Bizi birləşdirən mədəniyyət”də növbəti musiqili efir

 

Bizi birləşdirən mədəniyyət” layihəsinin Beynəlxalq Muğam Mərkəzindən canlı efirləri davam edir. Musiqili proqramlar “Mədəniyyət” telekanalı və sosial şəbəkələr vasitəsilə yayımlanır.

 

İyunun 10-da gerçəkləşən proqram Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Muğam kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanovun yaradıcılığına həsr olunub. Xanəndə əməkdar artistlər Əliağa Sədiyev (tar), Toğrul Əsədullayev (kamança) və Kamran Kərimovla (nağara) birgə canlı efirdə qonaq olub.

 

Verilişdə Teyyub Aslanovun yaradıcılıq yoluna nəzər salınıb. Xanəndə sənətə gəlişi, ona dərs deyən görkəmli xanəndə-pedaqoqlarla bağlı xatirələrini bölüşüb.

 

Canlı efirdə xanəndənin pedaqoji fəaliyyəti, yetişdirdiyi tələbələrlə bağlı söhbət açılıb. Onun hazırda pedaqoq kimi çalışdığı ADMİU-nun fəaliyyətindən, Muğam televiziya müsabiqələrində tələbələrinin uğurlarından bəhs edilib.

 

T.Aslanov vurğulayıb ki, muğam sənəti bizə dədə-babalarımızdan miras qalıb, bundan sonra da yaşayacaq: “Məqsədimiz odur ki, bu sənəti gənclərimizə öyrədək və onlar da yetişməkdə olan gənc nəslə ötürsünlər. Birinci vitse-prezident Mehriban Əliyevanın muğama olan diqqət və qayğısı nəticəsində bu sənət hazırda özünün ən yüksək inkişaf dövrünü yaşayır. Neçə illərdir ölkəmizdə beynəlxalq və respublika səviyyəli muğam müsabiqələri keçirilir. Bu müsabiqələrdə neçə-neçə istedadlı xanəndələrimiz yetişibbu proses davam edir”.

 

Xanəndə Heydər Əliyev Fondunun dəstəyi ilə beynəlxalq aləmdə muğam sənətimizin təbliği ilə bağlı həyata keçirilən və özününiştirak etdiyi layihələrlə bağlı məlumatı diqqətə çatdırıb.

 

Veriliş boyu xanəndənin ifasını müşayiət edən sənət dostları birgə əməkdaşlıqlarından məmnunluqlarını ifadə ediblər. Ölkəmizdə və xaricdə böyük maraqla qarşılanan Nəsiminin xatirəsinə həsr olunmuş “Bahariyyə. Muğam müasirliklə dialoqda” layihəsinin əhəmiyyəti vurğulanıb.

 

Verilişdə T.Aslanov yeni repertuarla çıxış edib. ProqramdaMahur təsnifləri” silsiləsindən parçalar, həmçinin bəstəkar mahnıları yer alıb.

 

LALƏ

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.3.