Tağıyevin ev-muzeyinin yenidənqurmadan sonra açılışı olub

 

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində bu tarixi binada onun sahibiböyük mesenat Hacı Zeynalabdin Tağıyevin ev-muzeyinin ekspozisiyası yenidən qurulub. İyunun 17-də ev-muzeyin bərpa və yenidənqurma işlərindən sonra açılışı olub.

 

Tədbirdə MATM-ın direktoru, akademik Nailə Vəlixanlı diqqətə çatdırıb ki, 1920-ci ildə yaradılan dövlət muzeyi Azərbaycan xalqının tarixini əks etdirən maddi sərvətin ekspozisiya və sərgilərdə nümayişi, təbliği, toplanması, mühafizəsi, tədqiqi və nəşri ilə məşğuldur. Muzeyin fondlarında 300 mindən artıq eksponat var. 9 zalı olan muzeydə binanın sahibi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyi də fəaliyyət göstərir.

 

Nailə Vəlixanlı vurğulayıb ki, məşhur sahibkar və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixinin ən parlaq şəxsiyyətlərindən biridir. XIX əsrin sonu – XX əsrin əvvəllərində tariximizdə elə bir önəmli hadisə olmayıb ki, Tağıyev orada iştirak etməsin. Hazırda Hacı Zeynalabdin Tağıyevin vaxtilə mülkü olmuş binada yerləşən Milli Azərbaycan Tarixi Muzeyi onun zəngin irsinin öyrənilməsi və populyarlaşdırılması istiqamətində də işlər görür, kitablar nəşr etdirir, müxtəlif tədbirlər keçirir.

 

Sonra qonaqlar Tağıyevin ev-muzeyi ilə tanış olublar.

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.1.