklorşünasların, musiqişünasların, etnoqrafların, arxeoloqların, tarixçilərin, dilçilərin, aşıq yaradıcılığı tədqiqatçılarının və s.) yaxın və fərqli yanaşmalarında özünü göstərən müxtəliflik fonunda tarixi gerçəkliyi müəyyənləşdirmək o qədər də asan deyildir. Bütün bunlar məhz yaradıcı heyətin fakttarixi hadisələrə obyektiv yanaşması və mənbələrə dərindən bələdliyi sayəsində mümkün olmuşdur. Onu da əlavə edək ki, yaradıcı heyəti təmsil edənlər folklorşünaslıq, musiqişünaslıq sahəsində Azərbaycan elminə, mədəniyyətinə töhfələr vermiş elmi simalardır.

 

Aşıq ədəbiyyatına məxsus poetik şeir biçimləri və çeşidləri ensiklopediyanın uyğun maddələrində elmi izahlarla oxucuya təqdim olunur. Ayrı-ayrı şeir biçimlərinin (gəraylı, qoşma, təcnis, müxəmməs, divanis.) formal-texniki qəlibləri ilə yanaşı, hansı saz havaları ilə uzlaşması məsələsi də təqdimatlarda diqqət önündə saxlanılır. Türk xalqlarının zəngin şeir ənənəsi, xalq şeirinin ehtiva elədiyi məzmun və çalar rəngarənglikləri, həmin şeir biçimlərində tarixi-mədəni prosesin hansı səviyyədə gedişi, ozan söyləmələrindən, bayatıdan, gəraylıdan, qoşmadan təcnisin çeşidli örnəklərinə, vücudnaməyə, cahannaməyə, müxəmməsə qədər olan çeşid müxtəlifliyini doğuran səbəblər üzərində aparılan tarixi-müqayisəli təhlillər də ensiklopediyanın diqqətçəkən məziyyətlərindəndir. Eləcə də qopuzdan üçtelli saza gəlişin tarixi-mədəni axarı, sonrakı mərhələlərdə sazın təkmilləşdirilməsi, pərdə və sim əlavələri, bu keyfiyyətlərin ifaçılıqda oynadığı rol da ensiklopediyanın səhifələrində öz dolğun əksini tapır. Xalq arasında qopuzun, sazın, ümumiyyətlə, musiqi alətlərinin hazırlanması ilə bağlı maraqlı söyləmələr, əhvalat və hekayətlər (özbək, türkmən, qırğız, qazax, krım-tatar, kumık, Azərbaycan, yakuts.) özünə yer almaqdadır. XIX və XX əsr toplamalarında, eləcə də yazılı ədəbiyyatın görkəmli simalarının yaradıcılığında bu tip nümunələr kifayət qədərdir. Ensiklopediyada bunlara da lazımi qədər həssaslıq göstərilmişdir.

 

İkicildliyin səhifələrində özünə yer alan məsələlərdən biri, Azərbaycan elmi-nəzəri fikri ilə yanaşı, dünya folklorşünaslarının aşıq sənəti ilə bağlı irəli sürdükləri qənaət və fikirlərin də ön plana çəkilməsidir. Orta əsr səyyahlarının, coğrafiyaşünasların, etnoqrafların səfərlərində Azərbaycanla bağlı söylənən fikir və mülahizələrdə etnosun mənəvi mədəniyyəti ilə əlaqədar məsələlərə də həssaslıq göstərilmişdir. Məsələn, “Dədə Qorqud” dastanının elm aləminə təqdim edilməsi və haqqında yürüdülən ilk mülahizələr, sonrakı mərhələdə gedən proseslər, Y.Reyski, H.F.Dits, E.Rossi, T.Nyoldeke, V.Bartold, V.M.Jirmunski, A.İ.Şerbak, A.J.Yakubovski, A.Kononov və başqalarının gördüyü gərəkli işlər, eləcə də “Koroğlu” dastanının Avropada yayılması prosesi, İ.Şopen, A.Xodzko, J.Sand, A.N.Pıpin, A.N.Samoyloviç və başqalarının bu prosesdə rolu bir xətt olaraq ensiklopediyada diqqət mərkəzində saxlanılır. Bununla yanaşı, ozan-aşıq mədəniyyəti ilə bağlı V.Bartold, A.Qordlevski, F.Köprülü, O.Ş.Gökyaybaşqa türkoloqların dəyərli elmi mülahizələri üzərində də dayanılır.

