“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası”ndan yeni cild

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq sahəsində layihələrindən olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının “Səlim Rəfiq Rəfioğlu. Füzuli” adlı üçüncü cildi işıq üzü görüb.

 

İnstitutdan bildirilib ki, kitaba Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən Səlim Rəfiq Rəfioğlunun (1905-1980) “Füzuli” adlı doktorluq dissertasiyası daxil edilib. Səlim Rəfiqin ilk dəfə nəşr edilən bu araşdırması özünün mövzu, problematika və əhatə dairəsi baxımından mükəmməlliyi ilə seçilir. Əsərdə Məhəmməd Füzulinin həyatı, yaradıcılığı, fəlsəfi görüşləri və başqa problemlər toplu halında tədqiq edilib. Müəllifin 1940-cı illərdə qələmə aldığı bu əsərdə araşdırılan bir çox məsələlər bugünkü füzulişünaslığımız üçünöz aktuallığını qoruyub saxlamaqdadır.

 

Səlim Rəfiq Rəfioğlu 1905-ci ildə Gəncədə doğulub. Gəncənin məşhur Rəfibəylilər nəslindəndir. 1930-cu ildən Türkiyədə yaşayıb. 1980-ci ildə İstanbulda vəfat edib.

 

Kitabı əlyazma əsasında nəşrə hazırlayan, ön söz, qeyd və şərhlərin müəllifi Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

 

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının baş redaktoru Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, cildin məsul redaktoru institutun Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlıdır.

 

 

Mədəniyyət.- 2020.- 12 iyun.- S.7.