“Mənim qəhrəmanım sənsən”
COVİD-19 pandemiyası ilə qlobal mübarizə çərçivəsində beynəlxalq təşkilatların (Dünya Səhiyyə Təşkilatı, BMT-nin Uşaq Fondu, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyası və s.) tərəfdaşlığı ilə həyata keçirilən layihə üzrə “Mənim qəhrəmanım sənsən” adlı hekayə kitabı hazırlanıb.
Uşaqların koronavirus haqqında biliklərinin artırılması və onların psixoloji sağlamlığının qorunması məqsədilə ərsəyə gələn kitabla Azərbaycan dilində də tanış olmaq mümkündür.
Ölkəmizin Cenevrədəki BMT bölməsi və digər təşkilatlar yanında daimi nümayəndəliyinin və Dünya Səhiyyə Təşkilatının birgə təşəbbüsü ilə kitab DST-nin Azərbaycan nümayəndəliyi tərəfindən dilimizə çevrilib.
Kitabın Azərbaycan dilinə tərcüməsi layihənin icraçısı olan Təşkilatlararası Daimi Komitənin (İASC) fövqəladə vəziyyətlərdə psixoloji sağlamlıq və psixoloji dəstək üzrə qrupunun elektron portalında yerləşdirilib.
Layihədə 104 ölkədən valideynlər, müəllimlər, tərbiyəçilər və uşaqlar iştirak ediblər. Pandemiya zamanı uşaqların psixoloji sağlamlığı və psixososial ehtiyaclarını öyrənmək məqsədilə ərəb, ingilis, italyan, fransız və ispan dillərində beynəlxalq sorğu keçirilib. Hekayədəki mövzular həmin sorğunun nəticələri əsasında müəyyənləşdirilib. Kitabın məzmunu COVİD-19-un təsir etdiyi bir neçə ölkədəki uşaqlara nəql olunub. Daha sonra uşaqların, valideynlərin və müəllimlərin rəyləri əsasında hekayə nəzərdən keçirilib və yenilənib. Dünyanın hər tərəfindən 1700-dən çox uşaq, valideyn, tərbiyəçi və müəllim pandemiya ilə necə mübarizə apardıqları barədə danışıblar. Bu hekayə dünyanın hər yerindən olan uşaqlar tərəfindən və onlar üçün yazılıb.
Sara, Ario, Salem, Saşa, Leyla, Kim və onun dostunun dilindən söylənilən bu hekayə uşaqlara çox sadə məntiqlə, anlaşıqlı və bədii dillə koronavirus pandemiyası şəraitində riayət edilməsi vacib olan qaydaları izah edir. “Dünyada insanları koronavirusdan qoruyan xeyirxah həkimlər və tibb bacıları kimi nə qədər qəhrəman var. Ancaq sən hər gün, hər birimizin qəhrəman ola biləcəyini mənə xatırlatdın və mənim ən böyük qəhrəmanım sənsən!” sonluğu ilə bitən hekayə uşaqların maarifləndirilməsi, onlara psixoloji dəstək, mövcud situasiyada özünəinam keyfiyyətini aşılamaq baxımından dəyərli nümunədir.
Ssenari müəllifi Helen Patuk olan
hekayəni Azərbaycan dilinə Sevinc Abdullayeva və Fənarə Bünyadzadə tərcümə
edib. Redaktor Fatma Hüseynovadır. “Mənim qəhrəmanım
sənsən” kitabının uşaqlara valideyn, tərbiyəçi və ya müəllim tərəfindən
oxunması tövsiyə edilir.
Mədəniyyət.- 2020.- 12 iyun.-
S.3.