Uzat əllərini əlimə doğru...

 

 

Cənublu şair soydaşımız Əli Daşqın

 

Cənubi Azərbaycanda milli ədəbiyyatın yaranmasında çətinliklərlə üzləşən  Mirzəli Möcüz, Tağı Rüfət, Mirmehdi Etimad, Bulud Qaraçorlu, Səməd Behrəngi kimi ədiblərin ardıcıllarından biri də Əli Hüseynzadədir. O, çoxcəhətli ədəbi fəaliyyəti ilə sələflərinin yolunu layiqincə davam etdirir.

 

Əli Hacı Həsən oğlu Hüseynzadə (Daşqın) 11 mart 1958-ci ildə Cənubi Azərbaycanın Ucan-Bostanoba bölgəsinin Xalaç kəndində anadan olub. Atası kənddə böyük hörmət sahibi, xalq yaradıcılığını gözəl bilən dünyagörüşlü bir şəxs idi. Əvvəlcə kənddə dini məktəbə qoyulur. 1965-ci ildə kənddə yeni üsullu ibtidai məktəb açılır və Əli orada oxumağa başlayır. Erkən yaşlarından bədii yaradıcılığa maraq göstərir. Ögey anası görkəmli saz-söz ustadı Xəstə Qasımın nəslindən olub. Şaqraq, məlahətli səsli bu qadın da folkloru yaxşı bilib. Sinəsi xalq mahnıları, atalar sözü, dastan və nağıllarla dolu olub... Belə zəngin mənəvi mühit Əlinin dünyagörüşünə təsirsiz ötüşmür.

 

İbtidai təhsilini başa vurduqdan sonra Təbriz şəhərində Kərpic zavodunda çalışan böyük qardaşının yanında işə düzəlir. Bir müddət burada çalışdıqdan sonra zavodun mühasibi Mir Cəmşidin köməyi ilə Şah İsmayıl Xətai adına orta məktəbə götürülür.

 

Əlinin Təbriz həyatının məşəqqətli günləri də məhz bu məktəbdən başlayır. Dövrünün haqsızlıqlarına qarşı etirazının ilk əks-sədası çox təsirli olur. Səkkizinci sinifdə oxuyarkən “Ana dilimövzusunda yazdığı inşa diqqəti çəkir. Məktəbin direktoru həmin yazı ilə bağlı yuxarılara məlumat verir. Əlinin həbs olunmaq təhlükəsi yaranır. Ancaq yaşı az olduğundan həbs cəzası sürgünlə əvəz olunur. O, Soyuqbulaq-Mahabad şəhərinə göndərilir.  Üç il sürgündə qalır və orta təhsilini də orada başa vurur. Bu dövrdə “Əli Daşqın” imzası ilə şeirlər qələmə alır və mətbuatda dərc olunur.

 

O, ana dilində ali təhsil almaq istəyirdi, amma ölkədə buna şərait yox idi. Tehrana gedərək elektronika sahəsində oxuyur. Təhsilini başa vurduğu dövr isə İran İslam İnqilabının (1979) baş verdiyi vaxta təsadüf edir. Bir müddət sonra (1980) İran-İraq müharibəsi başlayır. Həmyaşıdları kimi cəbhəyə göndərilir. Ağır döyüşlərin birində yaralanır və ordudan tərxis olunur.

 

Əli Daşqın 1988-ci ildə Təbrizə dönür. Məhəmmədhüseyn Şəhriyar ədəbi dərnəyinin yaradıcılarından biri olur. O, Bakıya gəlmək və doğma ana dilində ali təhsil almaq istəyir. Ancaq bu arzusuna da çata bilmir. Qiyabi olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü olur. İrandakı Rusiya konsulluğu vasitəsilə Bakıya  getmək üçün viza da alır. Astara gömrük sərhədindən geri qaytarılır. İnadından dönməyən Əli Daşqın sonra Avropaya, oradan da Rusiyaya gedir. Ümumi dilçilik, türkologiya elmini öyrənməyə başlayır. Böyük çətinliklə də olsa, Rusiyadan Bakıya gəlir...

 

Hazırda Əli Daşqın ədəbi aləmdə tanınan, sevilən qələm sahibidir. Əsərləri “Yol”, “Varlıq” dərgilərində, “Geyhan” (Tehran), “Füruği azadi” (Təbriz), “Ədəbiyyat qəzeti”, “Yol”, “Odlar yurdu” (Bakı) qəzetlərində müntəzəm dərc olunub.

 

Bəstəkarlar müəllifin “Qoçaq Babək”, “Soldurdu xəzan”, “Kömürü gözlər”, “Cəbhəyə doğru”, “Xəbər al bizdən”, “Qalmadı”, “El bağçası”, “Getdim”, “Əllərin”, “Gecələr”, “Sara”, “Azərbaycan”, “Sevək dünyanı”, “Dəli könlüm”, “Sər qızılgülü” və s. şeirlərinə mahnı yazıb.

 

Yurd sevgisi, Qarabağ dərdi Əli Daşqın yaradıcılığının əsasını təşkil edir. Bir çox şeirləri insanları vətəni sevməyə və onun qədrini bilməyə səsləyir. Müəllif “Əsir torpaq” poemasında erməni işğalındakı yurd yerlərinin, Şuşanın mütləq azad olunacağına inamını ifadə edir:

 

Gözəl Şuşa!

Dərələri tam sehrli,

Zirvələri qoşa-qoşa.

Əsir Şuşa! Qala Şuşa!

Təslim etməz Türk elləri

öz qalasını bayquşa!...

 

Dünyaya səpələnmiş Azərbaycan türklərinə səslənən şair onları birliyə çağırır:

 

Ortaq baxtımızın sin daşıyıq biz,

Bir qoca, ağbirçək ananın oğlu,

Bir kövrək bacının qardaşıyıq biz,

Uzat əllərini əlimə doğru!

Ögey dolandıqca artıq yanarıq.

Axı biz hamımız bir anadanıq...

 

Əli Daşqın səhnə əsərləri qələmə alıb. OnunKənd gəliniAşiq öyrətmənəsərləri Türkiyənin Tarsus şəhər bələdiyyə teatrında, “Dilənçi ölü” Mersin, “Yağmur duasıisə Adana bələdiyyə teatrlarında tamaşaya qoyulub.

 

O, Türkiyə, Azərbaycan digər ölkələrdə keçirilən ədəbiyyatla bağlı simpoziumlarda  yaxından iştirak edib.

 

Qələmini tərcüməçilik sahəsində sınayan Əli Daşqın musiqişünas R.ZöhrabovunMuğamat”, türk yazıçısı O.KamalınYad qızıəsərlərini fars dilinə, M.Şəhriyarın seçilmiş lirik qəzəllərini isə türk dilinə tərcümə edib.

 

Əli Daşqının ədəbi yaradıcılığı dilçi kimi fəaliyyəti B.Vahabzadə, Anar, F.Qoca, Q.Unal, N.Rizvan, M.Təbrizli, Ç.Ağbulut, T.Qaradağlı başqalarının diqqətini çəkib, haqqında məqalələr yazılıb.

 

S.FƏRƏCOV

 

Mədəniyyət.- 2020.- 19 iyun.- S.1;6.