“Birgə mütaliə” davam edir

 

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Birgə mütaliə” adlı layihəni davam etdirir.

 

Layihənin növbəti müzakirəsi Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 1927-ci ildə söylədiyi və İstiqlal savaşı, Cümhuriyyətin qurulması tarixindən bəhs edən məşhur nitqi – “Nutuk” kitabı ilə bağlı olub. Kitab Mustafa Kamal Atatürkün ideyaları, siyasi və dövlətçilik baxışlarının ümumi məcmusudur.

 

Gənc mədəniyyət işçilərinin iştirakı ilə keçirilmiş vebinarın aparıcısı – MEMİM-in İnnovativ inkişaf və təbliğat şöbəsinin əməkdaşı İsmayıl Nəsirov kitab barədə məlumat verib, fikirlərini bölüşüb.

 

Müzakirələr zamanı Azərbaycan və Türkiyənin tarixi arasında paralellər aparılıb və taleyüklü məqamlarda iki qardaş xalqın liderlərinin müstəsna rolları vurğulanıb.

 

Türkiyə və Türkmənistandan da dinləyicilərin qatıldığı vebinarda MEMİM-in elmi katibi Cavid Əliyev, əməkdaşları Nurəddin Babazadə, Rəfiqə Nəsirova, Səadət Şirinova, Validə Hacıyeva, həmçinin Pərvin Nəzərəliyeva çıxış ediblər.

 

Mədəniyyət.- 2020.- 24 iyun.- S.5.