Nadir şahın şəxsi həkiminin məktublarında nədən bəhs olunur?

 

 

Yeni nəşr fateh hökmdarın qətli üzərindəki sirr pərdəsinə bir qədər işıq salır

 

Son vaxtlar görkəmli dövlət xadimi Nadir şahla bağlı bir sıra tədqiqatlar aparılmasına və yeni sənədlərin üzə çıxarılmasına baxmayaraq onun qətli üzərində sirr pərdəsi qalmaqdadır. Mənbələrdə ətraflı bəhs olunan qətl səhnəsi bu cinayətin gerçək səbəbləri, onların törədilməsində maraqlı olan şəxslər, yaxud dairələr haqqında aydın təsəvvür yaratmaq üçün kifayət etmir.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin bu yaxınlarda çapdan çıxmış “Nadir şahın şəxsi həkiminin məktubları – hakimiyyətinin son dövrünə və qətlinin təfərrüatlarına dair qiymətli mənbə kimi” kitabı böyük fatehin öldürülməsi ilə bağlı müəmmalı məqamlara aydınlıq gətirir.

 

Nadir şahın şəxsi həkimi – fransız əsilli Lui Bazinin (1712-1774) məktubları əsasında qələmə alınmış əsərdə dövrün hərbi-siyasi mənzərəsi, saray çəkişmələri, yaxınları və düşmənləri tərəfindən şaha qarşı hazırlanan sui-qəsdlər və digər hadisələr tarixi sənədlərə və faktlara istinadla şərh edilir.

 

Xatırladaq ki, akademik Ramiz Mehdiyev ingilis şərqşünası M.AksvörtininNadir şah” kitabının Azərbaycan nəşrinə yazdığı ön sözdə bu mövzu ilə bağlı təhlillər aparmışdı. OnunŞah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu”, “Şah İsmayıl Səfəvi: hökmdarın və döyüşçünün portreti”, “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabları Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıran, onu sənədlər əsasında tədqiq edən elmi nümunələrdir.

 

Müəllif yeni kitabında da Orta əsrlərə aid saray, yaxud rəsmi tarixşünaslığın mənbələri ilə yanaşı, Avropa qaynaqlarını dərindən öyrənməyin əhəmiyyətini vurğulayır: Nadir şah Əfşarın dövründə baş verən bir sıra siyasi proseslərin obyektiv şəkildə başa düşülməsi nöqteyi-nəzərindən böyük fatehin müasiri olmuş, xüsusilə də həmin dövrdə Yaxın Şərqdə fəaliyyət göstərmiş avropalıların qələmə aldıqları əsərlər, məktublar, gizli hesabatlar və digər mənbələr əvəzsiz dəyərə malikdir”.

 

Akademik diqqətə çatdırır ki, XVIII əsrin Ceyms FrazerConas Henvey kimi Qərb müəlliflərinin əsərləri, həmçinin o dövrün avropalı diplomat və missionerlərinin yazışmaları Azərbaycan dilinə tərcümə edilərək dərindən təhlil olunmadıqca biz nəinki Nadir şahın fəaliyyəti və qətli haqqında, həmçinin tariximizin bütöv bir mərhələsi barəsində olduqca dəyərli faktlardan məlumatsız qalacağıq. Bununla yanaşı, müəllif əldə edilən bütün məlumatları yoxlamağın, təhlil etməyin və yalnız bundan sonra onlara qiymət verməyin vacibliyini bildirir.

 

Nadir şahın şəxsi təbibi, keşiş Lui Bazinin qələmə aldığı iki irihəcmli məktub Avropa qaynaqları arasında əhəmiyyətinə və tarixi dəyərinə görə mühüm yer tutur. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, bu məktubların tarixi əhəmiyyətini səciyyələndirən üç əsas amil var.

 

Birincisi, 1741-ci ildə İrana gəlmiş keşiş Bazin illər ərzində Əfşarlar imperiyasında baş verən ictimai-siyasi, iqtisadi, hərbi prosesləri yaxından müşahidə etmək imkanı qazanmışdı. İkincisi, o, Nadir şahın şəxsi həkimi kimi fəaliyyətə başlayanadək missionerlik edirdi. Xristian missionerlərin başlıca missiyası etibarlı və geniş xəfiyyə şəbəkəsinin qurulması, hökmdarın yaxın ətrafına aid nüfuzlu əyanlarla sıx əlaqələrin yaradılması idi. Keşiş Bazinin həmin şəbəkənin ən bacarıqlı nümayəndələrindən biri olduğunu qeyd edən akademik diqqətə çatdırır ki, məktublarda Nadir şahonun qüdrətli imperiyası haqqında əksini tapan məlumatlardan bir çoxu o dövr üçün məxfi hesab olunurdu. Həmin qeydlər dövrün rəsmi tarixşünaslığı tərəfindən işıqlandırılmamış bir sıra mühüm məqamları görməyə və təhlil etməyə imkan yaradıb. Üçüncü və ən başlıca amil Lui Bazinin 1746-cı ilin dekabrından Nadirin ölüm gününədək böyük fatehin şəxsi təbibi vəzifəsində xidmət etməsi ilə əlaqədardır. Nadir şahın ömrünün son aylarını yaxından müşahidə etmək imkanı olan, ən əsası isə sui-qəsd haqqında ən müfəssəl məlumatı qələmə alan bir şəxsin yazdıqlarına etinasız yanaşmaq olmaz.

