İspaniya jurnalında ölkəmizlə bağlı məqalələr

 

 

İspaniyanın “Diplomacia Siglo XXI” (“Diplomatiya XXI əsr”) jurnalının may buraxılışında ölkəmizlə bağlı geniş məqalələr dərc edilib.

 

Biz birlikdə güclüyük! – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev” sərlövhəli məqalədə bütün dünyanın COVİD-19 pandemiyası ilə üzləşdiyi bir vaxtda Azərbaycanın dövlət başçısının problemə strateji baxışı və risklərin zamanında dəyərləndirilməsinə əsaslanan uzaqgörən qərarları nəticəsində ölkəmizdə təxirəsalınmaz effektiv addımlar atılması barədə məlumat verilir.

 

Məqalədə xüsusi vurğulanır ki, Prezident İlham Əliyevin çağırışı və sədrliyi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, habelə Qoşulmama Hərəkatının Təmas qrupu formatında Zirvə görüşlərinin keçirilməsi, Dünya Səhiyyə Təşkilatına və Qoşulmama Hərəkatının ən çox yardıma ehtiyacı olan üzv-dövlətləri üçün maliyyə dəstəyinin ayrılması ölkəmizin regionalqlobal miqyasda koronavirus pandemiyasına qarşı həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verməsinin, Azərbaycanın etibarlı beynəlxalq tərəfdaş olmasının təzahürüdür.

 

“Şuşanın işğalından 28 il ötür...” başlıqlı məqalədə isə Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində yüzlərlə dinc sakinin öldürüldüyü və əsir götürüldüyü, Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulduğu barədə məlumat verilir. Qeyd olunur ki, təcavüzkar Ermənistan beynəlxalq humanitar hüququn tələblərini kobudcasına pozaraq, Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan xalqının tarixi-mədəni irsinin məhv edilməsi və şəhərin mədəni simasının dəyişdirilməsinə yönələn qanunsuz əməllərini bu gündavam etdirir.

 

Vurğulanır ki, Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalardan verdiyi bəyanatlarla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə Azərbaycanın qətiyyətli mövqeyini, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu daim dünya ictimaiyyətinin diqqətinə çatdırır.

 

Məqalədə ötən il Rusiyanın Soçi şəhərində keçirilmişValday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək, “Qarabağ - Azərbaycandır və nida işarəsi!” ifadəsi xüsusi olaraq vurğulanır.

 

Diplomatiya XXI əsr” jurnalı İspaniyanın dövlət orqanları, xüsusilə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər, habelə İspaniya Krallığının Latın Amerikası ölkələrindəki səfirlikləri arasında geniş yayılır.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.1;2.