XXI əsrin muzeylər dünyası: inkişaf vektorları

 

 

Onlayn mühazirə təşkil olunub

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) mədəni konsaltinq layihəsi çərçivəsində iyunun 23-də “XXI əsrin muzeylər dünyası: inkişaf vektorları” mövzusunda onlayn mühazirə təşkil olunub. Mühazirəyə müxtəlif regionlardan mədəniyyət işçiləri də qatılıb.

 

Moderator qismində çıxış edən mərkəzin elmi katibi Cavid Əliyev dinləyicilərə layihə haqqında və mühazirənin müzakirə predmeti barədə məlumat verib.

 

Sonra çıxış edən MEMİM-in sektor müdiri Pakizə Almazova Azərbaycanda muzey sahəsində aparılan islahatlar, ölkəmizdəki muzeylərin inkişafı, muzey memarlığında aparıcı tendensiyalar, muzey ekspozisiyası, muzey menecmenti və digər önəmli məsələlərdən bəhs edib.

 

Mərkəzin direktoru Asif Usubəliyev çıxışında mədəniyyət siyasətinin qarşısında duran strateji vəzifələrin reallaşması kontekstində muzeylərin fəaliyyətində yeni yanaşmalar, müasir formainkişaf yolları, onların populyarlığı, əməkdaşların peşəkarlığı, muzeylərin tarixi, fəlsəfəsi və digər maraq doğuran mövzulara toxunub. Muzeylərin rəqəmsallaşmasının vacibliyi vurğulanıb.

 

Muzey fəaliyyətinin müasirklassik modelləri haqqında məlumat verən A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək yanaşmalar haqqında fikirlərini bölüşüb. Müzakirə olunmuş mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları araşdırılıb. Muzeylərə cəmiyyətdə marağın artırılmasına xidmət edəcək virtual layihələr ətrafında da fikir mübadiləsi aparılıb.

 

Mühazirədə həmçinin Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Azərbaycan İstiqlal Muzeyinin direktor müavini Gülyana Məmmədova və Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva iştirak ediblər.

 

Onlayn fikir mübadiləsində rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsindən, muzeylərin xüsusilə gənc və yeniyetmələr arasında populyarlığının artırılmasının vacibliyindən də söz açılıb.

 

Mədəniyyət.- 2020.- 26 iyun .- S.3.