Ustad şilləsi alıb sənətə
vaqif oldu...
“Bundan
sonra sənə zaval yoxdu”
Göyçə mahalı Azərbaycan aşıq sənətinə
görkəmli sənətkarlar
bəxş edib. Bu tarixi yurdumuzdan pərvazlanan sənətkarlardan
biri də şaqraq, məlahətli səsi ilə tanınan, ifaçılıq
məharəti ölkəmizin
hüdudlarını aşan
Aşıq Niftalı
olub.
Niftalı Kərbəlayı İsmayıl
oğlu Süleymanov
1911-ci ildə Azərbaycanın
sazlı-sözlü yurdu
Göyçə mahalının
Ardanış kəndində
dünyaya göz açıb. Atası onu ilk olaraq
molla məktəbinə
qoyur. O, burada ərəb və fars dillərini
öyrənir. Mənbələrdə qeyd edilir ki,
Kərbəlayı İsmayıl
aşıq olmasa da, sənətə rəğbət bəsləyib.
Niftalı kiçik yaşlarından
aşıq sənətinə
maraq göstərir. El şənliklərində aşıqların
ifalarını yaxından
izləyir. Atası oğlunun
bu həvəsini görüb onu qızılvəngli Aşıq
Quluya şəyird verir. Aşıq Qulu həmin
dövrdə el-obada seçilən tanınmış
sənətkarlardan idi.
El arasında dolaşan
rəvayətdə deyilir
ki, bir gün
kəndə öküz
alan gəlir.
Kərbəlayı İsmayıl soruşur
ki, a bala, sən kimsən, hansı tərəflərdənsən?
Kişi cavab verir ki,
bəs qızılvəngli
Aşıq Quluyam.
Öküz almağa gəlmişəm.
Kərbəlayı İsmayıl deyir, sənə iki öküz versəm, oğlumu şəyird götürərsənmi? O da razılaşır. Niftalı
beş il
Aşıq Qulunun yanında şəyirdlik edir. Fitri istedadı, ifaçılıq
qabiliyyəti və güclü hafizəsi sayəsində tezliklə
saz-söz sənətinin
sirlərinə vaqif olur. Gənc Niftalı Göycə
elində tanınır
və sevilir.
Sənətkar haqqında başqa
bir rəvayətdə
deyilir: “Aşıq Niftalı bir gün kənddə təmtəraqlı bir toyda olur. Lakin o, bərk
xəstələnir və
yorğan-döşəyə düşür. Toyun şən
və qızğın
vaxtı Aşıq Qulu Niftalının yanına gəlir. Bildirir ki, bəs toy yaxşı getmir. Bəlkə ayağa qalxasan. Niftalı birtəhər paltarını
dəyişir, sazı
götürüb məclisə
gəlir. Məclis təzədən
başlayır. Aşıq Qulu
sevindiyindən bilmir nə etsin. Oturduğu yerdən qalxır və Aşıq Niftalının üzünə
bir şillə vurur. O, bu hadisəni xeyli vaxt unutmur. Günlərin bir günü soruşur, a Qulu əmi, məni niyə vurdun? Axı mən pis oxumadım.
Deyir, a bala, bu, ustad
şilləsidi. Bunu hər
adama vurmurlar. Sən ki bu toyu
belə başa çatdırdın, bundan
sonra sənə zaval yoxdu. Harda bir ağır məclis olsa, gedərsən”.
Aşıq Niftalının şaqraq səsinin, gur zənguləsinin səsi-sorağı
tezliklə Göyçə
hüdudlarını aşaraq
Tovuz, Gədəbəy,
Qazax, Borçalı ellərinə çatır. Ustad aşıq
daha sonralar hətta Qazaxıstan, Özbəkistan və İrana da dəvət
olunur. Getdiyi yerlərdə ağır
və yaddaqalan məclislər aparır.
Sənətkar dövrünün tanınmış
saz-söz ustadları
Aşıq Əsəd,
Aşıq İmran, Aşıq Mahmud, həmçinin
Aşıq Əkbər,
Aşıq Hüseyn Saraclı ilə dostluq edib. O, çox yaxın dost olduğu Aşıq Yunusla maraqlı məclislər yola salıb. Aşıq Niftalı sevilən sənətkar olmaqla yanaşı, həm də sənətdə tanınmış Aşıq
Məhəmmədəli, Aşıq
Kərim, Aşıq Mikayıl, Aşıq Sultanəli və başqalarının ustadı
olub, öz davamçılarını yetişdirib.
Aşıq Niftalının sənətkarlığı
haqqında mənbələrdə
göstərilir ki, o,
əksər saz havacatlarını ustalıqla
ifa edib, 24 dastanı mükəmməl
söyləyib. “Alıxan və Pəri”, “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Qurbani”, “Əmrah”, “Lətif şah”, “Tahir və Zöhrə”
və s. dastanlarımız
el şənliklərində aşığın ifasında
saz-söz həvəskarlarına
təqdim olunub. “Aşıq Şenlik”
dastanı da ilk dəfə onun ifasında səslənib.
Belə ehtimal olunur ki, Aşıq Niftalı bu dastanı Cənubi Azərbaycandan olan aşıqdan öyrənib.
Aşıq Niftalı 1942-ci ildə Böyük Vətən müharibəsinə gedir. 1944-cü ildə ağır döyüşlərin birində yaralanır və ordudan tərxis olunur. Müharibədən qayıdandan sonra bir müddət kənddə ibtidai sinif müəllimi işləyir. Tam sağalandan sonra yenidən aşıqlıq fəaliyyətini davam etdirir.
1949-cu ildə Respublika aşıqlar müsabiqəsinə qatılan sənətkar qalib olur. 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında iştirak edir.
Ustad sənətkar 27 sentyabr 1976-cı ildə, yaradıcılığının coşqun çağlarında vəfat edib.
S.FƏRƏCOV
Mədəniyyət.- 2020.- 24 iyun.-
S.6.