Qara adamların “Yaşıl
kitab”ı
Yaxud Corc Floydu öldürən kino
Son günlər Amerika Birləşmiş
Ştatlarında baş verən çaxnaşmalardan yəqin
hər kəs xəbərdardır. Səbəb isə sadə və
köhnədir: ölkənin irqçi polisi afroamerikalı
Corc Floyda zor tətbiq etməklə onun ölümünə
səbəb olub. Buna etiraz edən milyonlarla insan
ağ-qara harmoniyası yaradaraq üsyana qalxıb. Mənsubiyyətindən, mövqeyindən
asılı olmayaraq, dünyanın hər yerindən buna
etirazlar yüksəlib və ağ-qara fondakı bu
qırmızı söhbət yenidən təzələnib
gün üzünə çıxıb.
Təbii ki, irqçilik, dərisinin rənginə
görə qiymətləndirilən amerikalıların
incidilməsi, təhqir olunması, tənələrə məruz
qalması ilk hal deyil və dünyanın ən güclü
dövləti bu problemi illərdir həll edə bilmir. Düzdür,
Amerika ədəbiyyatı, incəsənəti, xüsusən
də ideologiya maşınına çevrilən kinosu bunu hər
zaman pisləyən, əslində isə problemi
ört-basdır edən nümunələr yaradır. Fikir vermisinizsə, əksər filmlərinin müsbət,
güclü, humanist, xilaskar simalarından mütləq biri
qaradərili olur və guya beləcə bu
ayrı-seçkiliyin kökünə balta vurulur. Amma bütün hallarda məsələni səmimi,
köklü həll edə bilmirlər. Birmənalı olaraq “ağ”larla
“qara”ların münasibəti Amerika kinosunun həssas
mövzusudur.
Elə götürək haqqında
danışacağımız “Yaşıl kitab” filmini.
Film amerikalı bəstəkar, caz və klassik musiqi
pianoçusu Don Şirlinin həyatından bəhs edir. Qaradərili musiqiçi və
onu bir qastrol səfərində müşayiət edən
ağdərili sürücü-cangüdənindən bəhs
edən film 2018-ci ildə ekranlaşdırılıb.
Yüksək intellektə və istedada malik qaradərili
musiqiçi Don Şirli və çoxdanışan, adi etiket
qaydalarından tamam uzaq ağdərili Toni Vallelonqanın (Toni
Lip) 1962-ci ildə ABŞ şəhərlərinə səyahətləri
haqqındakı real yaşanmış hadisələr toplusu
olan bu ekran işi özünün ideya yükü
baxımından da ağır təsir yaradır.
Filmin qısa məzmunu belədir: Toni gecə klubları
və kazinolarda mühafizəçi işləyən
ortayaşlı kişidir. Sadə, sakit, sevgi dolu
ailəsi, onu çox sevən xanımı və iki oğlu
var. Valideynləri, qardaşları ilə mehriban
yaşayırlar. Toni hər kəsin
sevimlisidir. Çünki başqalarına
görə fədakarlıq, nəticəsini bilmədən
mübarizəyə atılmaq qabiliyyəti var. Dostlarının
“Çərənçi” adlandırdıqları Toni istənilən
mövzuda boşboğazlıq etməkdə də mahirdir.
Bütün bunlara rəğmən heç kimə
pislik eləməyəcək qədər saf adamdır. Elə buna görə də gecə klubundakı
işini itirir. Milad bayramı öncəsi
işsiz qalan Toniyə günlərin bir günü köhnə
tanışı zəng edərək tanınmış
musiqiçinin özünə qastrol səfəri
üçün sürücü axtardığını xəbər
verir. Toni tezliklə qaradərili musiqiçi Don (Donald)
ilə tanış olur. Nəhayət,
səfər baş tutur və bu ağır, macəra dolu
qastrolun sonu ömürlük dostluqla bitir.
