Məktəblilər üçün onlayn mədəni irs platforması

 

İlk ekskursiya məkanı Qobustan Milli Tarix-Bədii Qoruğu olub

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Məktəblilər üçün onlayn mədəni irs platforması” layihəsinə start verilib. Proqramın interaktiv onlayn ekskursiyası ilk olaraq Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə həyata keçirilib.

 

Layihənin məqsədi karantin tədbirləri dövründə, həmçinin karantin rejimindən sonra məktəbliləri onlayn platformada mədəni irsimizlə, muzeylərlə, tarixi abidələrlə və qoruqlarla tanış etmək, uşaq və gəncləri ölkəmizin tarixinin, mədəniyyətinin və incəsənətinin daha dərindən öyrənilməsinə cəlb etməkdir.

 

“Məktəblilər üçün onlayn mədəni irs platforması”nın videobağlantı formatda açılışına beynəlxalq mədəni irs üzrə mütəxəssislər, xarici arxeoloqlar da qatılıb.

 

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxışında layihə barədə məlumat verib. O, layihənin davamlı olaraq keçiriləcəyini diqqətə çatdıraraq platforma çərçivəsində muzeylərin, tarixi abidələrin, qoruqların təbliğ edilməsinin əhəmiyyətini vurğulayıb.

 

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev layihənin ilk olaraq Qobustanda həyata keçirilməsinin önəmini qeyd edib. O, Azərbaycan ərazisində ən qədim mədəni irs məkanlarından olan Qobustanın UNESCO-nun Dünya irs siyahısına daxil edilməsindən bəhs edib. Bildirib ki, qədim tarixi əks etdirən qoruq hər zaman həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların diqqət mərkəzindədir.

 

Sonra Qobustan Milli Tarix-Bədii Qoruğunun direktor müavini Fikrət Abdullayev, Ukrayna Tarixi-ArxeolojiDaş məqbərələr” (“Kamennaya moqila”) Qoruğunun direktor müavini Olqa Penyova, Stenford Universitetinin professoru Sergiu Musteata (Moldova), “Tusi Bohmplanetariumun direktoru Famil Mustafa, “EkoSferaSosial-Ekoloji Mərkəzinin ekoloqu Abdin Abbasov çıxış ediblər. Onlar mədəni irs haqqında, xarici qayaüstü təsvirlər, Qobustan petroqlifləri, qoruğun zəngin biomüxtəlifliyi, astronomik bilgilərin formalaşmasında qayaüstü abidələrdə günəş və ulduzların qeyd olunması barədə danışıblar.

 

Layihə iştirakçılarına virtual olaraq qoruq əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə Qobustanın arxeoloji, mədəni, təbii abidələri haqqında, həmçinin qədim rəqs və musiqi mədəniyyətinin formalaşdığı ərazilər və “Qavaldaş” haqqında videoçarxlar təqdim olunub.

 

Xatırladaq ki, layihə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə mayın 18-dən 24-dək onlayn platformada reallaşanTürk dünyası muzeylərinin həftəsi” proqramının davamı olaraq həyata keçirilir.

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.3.