 

Lui Bazinin məktublarından məlum olur ki, o, bunları Nadir şahın ölümündən sonra Bəndər-Abbas şəhərində qələmə alıb və Yezuitlər ordenində yüksək rütbəli ruhani olan Rocer ataya ünvanlayıb. Birinci məktubda Nadir şah dövrünün hadisələri, şahın yüksəlişinin tarixçəsi, böyük fatehin psixolojifiziki xüsusiyyətləri ətraflı təsvir olunub. Lui Bazin yazırdı: “Onun uğurlarının yeganə mənbəyi sarsılmaz iradəsi və ciddi səylə çalışması idi. Belə yüksək mərtəbəyə qalxmasına görə yalnız özünə borclu idi. Təbiət ona insanı qəhrəman edən, hətta onlardan bəzilərini dahi hökmdarlara çevirən bütün ali keyfiyyətləri bəxş etmişdi”.

 

Birinci məktubda, həmçinin Bazinin böyük fatehin xidmətinə necə daxil olması, şahın xəzinəsi haqqında qiymətli məlumatlar öz əksini tapıb.

 

İkinci məktubda isə Nadir şahın qətlindən sonra Əfşarlar dövlətində baş verən hərbi-siyasi proseslərdən danışılır. Bazin öz məktublarına Nadir şahın düşərgəsinin təsvir olunduğu sxemi də əlavə etmişdi. Bu, məktub müəllifinin fəaliyyətinin əsl mahiyyəti ilə bağlı bir çox mətləbdən xəbər verir.

 

Kitabda Bazinin fəaliyyətinin bizim üçün hələ də qaranlıq qalmaqda davam edən məqamlarına dair akademikin qələmə aldığı fikirlər sadəcə ehtimallar və fərziyyələr üzərində qurulub. Bunu xüsusi vurğulayan alim oxucu və tədqiqatçıların bu qənaətləri qəbul edib-etməməkdə sərbəst olduqlarını yazır və bir mühüm məsələyə diqqət çəkir: Ancaq onlar bir faktı yaddan çıxarmamalıdırlar ki, müsəlman dünyasının qüdrətli imperiyalarının, demək olar ki, hamısının daxildən laxladılmasında, onların siyasi sisteminin dağıdılmasında, siyasi hərc-mərcliyin, saray çəkişmələrinin güclənməsində Avropadan gələn dini, ticaridiplomatik missiyaların fəaliyyəti olduqca böyük rol oynayıb”.

 

Qeyd edək ki, Bazinin məktubları ilk dəfə 1780-ci ildə Parisdə “Xarici missiyaların məlumatlandırıcı və maraqlı məktubları” adlanan çoxcildli sənədlər toplusununLevant xatirələri” adlanan IV cildində dərc edilib. Sonradan bu məktublar Qərb şərqşünaslarının Nadir şahonun dövrü haqqında apardıqları tədqiqatlarda ən çox istinad etdikləri qaynaqlardan birinə çevrilib. İki əsr sonra isə Parisdə yaşayan iranlı tədqiqatçı Əli Əsgər Həriri tərəfindən fars dilinə tərcümə olunaraq nəşr edilib. Sənədləri fransız və fars dilindən Fuad Həsənov, Əli Şükrü, Şahin Yəhyayev tərcümə ediblər.

 

Dövrün mühüm tarixi şəxsiyyətlərinə və hadisələrinə dair şərhlərin müəllifləri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov, hüquq üzrə fəlsəfə doktoru Cahangir Hüseynov-Əfşardır. Nəşrin redaktoru Yaşar Əliyevdir.

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşr edilən kitab geniş oxucu kütləsi, tarixçilər, mənbəşünaslar, eləcə də Azərbaycanın Orta əsrlər tarixi ilə maraqlananlar üçün qiymətli elmi mənbədir.

 

Mədəniyyət.- 2020.- 10 iyun.- S.7.