Gələk ekran işinin ideya həllinə. Bioqrafik
dram-komediya janrlarını birləşdirən filmin
quruluşçu rejissoru Piter Farrellidir. 2 saat 10 dəqiqəlik film
“Universal Pictures”ə 23 milyon dollara başa gəlib.
2019-cu ilin “Oskar” mükafatlandırılmasında “Ən
yaxşı film” (Peter Farrelli) nominasiyasında qalib olan
“Yaşıl kitab” hələ də tənqidçilər tərəfindən
birmənalı qarşılanmır. Onların fikrincə,
ancaq problemli yol əhvalatı olan bu film rasizmə haqq
qazandıran «populist güc balladası» və təhrif
yığınıdır.
Bəziləri Farellini kitabda açıq yazılan hadisələrə
geniş yer vermədiyinə görə tənqid edirlər. Onlar deyir ki,
kitab qanuni ayrı-seçkiliyin nümunəsi və bir
ölkənin öz vətəndaşlarına nifrət
toplusudur. Lakin rejissor hesab edir ki, filmdə
ürəkağrıdan yüngüllük dəhşətli
ayrı-seçkiliklə tarazlıq yaradır. O deyir ki,
əsl həyat hekayəsi və dostluq bəşəriyyətin
universal anlaşmasının göstəricisidir. Bu mənada məsələ iki insanın münasibətləri
fonunda çox cılızdır və mahiyyət etibarilə
hər iki obraz bir-birinin tamamlanmış ifadəsidir.
Filmin ağ adamların prizmasından çəkildiyini,
auditoriyasının öz keçmiş günahları ilə
bağlı rahatlıq tapmasına kömək, bəraət
jesti olmasını nəzərə alsaq, bu,
başadüşüləndir.
Bu və
daha artıq fikir ayrılıqlarına rəğmən film ümumilikdə bir
insanlıq dramı kimi təsirli alınıb. Ən
azından tamamilə müxtəlif təbəqələrdən
olan iki şəxs – məşhur afroamerikalı pianoçu ilə
Nyu-York şəhərindən olan italyan mənşəli sadə
gözətçi arasındakı bu səmimi dostluq təsirli
boyalarla təqdim edilib. Məsələn,
elə götürək filmin əvvəlində Toninin ona təqdim
olunan “Yaşıl kitab”a münasibətini. Bildiyiniz kimi,
bu adda kitab (“The Green Book” – qaradərili sürücülər
üçün yol bələdçisi) 30 il
(1936-1966) müddətində on minlərlə tirajla çap
olunaraq qaradərililərin vacib məlumat mənbəyinə
çevrilib. Bu məlumat kitabçası
olmadan onların Amerikanın bir sıra ştatlarında rahat
hərəkəti, demək olar ki, mümkünsüz idi.
Elə zəvzək Toni və onun xanımı
da bu kitabın mövcudluğuna etiraz edərək onu axmaq
addım adlandırırlar.
Filmin aktyor seçimi də uğurlu alınıb. Daim müsbət
qəhrəman Viqo Mortenson (Toni Vallelonqa) və teatrla kinonu
paralel olaraq yaradıcılığında uğurla
inkişaf etdirən Maherşala Əlinin (Don Şirli) tandemi təbiidir.
Onlar biri digərini başa düşməkdə
və dostluğun təsvir olunmasında mükəmməl bir
tarazlıq yaradıblar.
Viqo Mortensonun Tonisi əmin, səmimi, güclü
xarakterlidir. Hərəkətlərinə cavabdeh deyil və
heç kimi vecinə almır.
Maherşala
Əlinin canlandırdığı Don – Leninqrad
Konservatoriyasında yüksək klassik musiqi təhsili alan, qaradərili caz pianoçu həmkarlarına
bənzəmək istəməyəm, nəinki musiqiçi,
öz millətindən olan heç kimlə, hətta
qardaşı ilə əlaqəsi olmayan, anasını itirməsi
ilə bütünlükdə soyundan imtina edən gənc
öz obrazında xeyli məmnundur. O, dəbdəbəli mənzildə,
əntiq əşyalarla dolu evdə tək yaşayır, daim
səliqəli, mədəni və təmkinlidir. Özünəməxsus
qatı qaydaları da var. SSRİ-də qalmayan, ona təklif
edilən geniş imkanlara məhəl qoymayıb öz vətəninə,
ona aid, amma onun aid edilmədiyi Amerikaya qayıdan və bütün
varlığıyla musiqi ilə məşğul olan mübarizdir.
