Qalereya və muzeylərin
virtual həyatı
Sərgi, təlim, təqdimat, mühazirə
Koronavirus pandemiyası cəmiyyəti
yeni reallıqlarla üz-üzə qoyub. Ölkəmizdə də mədəniyyət
ocaqları öz fəaliyyətini onlayn şəkildə davam etdirirlər. Paytaxtdakı qalereya və muzeylər də sosial şəbəkələrdə
virtual təqdimatları ilə
izləyicilərin diqqətini
cəlb etməyə çalışırlar.
“Evdə qal – qalib gəl” layihəsində sərgi
Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal – qalib gəl”
layihəsi çərçivəsində
iyunun 26-da saat 18:00-da
“Azərbaycan Respublikası
Silahlı Qüvvələri
Günü” adlı
virtual sərgi təşkil
edəcək.
Sərgidə qalereyanın kolleksiyasından
Azərbaycan rəssamlıq
sənətinə böyük
töhfələr verən
sənətkarların müxtəlif
üslub və texnikalarda işlədiyi əsərləri – Azərbaycan
əsgərlərinin şücaətini
düşmənlərimiz üçün
gözdağı, xalqımız
üçün isə
fəxr və qürur mənbəyi olaraq təsvir edən rəsmlər
virtual şəkildə nümayiş
etdiriləcək.
Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri
xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi
salonlarının müvəqqəti
bağlı olmasını
nəzərə alaraq,
virtual sərgini izləməyə
dəvət edir.
“Azərbaycan Respublikası
Silahlı Qüvvələri
Günü ” adlı virtual sərgini qalereyanın “Facebook”, “İnstagram” hesabları vasitəsilə
izləmək mümkün
olacaq.
***
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının
təşkilatçılığı ilə “Postpandemiya dövründə rəsm
qalereyalarının fəaliyyətinin
iqtisadi və strateji təhlili” mövzusunda təlim keçirilib. Təlim iqtisadçı mütəxəssis Tural Ağayev tərəfindən
aparılıb.
Azərbaycan Dövlət Rəsm Qalereyasının “Facebook”
səhifəsi üzərindən
yayımlanan təlimə
regionlarda fəaliyyət
göstərən qalereyaların
direktorları da qoşulub.
“Bir nömrəli eksponat”
Azərbaycan Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin
“Musiqi muzeyinin arxivindən” layihəsində
“Bir nömrəli eksponat” başlığı
ilə maraqlı bir fakt təqdim
olunub. Bildirilir ki, 1967-ci ildə yaradılan muzeydə hazırda 60 min eksponat var.
Daxilolma kitabında
ilk eksponat 2 noyabr
1967-ci il tarixində qeydiyyata alınıb. Bu eksponat görkəmli Azərbaycan
bəstəkarı, dirijor
Müslüm Maqomayevin
(1885-1937) ötən əsrin
20–30-cu illərində Azərbaycan
Radio Verilişləri İdarəsində
Musiqi şöbəsinin
müdiri vəzifəsində
çalışarkən məşhur
opera müğənnisi, Xalq
artisti Məmmədtağı
Bağırova (1890-1961) yazdığı
məktubdur.
Məktubda deyilir: “Əziz
M.Tağı! Sabah axşam
radioda “Şah İsmayıl” operasından
Vəzirin ariyasını,
“Koroğludan” Xanın
ariyasını ifa et. Notlarını gətir. Ödənişlə razılaşarıq – narazı
salmam. Maqomayev”.
***
Musiqi Mədəniyyəti
Dövlət Muzeyinin
“Günay” uşaq teatrı ilə birgə layihəsi də maraqla qarşılanıb. Muzeyin direktoru, Əməkdar
mədəniyyət işçisi
Alla Bayramova bildirib ki, layihə
uşaqlara Azərbaycanın
mədəniyyətini daha
yaxından tanımağa
kömək edəcək.
