Heydər Əliyev mərkəzlərinin elmi işçiləri üçün növbəti təlim

 

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən yeni tədris modulları əsasında təşkil olunan ixtisasartırma təlimləri davam edir. “Bölüşərək zənginləşək” şüarı altında təşkil olunan ixtisasartırma kurslarının 2-ci mərhələsinə start verilib.

 

İyunun 18-də Heydər Əliyev mərkəzlərinin elmi işçiləri üçün “ZOOM” proqramı vasitəsilə rəqəmsal təlimlər keçirilib. MEMİM-in Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova “Heydər Əliyev siyasi fəaliyyətinin virtual olaraq təbliğində elmi işçilərin rolu”, “Heydər Əliyev və nitq mədəniyyəti” mövzularını, Tədris proqramları sektorunun müdiri Aygün Hüseynova “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi kimi”, Təlimin təşkili sektorunun müdiri Samirə Cəlilova “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, Metodiki şöbəsinin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Heydər Əliyev mərkəzlərində ekspozisiya işinin təşkili” mövzularını təqdim ediblər.

 

Ağcabədi, Ağdam, Salyan, Kürdəmir, Neftçala, Biləsuvar, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayon Heydər Əliyev mərkəzlərinin elmi işçiləri, həmçinin Xaçmaz, Ağcabədi və Biləsuvar regional mədəniyyət idarələri əməkdaşlarının qatıldığı təlimin dinləyicilərinə  MEMİM tərəfindən elektron sertifikatlar təqdim olunacaq.

 

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.2.