“Sənə nağıl danışım”

   

 

Müsabiqənin qalibləri elan edilib

 

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində keçirdiyi “Sənə nağıl danışım” adlı nağıl müsabiqəsinə yekun vurulub. Müsabiqə 7-13 yaşarası uşaqları əhatə edib. Balacaların koronavirus, ümumilikdə xəstəliklərlə bağlı bilgi və təəssüratlarını öyrənmək məqsədilə reallaşan yarışmaya 483 nağıl təqdim olunub.

 

Yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti tərəfindən 10 ən yaxşı nağıl seçilərək müvafiq yerlər üzrə sıralanıb.

 

Şah yuxuda olanda” nağılı ilə Ülvi Hüseynli 1-ci, “Hay tayfalarından cadugərin nağılı” ilə Ayhan Anaroğlu 2-ci, “Taclı məxluqun əhvalatı” nağılı ilə Paşa Ömər 3-cü yeri tutub.

 

Müsabiqənin şərtinə görə, ilk üçlüyə daxil olan nağıllar əsasında bir tamaşa hazırlanıb mövsümün sonunadək teatrsevərlərə təqdim ediləcək.

 

Seçilən digər yeddi nağılın müəllifinə isə müsabiqənin iştirakçı diplomları təqdim olunacaq. Bunlar “Xoşbəxtlik diyarı” (Yusif Zamanlı), “Yaxşılıq itmir” (Fəxrəddin İmaməliyev), “Leylanın arzuları” (Leyla Vəlizadə), “Əlinin yuxusu” (Vüsal Davudlu), “Qüsursuz həyat” (Sabir Seyidov), “Nənə və siçan” (Könül Məmmədova) və “Qırmızı velosiped” (Ayan Məmmədli) nağıllarıdır. Münsiflər heyətinin balaca nağılçılar arasından seçdikləri yeddi nağıl arasından ən çox oxunan nümunəyə də təşkilatçılar tərəfindən diplom təqdim ediləcək.

 

Qeyd edək ki, müsabiqə koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə dəstək məqsədilə təşkil edilib.

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.4.