Yubilyar tərcüməçilər
mükafatlandırılıb
Bu il ömürlərini milli oxucunun dünyagörüşünün zənginləşməsinə, mütaliə zövqünün formalaşmasına həsr etmiş, uzun illər bu sahədə çalışaraq dünya ədəbiyyatı və elminə dair əsərləri orijinaldan dilimizə çevirmiş tanınmış tərcüməçilər – Vilayət Hacıyev və Vaqif Aslanın 70 yaşı tamam olur.
Yubiley münasibətilə, eyni zamanda tərcümə sənətinə verdikləri xüsusi töhfələrə və xidmətlərinə görə Vilayət Hacıyev və Vaqif Aslan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Fəxri diplomuna və döş nişanına layiq görülüblər.
Vilayət Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. Azərbaycan Dillər Univesitetində alman dilli müəllimi, Tərcümə fakültəsinin dekanı işləyib. Filologiya üzrə fəlsəfə doktoru, dosentdir. Hazırda Azərbaycan Dövlət Tərcümə Mərkəzi İdarə heyətinin sədr müavinidir. Erix Maria Remark, Herman Hesse, Lion Feyxtvanqer, Frans Kafka, Haynrix Böll, Ştefan Svayq, Ziqfrid Lents, Daniel Kehlman kimi alman yazıçılarının əsərlərini orijinaldan dilimizə çevirib.
Vaqif Aslan 1950-ci il iyulun 5-də Şəki rayonunun Kiş kəndində doğulub. 20 il doğma kəndindəki orta məktəbdə fransız dili müəllimi işləyib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında dərs deyir. Fransız yazarları Pol Verlen, Öjen Dabi, Erve Bazenin əsərlərini, XVII əsr səyyahı, memuarçı Jan Batist Şardənin “Səyahətnamə”sini, tarixçi-etnoqraf Jermen Giyomun əsərlərini fransız dilindən tərcümə edib.
Mədəniyyət.- 2020.- 26 iyun .- S.7.