Növbəti canlı efirdə Xan Şuşinski yad edilib

 

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti canlı efirinin qonaqları xalq artistləri – tarzən Ramiz Quliyev, xanəndə Mənsum İbrahimov, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva-Cavanşirova və xanəndə Kamilə Nəbiyeva olub.

 

Veriliş muğam sənətimizin ustadı, görkəmli xanəndə Xan Şuşinskiyə həsr olunub. Xanəndənin qızı Bəyimxanım Verdiyeva-Cavanşirova ustad sənətkarları yad etdiyinə görə “Mədəniyyət” kanalı və BMM-ə təşəkkürünü ifadə edib, atası ilə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, görkəmli xanəndələr və musiqiçilər daim evlərinin qonağı olublar. B.Verdiyeva-Cavanşirova Şuşaya səfərlərini və həmin bəxtəvər günləri də yada salıb.

 

Xalq artisti Ramiz Quliyev insanların mənəvi dünyasına xidmət edən verilişi təqdirlə qarşıladığını deyib. O, Xan Şuşinski ilə ilk dəfə 1964-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında tanış olduğunu bildirib, görkəmli xanəndə ilə bağlı xatirələrini danışıb.

 

Xalq artisti Mənsum İbrahimov Xan Şuşinski yaradıcılığının xüsusiyyətlərindən söz açıb. Onu muğam sənətimizin simvolu kimi xarakterizə edərək vurğulayıb ki, İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin Xanı olub. Xanəndənin repertuarında “Mahur-hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də yer alıb. O, xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onlara yeni çalarlar əlavə edib. Xan Şuşinskinin öz  mahnıları da var. Çox zaman xalq mahnıları kimi təqdim olunan mahnıların müəllifi Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri də Xan Şuşinskiyə məxsusdur.

 

Xanəndənin qızı atasının bəstələdiyi “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a ceyran bala” mahnılarının tarixçəsi ilə bağlı məlumatları diqqətə çatdırıb.

 

Canlı efirdə muğamlarımız səslənib. Xanəndələri əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov və Kamran Kərimov müşayiət edib.

 

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar həmçinin BMM-inFacebook” səhifəsindən də təqdim edilir.

 

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.5.