“Azərbaycanım” uşaq
rəsm müsabiqəsinin virtual yekun sərgisi açılıb
“Azərbaycanım” III Respublika uşaq rəsm festivalı çərçivəsində elan olunmuş rəsm müsabiqəsinin yekun sərgisi bu dəfə virtual formatda təqdim olunub. Müsabiqədə seçilmiş rəsm əsərləri Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin “Facebook” və “İnstagram” səhifələrində nümayiş olunur.
Qeyd edək ki, müsabiqə Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib. Layihənin məqsədi rəssamlıq istedadına malik olan uşaq, yeniyetmə və gənclərin yaradıcı duyğularını və bədii zövqünü inkişaf etdirmək, onların yaradıcılığını stimullaşdırmaq, uşaqlarda əhatə olunduqları mədəni mühitə münasibət formalaşdırmaq, Vətənə məhəbbət hisslərini aşılamaqdır.
Müsabiqə üç yaş kateqoriyası (5-12, 12-17, 17-21) üzrə keçirilib. Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin “Facebook” və “İnstagram” səhifələrində I-III yerlərə layiq görülən, eləcə də həvəsləndirici mükafat qazanan əl işləri və müəllifləri təqdim olunur.
5-12 yaş qrupunda I yeri Cəlil Kərimli (3 saylı Uşaq-gənclər inkişaf mərkəzi), II yeri Rauf Quluzadə (Xətai uşaq rəsm yaradıcılıq studiyası), III yeri Səma İsmayılova (F.Əmirov adına İncəsənət məktəbi) qazanıb.
12-17 yaş qrupunda Əsmər Məmmədova (1 saylı Uşaq-gənclər inkişaf mərkəzi), Əli Qasımov (2 saylı İncəsənət məktəbi) və Namiq Xammədli (Biləsuvar rayon Xırmandalı kənd İncəsənət məktəbi) ilk üç yerin sahibi olublar.
17-21 yaş qrupunda isə I yerə Nərmin Mahmudova (Qazax Dövlət Rəsm Qalereyası), II yerə Çinar Hacıyev (Naxçıvan Müəllimlər İnstitutu), III yerə Zümrüd Abbaszadə (Lənkəran şəhər 7 saylı tam orta məktəb) layiq görülüblər.
Bundan əlavə, hər yaş qrupu üzrə həvəsləndirici mükafatların sahibləri də müəyyən edilib. Həmçinin yekun sərgi üçün seçilmiş bütün əl işləri virtual formatda təqdim olinur.
Qeyd edək ki, ənənəvi “Azərbaycanım” Respublika uşaq rəsm müsabiqəsi bu il pandemiya və karantin rejimi səbəbindən onlayn formatda gerçəkləşib. İştirakçılar (5-21 yaş) Xətai Sənət Mərkəzinin saytında (www.xsm.az) müvafiq linkə daxil olmaqla qeydiyyatdan keçib və 1-2 əl işinin fotosunu yükləməklə müsabiqəyə təqdim ediblər.
Nəzərinizə çatdırırıq ki, layihənin media dəstəkçilərindən biri də “Mədəniyyət” qəzetidir.
Mükafatçılar hədiyyə və diplomlarını, yekun sərgidə əl işləri nümayiş olunan hər kəs iştirakçı diplomunu, fəal tədris mərkəzləri isə təşəkkürnamələrini Xətai Sənət Mərkəzindən götürə bilər.
LALƏ
Mədəniyyət.- 2020.- 19 iyun.-
S.5.