Bələdçi uşaqlar öz həmyaşıdlarına muzeyin
eksponatları haqqında
məlumat verəcəklər. Muzeyə gələn
uşaqlar eksponatların
hekayətini öz həmyaşıdlarının dilindən öyrənəcəklər.
Bundan əlavə, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının Orqan ifaçılığı
kafedrasının müdiri,
musiqişünas, Əməkdar
incəsənət xadimi,
professor Tahirə Yaqubova
tərəfindən muzeyə
183 qrammofon valı hədiyyə edilib. Vallarda Azərbaycan xalq musiqisi, caz, estrada
və klassik dünya bəstəkarlarının
əsərləri yer
alıb.
Onlayn mühazirələr
Azərbaycan Milli İncəsənət
Muzeyi müxtəlif rubrikalarla virtual şəkildə
sənət cərəyanları,
üslubları haqqında
bilgiləri evimizə
gətirməyə (onlayn
şəkildə) davam
edir. Muzeyin sosial şəbəkə səhifələrində
barokko – dünya incəsənət tarixinin
ən “təmtəraqlı”,
“qəliz”, “mürəkkəb”
üslubu ilə bağlı məlumatlar yer alıb.
İlk olaraq öz əksini memarlıqda tapan bu üslub, daha sonra incəsənətin
digər istiqamətlərinə
sirayət edib. XVII əsrin
sonu – XVIII əsrin əvvəllərində meydana
gələn barokko üslubu “yöndəmsiz”,
“qüsurlu”, “ifrat meyilli, “kələ-kötür
mirvari” kimi tərcümə olunur. Bu üslubda yaradılan
tablolar təmtəraqlılığı
və əzəməti
ilə izləyicini cəlb etməli, həyəcan, vahimə, eləcə də heyrət doğurmalı idi. Süjetlərdə daha çox
mifoloji və dini mövzulara üstünlük verilirdi.
Eyni zamanda muzey öz eksponatları
seriyasından Lorenso Bartolininin “Diz çökmüş qız”,
Adil Kərimovun “Balerina Qəmər Almaszadənin portreti”, Elbəy Rzaquliyevin “Bakı. Xan sarayı” əsərlərini
nümayiş etdirib.
Muzeydən Vəcihə Səmədova
yaradıcılığı haqqında, “Heykəltaraşlıq
təsviri sənətin
növü kimi”, İtaliya incəsənəti,
ilk heykəltəraş qadın
Zivər Məmmədovanın
həyat və yaradıcılığına həsr
olunmuş mühazirələr
də təqdim olunub.
***
Muzey Mərkəzində
Datse Ştrausun Latviya Respublikasının
100 illik yubileyinə həsr olunan “Canlı miras” adlı fərdi sərgisindən fraqmentlər
nümayiş olunub. Təqdim edilən
əsərlər izləyicilər
tərəfindən maraqla
qarşılanıb.
Muzey əşyalarının bərpası
canlı yayımda
Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi
Bərpa Mərkəzində
isə Üzeyir Hacıbəylinin anası
Şirin Əliverdibəyovaya
məxsus milli toy geyiminin bərpası həyata keçirilib. Bərpa prosesi
sosial şəbəkə
vasitəsilə nümayiş
olunub. Eksponat bərpa mərkəzinə
Üzeyir Hacıbəylinin
ev-muzeyi tərəfindən
təqdim edilib.
Həmçinin Elmi Bərpa Mərkəzi Bərdə
Tarix-Diyarşünaslıq Muzeyi, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi
və Mingəçevir
Şəhər Tarix Muzeyinin fondlarından bərpa və konservasiya etdiyi eksponatların bərpadan əvvəl və bərpadan sonrakı görünüşlərini əks
etdirən fotoşəkillərdən
ibarət onlayn sərgi təqdim edib.
Hazırladı: Lalə AZƏRİ
Mədəniyyət.- 2020.- 24 iyun.-
S.3.