Kifayət qədər də tanınıb
sevilir. Amma səhnədə.
Bu təzad filmdə elə ustalıqla sistemləşdirilib
ki, sən rejissorun fikrini, ümumən məsələyə
münasibətini qəti ayırd edə bilmirsən. Film boyu biz
tamaşaçı olaraq bu ikiləşmədə, qapqara
dolanbaclarda itib-batdıqca vəziyyəti Toninin xoş, sadəlövh,
bəzən də axmaq hərəkətləri dəyişir.
Filmdə rejissorun hansı qəhrəmanı daha
çox sevdiyini, hansı vurğunu qabartdığını
ayırd etmək bəzən o qədər çətin olur
ki, onu mühakimə etməyə bilmirsən. İstər-istəməz
təhriflər, ortadakı boşluq və mükəmməl
montajın sonluğu səni düşündürür.
Xüsusən filmin sonu – Donun Toninin evinə qonaq gəlməsi
və ev sahibəsi ilə yüz ilin dostu
kimi qucaqlaşması. Deməli, Don Şirli yenə
də onların, ağdərililərin yanında xoşbəxtdir.
Hərçənd doğma qardaşı həsrətlə
onun yolunu gözləyir, elə qaradərili adamların
toplaşdıqları musiqi məkanları da. Belə çıxır ki, ya Şirli riyakardır,
ya da filmin yaradıcı heyəti.
Bu təyinlərdən fərqli olaraq filmin ssenari müəllifi,
Toninin oğlu Nik Vallelonqa sırf atasının ona
danışdığı hekayəni qələmə
aldığını və hər vəchlə Don Şirliyə
sevgisini ifadə etməyə
çalışdığını deyir.
Amma Şirli ailəsi bundan məmnun deyil. Onlar film
yaradıcılarının faktlarla bağlı ciddi səhvlərə
yol verdiklərini deyir və təpədən-dırnağa
bir qaradərili hekayəsinin ağdərili obrazın dili ilə
nəqlinə etiraz edirlər.
Ümumilikdə real həyat hekayəsi üzərində
çəkilən bu film tanınmış bir musiqiçi ilə
kobud bir sürücü arasındakı əsl dostluqdan
danışdığına görə, nə qədər
maraqlı olsa da, insan münasibətlərinin
psixodinamikası baxımından çox gərgindir. Film boyu təhqir olunan
super-istedadlı qara, hər zaman müdafiə mövqeyində
olan yeknəsəq ağbənizli adam var və onlar gah bir-birləri
ilə, gah da qarşılaşdıqları adamlarla
mübahisə edirlər. Zamanla bir-birlərini
aşağılayan tənqidlərə də gedib
çıxırlar ki, bu detal da rejissorun təzadlı
münasibətinin xronikası kimi anlaşılmaz qalır.
Rejissorun özünün də ayırd edə bilmədiyi münasibətə bir detalla da aydınlıq gətirək: Piter Farrelli mükafatı qəbul edən zaman söylədiyi nitqdə filmin sevgidən qaynaqlandığını desə də, ömrü boyu musiqisi ilə könülləri oxşayan və bütün həyatı boyu irqçi ayrı-seçkiliyə üsyan edən Don Şirliyə təşəkkür etməyi unudur. Elə üzüqara “Yaşıl kitab”a etirazı da. Deməli, o, yaradıcılığının yaşıl işığı olan bu “Yaşıl kitab”a borclu qalacaq. Sözün bütün mənalarında...
Həmidə NİZAMİQIZI
Mədəniyyət.- 2020.- 12 iyun.-
S.7.