Xalq rəssamı Mayis Ağabəyov dünyasını dəyişib

 

 

Azərbaycan mədəniyyətinə itki üz vermişdir. Respublikanın Xalq rəssamı Mayis Ağabəyov 2020-ci il iyun ayının 17-də 79 yaşında vəfat etmişdir.

 

Mayis Əlişir oğlu Ağabəyov 1 may 1941-ci ildə Bakıda anadan olmuşdur. O,1961-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmiş və təhsilini Moskvada davam etdirmişdir. 1969-cu ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsini bitirmişdir. Təhsil aldığı illər ərzində M.Boqdanovun kursunda kino sənətinin incəliklərini öyrənmişdir. Ümumittifaq Kinematoqrafiya İnstitutunu bitirdikdən sonra C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur.

 

İstedadlı rəssam 1965-ci ildən başlayaraq bir sıra beynəlxalq və respublika sərgilərində kino eskizləri və rəngkarlıq əsərləri ilə iştirak etmişdir. İlk fərdi sərgisi 1988-ci ildə Bakıda keçirilmişdir. 1996-ci ildə Türkiyənin İstanbul, 1994-cü ildə Fransanın Avinyon, 2000-ci ildə Böyük Britaniyanın London şəhərlərində təşkil olunan beynəlxalq sərgilərdə əsərləri uğurla nümayiş olunmuşdur. 2002-ci ildə Bakı İncəsənət Mərkəzində, 2005-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda fərdi sərgiləri keçirilmişdir. Rəssamın 70 illik yubiley sərgisi 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmişdir.

 

1996-cı ildə pedaqoji fəaliyyətə başlayan Mayis Ağabəyov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, 2000-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq kafedrasının professoru idi.

 

Monumental, tarixi filmlərin quruluşçu rəssamı olan Mayis Ağabəyov, eyni zamanda “Filmdə rəssamın rolu” kitabının (2008) müəllifidir. Rəssam “Babək”, “Nəsimi”, “Nizami”, “Nə gözəldir bu dünya”, “Özgə vaxt”, “Qətl günü”, “Şirbalanın məhəbbəti”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Həyat bizi sınayır”, “Ürək...Ürək...”, “Günaydın, mələyim!” kimi filmlərə tərtibat vermişdir. O, həmçinin rəngkarlıq və qrafika (“Ədəbi motiv”, “Qızılquş ovu”, “Ailə”, “Dua”, “Rəssam və model”, “Novruz”, “Şərq qadınları” və s.), kiçik həcmli plastika əsərləri (“Ana”, “Atlı qız”, “Toreador”, “Model”) yaratmışdır.

 

Mayis Ağabəyovun bədii yaradıcılıq və pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. Sənətkar 1990-cı ildə “Əməkdar rəssam”, 2000-ci ildə “Xalq rəssamı” fəxri adlarına layiq görülmüş, təsviri sənət nominasiyasında “Humaymilli mükafatını (2012) almışdır.

 

Rəssamın əsərləri Moskvada Şərq Xalqları Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Bakı İncəsənət Mərkəzində, həmçinin Fransa, Türkiyə, İngiltərə, Avstriya, Almaniya, Yaponiya, İspaniyaRusiyada şəxsi kolleksiyalarda saxlanılır.

 

Sənətkarın xatirəsi onu tanıyanların, həmkarlarının, sənətsevərlərin yaddaşında daim yaşayacaqdır.

 

Allah rəhmət eləsin.

 

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

 

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.2.