 

Aşıq yaradıcılığının ana axarını müəyyənləşdirən istiqamətlərdən birini möhtəşəm dastan ənənəsi təşkil edir. Türk xalqlarının zəngin dastan yaradıcılığı tarixin çox dərin qatlarından gəlir, etnosun sənət və mədəniyyət təsəvvürlərini, məişətini, tarixini, bütünlükdə etnoqrafik yaddaşını əhatə eləmək imkanındadır. Burada xalqın bahadırlıq, qəhrəmanlıq təsəvvüründən dövlətçilik düşüncəsinə, qopuzdan saza, ozan söyləyiciliyindən aşıq məclis ədəb-ərkanına, ailə həyatından sosial münasibətlərin nizamına qədər zəngin bilgilər cəmləşir. Mifdən eposa, eposdan dastan ənənəsinə qədər olan etnocoğrafi genişlikbütövlük ozan-baxşı-akın-aşıq xətti ilə “Yaradılış”, “Bilqamıs”, “Törəyiş”, “Boz Qurd”, “Şu”, “Ərqənəkon”, “Köç”, “Manas”, “Alpamış”, “Uralbatır”, “Edige”, “Corabatır”, “Canqar”, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və s. kimi abidələrin ehtiva etdiyi məzmun kimi ayrıca istiqamət olaraq ensiklopediyada özünə yer alır.

 

Aşıq yaradıcılığında epik ənənənin ana axarlardan birini məhəbbət dastanları tutur. Yüz illər boyu ustad sənətkarlar türk ellərinin məhəbbət və qəhrəmanlıq örnəklərini məclislərdə söyləmiş və buna etnosun ruhunun, milli-etnik düşüncənin, varlığının davam etməsi kimi baxmışlar. Görkəmli maarifçi ziyalı Həsən bəy Zərdabinin “bir baxın aşıqlar toylarda oxuyanda onlara qulaq asanlara, ətini kəssən belə xəbərləri olmaz” qənaəti həmin düşüncə və ruhun yaşarlığıdır. Tahir və Zöhrə”, “Yetim Aydın”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Xəstə Qasım və Mələksima”, “Yaxşı və Yaman”, “Valeh və Zərnigar” və s. məhəbbət dastanları aşıq dastançılıq ənənəsinin mənəvi-fəlsəfi yöndəki zənginliyini və aşığın “el anası kimi” dəyərləndirilməsinin səbəblərini aydınlaşdırır.

 

Ozan-aşıq sənəti kontekstində qopuzsazla bağlı bilgilər və bu musiqi alətlərinin gerçəkləşdirdiyi mədəni-tarixi funksiya ətrafında da ensiklopediyada diqqətçəkici elmi məlumatlar vardır. Qopuz və sazın növləri, saz havalarının çeşidvariativ bolluğunun səbəbləri, məşhur saz havalarının not yazıları akademik ardıcıllıqla verilir və təhlil edilir. “Koroğlu” dastanı timsalında “Koroğluhavalar silsiləsi (“Cəngi Koroğlu”, “Misri Koroğlu”, “Sürütmə Koroğlu”, “Eyvazı”, “Atlı Koroğlu”, “Piyada Koroğlu” və s.), “Kərəmi” havalar silsiləsi (“Yanıq Kərəmi”, “Sallama Kərəmi”, “Hicrani Kərəmi”, “Kərəm şikəstəsi”, “Kərəm gözəlləməsi”, “Quba Kərəmi” və s.), “Müxəmməs” (“Baş müxəmməs”, “Orta müxəmməs”), “Mansırı”, “Cəlili”, “Dilqəmi”, “Qaytağı”, “Qarabağ şikəstəsi”, “Dərbəndi”, “Faxralı gözəlləməsi”, “Çoban bayatı”, “Yurd yeri”, “Baş sarıtel” və s. havalar barədə təqdimat və təhlillər öz yeniliyi və əhatəliliyi ilə seçilir. Onların ifa məqamları, not yazıları, saz havalarının nota alınmasının tariximüasir vəziyyəti ilə bağlı bilgilər sırf elmi-ensiklopedik səciyyə daşıyır.

