Üzeyir Hacıbəylinin
yaradıcılığı müharibə illərində
Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığını nəhəng bir kitaba bənzətmək olar. Vərəqləyib oxuduqca hər dəfə bu böyük şəxsiyyətin ucalığını yenidən kəşf edirik. Bu kitabın payına düşmüş ömür səhifələri olduqca zəngin, qətiyyətli-mübarizəli, sabaha inamla doludur.
O bir musiqiçi-alim, bəstəkar, pedaqoq, ictimai-xadim, iti qələmli publisist, xalqının vətənpərvər oğlu kimi öz çiyinlərinə, öhdəsinə düşəni qətiyyət və inamla yerinə yetirdi. Fəaliyyət göstərdiyi hər bir sahədə ilk öncə öz vətənini, xalqını düşünürdü. Yaratdığı əsərlərinin, musiqilərinin ölməzliyi onun xeyirxahlığının, qayğıkeşliyinin, eyni zamanda mübariz ruhunun təcəssümü idi.
Musiqinin müxtəlif janrlarında öz xalqına misilsiz töhfələr bəxş etmiş Üzeyir bəyin II Dünya müharibəsi illərində yazdığı mahnı və marşları döyüşə gedənlərə yüksək ruh, yaralı əsgərlərə məlhəm idi. Bu gün bu mahnıları, marşları eşitdikdə o dövrün həyəcan və sevinci, vətənə olan böyük sevgi təsəvvürümüzdə canlanır. Sözsüz ki, faşizm üzərindən tarixi qələbənin qazanılmasında ön və arxa cəbhədə insanları bu zəfərə kökləyən vətənpərvərlik ruhlu mahnı və marşların da payı vardır...
Bəstəkarın ev-muzeyində qorunub saxlanılan fotoşəkillər sanki o dövrün canlı şahidinə çevrilirlər. Bu fotosənədlərlə həmin dövrə bir daha ekskurs edirik.
Üzeyir Hacıbəyli müharibə zamanı hərbi hamilik işlərinə rəhbərlik edirdi. Onun sədrliyi ilə xüsusi komissiya fəaliyyətə başlamışdı. Üzeyir Hacıbəyli bütün bəstəkarları vətənpərvərlik ruhlu əsərlər yazmağa çağırırdı. O, bu işdə Azərbaycanın tanınmış şair və yazıçılarının yaradıcılığına müraciət etməyə, onlarla birgə işə səsləyirdi.
1942-ci il sentyabr ayının 14-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən “Vətən müharibəsi dövründə Azərbaycan ədəbiyyatı” adlı ədəbi-bədii gecədə giriş sözünü böyük bəstəkarımız Üzeyir Hacıbəyli söyləmişdi. Həmin gecədə Azərbaycanın şair və yazıçılarından M.S.Ordubadi, S.Vurğun, N.Rəfibəyli, R.Rza və başqaları iştirak edirdilər.
Ü.Hacıbəyli tez-tez hərbi hissələrdə olur, əsgərlərlə, döyüşçülərlə görüşür, onların vəziyyəti ilə maraqlanırdı. Bəzən də hərbçilərlə görüşlərə görkəmli şair Səməd Vurğunla birgə gedərdilər. Müharibə dövründə bu iki böyük sənətkar müştərək yaradıcılıq sayəsində bir neçə əsər ərsəyə gətirmişdilər: “Vətən ordusu”, “Döyüşçülər marşı”, “Şəfqət bacısı”, “Zəfər himni”. Bəstəkar həmçinin Aşıq Mirzə Bayramovun sözlərinə “Ananın oğluna nəsihəti”, Süleyman Rüstəmin sözlərinə “Yaxşı yol” kimi mahnılar yazır, “Vətən və cəbhə” kantatasını yaradır.
“Şəfqət bacısı” mahnısının yaranma tarixi çox maraqlıdır. Müharibə başlandıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının binası hospitala çevrildi. Belə bir vaxtda döyüşlərdə yaralanan əsgərləri bu hospitala gətirirdilər. Üzeyir bəy də vaxtaşırı oraya gedərək yaralılarla görüşürdü. Görüş zamanı çiynindən və ayağından ağır yara almış Əsgərov soyadlı baş leytenant azərbaycanlı tibb bacısının şücaətindən söhbət açdı. O, sağ qaldığı üçün 19 yaşlı şəfqət bacısına borclu olduğunu bildirdi. Hospitaldakı görüşdən qayıdan Üzeyir Hacıbəyli o söhbətdən çox mütəəssir olmuş, “Şəfqət bacısı” adlı mahnı yazmaq haqqında düşünməyə başlamışdı. Bəstəkar Səməd Vurğundan mahnı üçün sözləri yazmağı xahiş edir. Şair səhəri gün hazır mətnlə bəstəkarın yanına gəlir. İki gün sonra isə məşhur “Şəfqət bacısı” mahnısı hazır olaraq ön cəbhəyə göndərilir.
O təkcə bir bəstəkar kimi deyil, həmçinin bir vətəndaş kimi cəbhəyə yardım edirdi. Tank hissələrinə yardım üçün öz şəxsi vəsaitindən 100 min manat göndərmişdi. Bununla əlaqədar bəstəkar 11 mart 1943-cü ildə SSRİ rəhbəri İ.V.Stalinin adından təşəkkür teleqramı almışdı. Bu teleqram Ü.Hacıbəylinin ev-muzeyində qorunub saxlanılır.
Teleqramın mətni:
“Yoldaş Hacıbəyov, Qızıl Ordunun zirehli tank qüvvələrinə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edirəm. Mənim Salamımı və Qızıl Ordunun minnətdarlığını qəbul edin.
İ.Stalin”
Ü.Hacıbəylinin 1942-ci ildə yazdığı “Döyüşçünün andı” mahnısı geniş populyarlıq qazanmışdı. Həmçinin bəstəkarın marş ritmində yaratdığı “Vətən ordusu”, “Yaxşı yol” kimi poetik, sadə və cazibədar mahnılarda Vətənə məhəbbət hissi aşılanırdı.
Bəstəkar o illərdə həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə şairin sözlərinə “Sənsiz” və “Sevgili canan” romanslarını bəstələyir ki, hər iki romans yeni milli romans-qəzəl janrının örnəyinə çevrildi.
Bəyim DADAŞOVA
Ü.Hacıbəylinin ev-muzeyinin kiçik elmi işçisi
Mədəniyyət.- 2020.- 26 iyun
.- S.6.