Muğam sənətinin bədii mədəniyyət
aspektləri
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının iyunun 23-də keçirilən növbəti onlayn elmi seminarında aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin “Muğam sənətinin bədii mədəniyyət aspektləri” adlı məruzəsi dinlənilib.
Məruzəçi qeyd edib ki, Şərq bədii təfəkkürünün məhsulu olan muğamın əsrlər boyu professional musiqi sənəti kimi yaşaması və inkişaf etməsi, eləcə də muğamın bədii obraz cəhətdən daim zənginləşməsi onun digər yaradıcılıq növləri ilə qarşılıqlı əlaqəsi və təsiri sayəsində mümkün olub. Muğam klassik poeziya, memarlıq, rəssamlıq, şəbəkə, nəqqaşlıq, xalça sənətləri ilə qarşılıqlı əlaqə və təsir mühitində inkişaf edib.
İlk olaraq muğam və poeziya münasibətləri üzərində dayanan məruzəçi bu münasibətin üç istiqamətini vurğulayıb. Bu istiqamətlərdən biri klassik poeziya ilə muğam arasındakı termin və obraz əlaqələridir. Bu aspektdə “məsnəvi”, “saqinamə” anlayışları klassik poeziya və muğamda müqayisə yolu ilə araşdırılıb. Bundan başqa, klassik poeziyada “Leyli və Məcnun”, “aşiq”, “yar” obrazlarının, eləcə də “karvan” obrazının irfani mahiyyəti üzərində dayanan məruzəçi bu obrazların muğamdakı musiqili tərənnümünə, ortaq terminoloji və obraz təcəssümünə dair faktları diqqətə çatdırıb.
Daha bir maraqlı yanaşma muğam sənətindəki “şəhr-aşub”, “hal”, “qal”, “zəngi-şötör” terminlərinin daşıdığı obrazlar və onların elmi-müqayisəli izahı ilə bağlı olub. Məruzəçi tərəfindən muğam sənətinin memarlıq, rəssamlıq və xalça sənətləri ilə bəzi ortaq bədii dəyərlərinə dair, eləcə də bu professional yaradıcılıq növləri arasındakı ortaq bədii təfəkkür nöqtələrinə dair maraqlı mülahizələr də irəli sürülüb.
BMA-nın elmi-yaradıcılıq məsələləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, tanınmış kamança ifaçısı, professor Arif Əsədullayev və başqaları məruzə ətrafında fikir mübadiləsi aparıb, mövzunun elmi cəhətdən aktual olduğunu qeyd ediblər.
Yalçın ABDULLA
Bakı
Musiqi Akademiyasının
dosenti
Mədəniyyət.- 2020.- 26 iyun
.- S.5.