 

Aşıq yaradıcılığının tarixi-xronikal mənzərəsi də ayrı-ayrı ustad sənətkarların ömür və sənət yolunun müfəssəl təqdimatı ilə müəyyənləşir. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Abdalgülablı Valeh, Aşıq, Xəstə Hasan, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Nəcəf, Aşıq Əsəd, Aşıq Mirzə, Aşıq Cəlil, Molla Cuma, Aşıq Şenlik, Şair Ağacan, Şair Nəbi (Borçalı), Xındı Məmməd, Əmrah Gülməmmədov, Hüseyn Saraclı, Avdı Qaymaqlı, Şakir Hacıyev, Kamandar Əfəndiyev, Mikayıl Azaflı, İmran Həsənov, Pənah Pənahov, Əkbər Cəfərov, Ədalət Nəsibov, Məmmədağa Babayev, İsfəndiyar Rüstəmov və s. kimi ustad sənətkarlar haqqında olan oçerklər günümüzə gələn yolun ümumi mənzərəsini açıqlayır. Ustad-şagird ənənəsinin bir meyar olaraq nələrlə səciyyələnməsi, aşıqlıqda yaradıcı aşıq, ifaçı aşıq və el şairləri qolunun məzmun və mündəricəsi, bu axarda təmsil olunan sənətkarların gördüyü dəyərli işlər bir bütöv olaraq ikicildliyin uyğun bölmələrində öz ifadəsini tapır.

 

Aşıq sənətinin coğrafi areallar baxımından maraq doğuran problemlələrindən birilokal səviyyədəki saz-söz mühitlərinin tarixi-mədəni özəlliyinin araşdırılmasıdır. Bu baxımdan Göyçə aşıq mühiti, Dərələyəz aşıq mühiti, Təbriz-Qaradağ aşıq mühiti, İrəvan aşıq mühiti, Naxçıvan aşıq mühiti, Borçalı aşıq mühiti, Gəncəbasar aşıq mühiti, Şirvan aşıq mühiti, Urmiya aşıq mühiti, Ağbaba-Çıldır aşıq mühitis. ensiklopediyanın ümumi elmi axarında diqqət mərkəzində olmuşdur. Mühit daxilindəki ifaçılıq məktəbləri, tarixi dastançılıq ənənəsi, sənətin yayılma coğrafiyasının ümumi mənzərəsi, çalğı və ifa rəngarəngliyi, muğam əlavələri, saz, balaban, zurna üçlüyü, aşıq dəstələri və solo saz ifaçılığı və s. üzərində də geniş dayanılmışdır. Ensiklopediyada bunların ayrı-ayrı maddələr şəklində qoyulması həm də gələcək problemlərin axtarış istiqamətlərini düşünməyə əsas verir.

 

“Ozan-aşıq ensiklopediyası” iki mindən yuxarı oçerk-məlumatı öz əhatə dairəsində cəmləşdirir. Mindən çox aşığın yığcam bioqrafiyasının əks olunduğu cildlərdə əlliyə yaxın saz havasının elmi təqdimatı və not yazısı da verilmişdir. Aşıqların, elm və sənət adamlarının, bədii və rəsmi toplantıların, o cümlədən də aşıq qurultaylarının şəkil-rəsm qalereyası, arxiv sənədlərinin surəti və s. də ensiklopedik təqdimatın zənginliyini daha da artırmışdır.

 

Ozan-aşıq mədəniyyətinin tarixi-xronoloji mənzərəsi, aşıq ədəbiyyatını yaradan ustad sənətkarların bioqrafiyasını, dastan yaradıcılığı və dastançılıq ənənəsini, aşıq havalarının melodik sistemini, sənət sinkretizminin çoxçeşidli (musiqi, teatral, rəqs, söz) yönlərini yüksək elmi səriştə ilə elmi-mədəni ictimaiyyətə çatdıran bu dəyərli ensiklopedik nəşr milli-mənəvi sərvətlərimizə diqqət və qayğını əks etdirən əhəmiyyətli elmi hadisədir.

 

Qüdrət UMUDLU

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.6.