Səhnə üçün
həkimlik sevdasından əl çəkmişdi...
Görkəmli teatr və kino aktyoru, Xalq artisti Süleyman Ələsgərov tamaşaçıların həmişə hörmətlə xatırladığı sənətkarlardandır. Ömrünün böyük hissəsini səhnədə – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında parlaq obrazlar yaratmağa həsr edən aktyorun bu il anadan olmasının 105 illiyidir.
Süleyman Ağababa oğlu Ələsgərov 20 iyun 1915-ci ildə Bakıda dünyaya göz açıb. Yeddiillik təhsilini başa vurduqdan sonra Maliyyə Texnikumunda oxuyur və iqtisadçı diplomu alır. Bir müddət sonra Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olunur və üç il də orada oxuyur. Lakin tibb təhsili yarımçıq qalır.
Sevilən aktyor sənətə gəlişi barədə deyib: “1928-ci il idi. Dağıstanda pioner düşərgəsində idik. Biz cərgəyə düzülmüşdük. Mən sıra ilə onuncuydum. Qayda beləydi: hər kəs sırada neçənci olduğunu yüksəkdən deməli idi. Növbə mənə çatanda “desyat”, dedim. Məndən sonra dayanan oğlan “odinnadsat” əvəzinə “desyat odin” dedi. Hamı gülüşdü. Nəzarətçi ona neçə dəfə “odinnadsat” sözünü təkrar elətdirsə də, oğlan əvvəl dediyin təkrar etdi. Onun qəribəliyi ürəyimə yatdı.
Həmin gündən onunla dost olduq. O oğlan Əliağa Ağayev idi. Sonra uzun müddət görüşə bilmədik.
Tibb Universitetində oxuyurdum. Bir gün Əliağa ilə təsadüfən rastlaşdıq və hal-əhval tutduq. O, “Əcəb həkim olmaq sevdasına düşmüsən. Sən ki kinoyla, teatrla maraqlanırdın?” – deyə soruşdu. Birdən dedi ki, bəlkə, gündüzlər oxuyub, gecələr dərnəyə gələsən? Dənizçilərin klubundakı dərnəyi deyirdi. Söz verdim ki, gələrəm. Elə o vaxtdan dərnəyə gedib-gəldim. Bizimlə rejissor İbrahim Rəhimli məşğul olurdu. Bir müddət sonra bizə rol verdi. Düz 3 il təbliğat-təşviqat briqadasında işlədik. Sonra da dənizçilərin qarşısında çıxış etdik. Belə-belə dərsdən ayrıldım. Həkim olmaq fikrini birdəfəlik başımdan atdım. Briqadada işləmək mənə əl verirdi. Fərli-başlı pul almasam da, yeyib-içməyim oranın hesabına idi. Sonra bu sənətin aşiqi oldum.
9 mart 1936-cı ildə Gənc Tamaşaçılar Teatrına getdim”.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor kimi işə götürülür. Burada ömrünün sonunadək – 62 il fasiləsiz olaraq çalışır. Teatrın səhnəsində bir-birindən maraqlı və yaddaqalan Polad (“Qızıl quş”, M.Seyidzadə), Fərzəli bəy (“Nəsrəddin”, Y.Əzimzadə), Aqşin (“Babək”, Ə.Yusifov), Vəzir, Oruc (“Fitnə”, “Qaraca qız”, A.Şaiq), Kaçkaryov, Poçt müdiri (“Evlənmə”, “Müfəttiş” N.Qoqol), Arqant (“Skapenin kələkləri”, J.B.Molyer), Eldostu (“Çiçəkli dağ”, M.Təhmasib), Hacı Nuru və Molla Salman (“Molla İbrahimxəlil kimyagər”, M.F.Axundzadə), Molla Səfi və Hacı Qəmbər (“Hacı Qəmbər”, N.Vəzirov), Lorenso (“Romeo və Cülyetta”, V.Şekspir), Yaşar (“Yaşar”, C.Cabbarlı), Musa (“Bəxtsiz cavan”, Ə.Haqverdiyev), Montanelli (“Ovod”, E.Voyniç), Naçalnik (“Danabaş kəndinin məktəbi”, C.Məmmədquluzadə) və digər obrazları canlandırıb, teatrsevərlərin rəğbətini qazanıb.
O, dram, komediya, faciə, nağıl-dastan süjetli pyeslərin tamaşalarında bir-birindən maraqlı obrazlar yaradıb, sənətkar qüdrətini ortaya qoyub. 83 yaşında da səhnəyə çıxıb. Gənc Tamaşaçılar Teatrının inkişafında xidmətlərinə görə 1954-cü ildə “Əməkdar artist”, 1982-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 1961-ci ildə respublika Lenin komsomolu mükafatı ilə təltif olunub.
Süleyman Ələsgərov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir neçə filmdə də çəkilib. Onun ən populyar və irihəcmli ekran obrazı “Bizim Cəbiş müəllim” filmində Cəbiş müəllimdir. Əgər sənətkar başqa filmlərdə çəkilməsəydi belə, tək Cəbiş müəllim obrazı ilə kinosevərlərin yaddaşında əbədi qalacaqdı.
Aktyorun daha sonra “Dağlarda döyüş” (mayor Poladov), “İstintaq davam edir” (professor), “Alma almaya bənzər” (professor), “Bəxtiyar” (klub müdiri) və digər filmlərdə, habelə “Poçt qutusu”, “Günəş”, “Bir ailədə” və digər televiziya tamaşalarında canlandırdığı rollar onun obrazlar qalereyasının zənginliyini göstərir.
Xalq artisti Süleyman Ələsgərov 10 dekabr 1998-ci ildə Bakıda vəfat edib.
S.FƏRƏCOV
Mədəniyyət.- 2020.- 26 iyun
.- S.7.