Virtual səhnədə tamaşalar

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 11-də saat 19:00-da “İtalyansayağı xoşbəxtlik” tamaşasını sosial şəbəkə səhifəsi vasitəsilə nümayiş etdirəcək.

 

İtalyan dramaturqları Dario FonunMarkolfa” və Pepino de FilipponunDon Raffael Tranbomçu” əsərlərinin əsasında hazırlanmış ikihissəli komediyanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Tamaşanın plastik həlli və rəqslərin quruluşu Əməkdar artist Boris Lukinskiyə, bədii tərtibatı Zəminə Orucovaya, musiqi tərtibatı İradə Muradovaya, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

 

Üç ildir evində xadiməlik etdiyi sahibi Markiz Treratedən bir qara qəpik almayan Markolfa lotereyada böyük məbləğdə pul udur. Eyni gündə üç nəfər – Cüzeppe (ev sahibinin ona külli miqdarda borcu var), Markiz Trerate (borc içində üzür), Cüzeppe (Markolfa ilə nişanlıdır) ona evlilik təklif edirlər. Elə bütün hadisələr bundan sonra başlanır.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının repertuarında maraqlı tamaşalardan olan, görkəmli şair Mikayıl Müşfiqin xatirəsinə ithaf edilmişAh, bu uzun sevda yolu” tamaşası iyunun 13-də sənət ocağının “Facebook” hesabı vasitəsilə nümayiş olunacaq.

 

Dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanan ikihissəli tamaşanın bədii rəhbəri teatrın direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir. Rolları Xalq artisti Hacı İsmayılov, əməkdar artistlər Anar Heybətov, Münəvvər Əliyeva, Ayşad Məmmədov və başqaları ifa edir.

 

İyunun 13-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Sehrli üzük” tamaşasını təqdim edəcək. Tamaşa teatrın “Youtube” kanalında saat 12:00-da yayımlanacaq.

 

Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Rəşid Şəfəqdir. Uşaqlara dostluq, sədaqət, dürüstlük, ədalət, insanlara inam kimi müsbət keyfiyyətlər aşılayan tamaşa xeyirlə şərin mübarizəsində  birincinin  qələbəsini nümayiş etdirir.

 

Yuğ Dövlət Teatrının yeni tamaşalarından biriV.Şekspirin “III Riçard” əsərinin motivləri əsasında hazırlanmış “Lənət” tamaşası növbəti dəfə iyunun 20-də sosial şəbəkə  vasitəsilə nümayiş etdiriləcək.

 

Tamaşanın quruluşçu rejissoru Xristo Stoyçev (Bolqarıstan), rejissoru Günay Səttarova, bəstəkarı Xalq artisti Sərdar Fərəcov, quruluşçu rəssamı Olqa Boseva, geyim üzrə rəssamı Səadətxan Ramin, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərində Əməkdar artist Sonaxanım Mikayılova, aktyorlar Vüqar Hacıyev, Zümrüd Qasımova, Elgün Həmidov və Natəvan Qeybani çıxış edir.

 

 

 Mədəniyyət.- 2020.- 10 iyun.- S.3.