Vaqif Mustafazadənin sevimli
radiosu
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qiymətli eksponatlarından biri də caz-muğamın banisi, görkəmli pianoçu və bəstəkar Vaqif Mustafazadənin radioqəbuledicisidir. Muzey eksponatın maraqlı tarixçəsini təqdim edib.
Bu eksponat Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı – Vaqif Mustafazadənin ev-muzeyində nümayiş olunur. Vaqif Mustafazadə gənc yaşlarından bu radio vasitəsilə “Amerikanın səsi”ni dinləyirdi. Bu verilişin aparıcısı isə məşhur amerikan musiqiçisi və caz musiqi tənqidçisi Uilis Konover (Willis Conover) idi. Sovet dövründə qadağaların olmasına baxmayaraq, Vaqif radionun səsini yavaş edərək öz sevimli caz musiqiçilərinə qulaq asardı.
Vaqif Mustafazadə ilk dəfə Uillis Konoverlə 1966-67-ci illərdə Tallində Beynəlxalq caz festivalında çıxış edərkən görüşür. U.Konover onun pianoda ifalarını eşitdikdən sonra deyir: “Vaqif Mustafazadə dünyanın ən yaxşı pianoçularından biridir”.
1978-ci ildə isə U.Konover ilk dəfə öz verilişində Vaqifin konsertini verir. Onun ölümündən sonra U.Konover yarım saatlıq verilişini Vaqif Mustafazadəyə həsr edir və əsərlərini səsləndirir. O, verilişində qeyd edir: “Çox təəssüf ki, dünya belə bir caz bəstəkarı və pianoçunu itirdi”.
1985-ci ildə Vaqif Mustafazadənin ifaları yenidən Uillis Konoverin verilişində səslənir. Bu dəyərli materiallar Amerika və Azərbaycan Mədəniyyət Əlaqələri Fondunun prezidenti Cəmilə Cavadova-Spitsberq tərəfindən Şimali Texas Universitetinin arxivindən əldə edilərək Vaqif Mustafazadənin ev-muzeyinin filial müdiri Afaq Əliyevaya göndərilib. Afaq Əliyevanın təşəbbüsü ilə Moskvada həmin səsyazılarından ibarət musiqi albomu buraxılıb.
LALƏ
Mədəniyyət.- 2020.- 26 iyun
.- S.6.