Bir az
da “Teatral” olaq...
Elektron media, həyatımıza
istədiyimizdən də
artıq müdaxilə
edən sosial şəbəkələr və
videoproqramlar müsbət
tərəflərlə yanaşı
müəyyən fəsadlar
da yaradır. Yaşadığımız pandemiya dövründə
internet dünyasından asılılıq
özünü daha qabarıq göstərir.
Bir sıra
fəaliyyət istiqamətləri,
daha çox da tətbiqi yaradıcılıq növləri
bu müstəvidə
özünün zəif
tərəflərini büruzə
verir. Xüsusən canlı sənətlər,
ələlxüsus da
teatr. Deməli, internet mediasında onlayn teatr formatından
öncə onlayn teatr mediası formalaşdırmaq lazım
idi. Belə olduqda həm teatr ictimaiyyəti, həm də elə tamaşaçılar
buna hazır olacaqdılar...
Bu istiqamətdə dünyada
və ölkəmizdə
fərqli fikirlər olsa da, ümumi
təyin təxmini eynidir: klassik sənətin, xüsusən
də teatrın bu vəziyyətdə uduzmaması və inkişafı üçün
internet mediasını unutmamalıyıq.
Belə olduqda teatrın
“indi və burada” prinsipi o müstəviyə də yönəlməlidir. Bir də
ümumilikdə ölkəmizdə
teatra müstəqil proqramlar formatında telekanallarda efir ayrılması məsələsi
var. Etiraf edək ki, teatrın nəinki nəzəri problemlərinin təhlilini,
heç sistemli təbliğatını quracaq
proqramlar, demək olar ki, yoxdur.
Düzdür, internet mediasında müəyyən
cəhd xarakterli saytlar, sosial şəbəkələrdə səhifələr var. Bunun
yetərli olmadığını
düşünənlər onların sırasına növbəti layihəni –
“Pressklub TV” internet televiziyasını
əlavə ediblər.
Beləliklə, artıq ayda iki dəfə olmaqla bu internet mediasının köməyi
ilə teatr, onun problem və perspektivləri mütəxəssislərin
müzakirəsində ekrana
çıxacaq. “Teatral” adı verilən ictimai müzakirə proqramı Azərbaycanın
mədəniyyət həyatının,
xüsusən teatrın müxtəlif
məsələlərini işıqlandıracaq.
Verilişin ideya müəllifi,
rejissor Tahir Tahiroviç “Teatral”ın
yaranma zərurətindən
danışdı: “Bu gün
ölkənin ictimai-siyasi
və sosial həyatında gedən proseslər bəzən cəmiyyətin diqqətini
humanitar-mədəni sferada
gedən proseslərdən
yayındırır. Bəzən həm
ənənəvi medianın,
həm də internet mediasının lazımınca
diqqət yetirməməsi
səbəbindən ekranlarda,
saytlarda, qəzet-jurnal
səhifələrində mədəniyyətin
bu və ya başqa sahələrinin
problemləri lazımınca
işıqlandırılmır. Sayı gündən-günə artan
internet TV-ləri, “Youtube”
kanalları da siyasi mövzulara aludəçilik göstərərək,
mədəniyyət məsələlərinə,
teatr, kino və digər vizual sənətlərə
diqqət yetirmirlər.
Bütün bunları nəzərə
alaraq “Pressklub TV” “Aranfilm” studiyası ilə birlikdə “Teatral” mədəniyyət
proqramı açmağa
qərar verib. Ölkəmizin mədəniyyət
həyatına aid problemləri
işıqlandıracaq proqram
hazırda həftəaşırı,
payızdan isə həftəlik efirə çıxacaq”.
Rejissor verilişdə ölkəmizin
mədəniyyət sahəsindəki
nailiyyətlərlə yanaşı,
dünya mədəniyyətində
gedən proseslər, vacib kulturoloji problemlər, həmçinin
mədəni tərəqqiyə
mane olan nöqsanlar barədə də söhbət açılacağını
dedi.
“Teatral”ın aparıcısı,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, teatrşünas
Vidadi Qafarlı da belə bir
proqramın yaradılmasından
və işin ona həvalə edilməsindən məmnunluqla
danışdı: “Biz informasiya
cəmiyyətində yaşayırıq
və bütün informasiya resurslarından istifadə etməklə təmsil etdiyimiz peşənin təbliği
ilə məşğul
olmalıyıq. Teatrın buna
xüsusilə ehtiyacı
var. Əslində, bu formatda veriliş ideyası çoxdan olsa da, texniki
baxımdan reallaşdıra
bilmirdik. Bu layihədən mənə
təklif gələndə
çoxdankı arzumun
reallaşmasına sevindim
və məmnuniyyətlə
razılıq verdim”.
Hələlik iki sayı efirə gedən verilişin sənətsevərlər,
teatr ictimaiyyəti tərəfindən maraqla
qarşılandığını deyən V.Qafarlı əsas məqsədlərinin
təkcə teatr yox, ümumən mədəniyyət sahəsi
ilə bağlı problemlərə işıq
tutmaq olduğunu deyir: “Dominantlığı
teatr mövzusu təşkil etsə də, bütövlükdə
sənətlə bağlı
mövcud problemləri
qaldıracaq və onların həlli yollarını tapmağa çalışacağıq”.
Onu da qeyd edək ki, 45 dəqiqəlik verilişdə hər dəfə iki qonağın iştirakı
ilə bir mövzu müzakirəyə
çıxarılır və
onun həlli istiqamətlərində fikir
mübadiləsi aparılır.
HƏMİDƏ
Mədəniyyət.- 2020.- 19 iyun.-
S.5.