Ölkəmizin mədəni marşrutlar layihəsində rolu
təqdir edilib
Mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda müşavirədə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurası Demokratiya üzrə Baş Direktorluğunun Mədəni Marşrutların Sahəvi İnkişafı üzrə Katibliyinin rəhbəri, Mədəni Marşrutlar üzrə Avropa İnstitutunun direktoru Stefano Dominioni ilə görüşüb.
Görüşdə “Avropa Şurasının mədəni marşrutları” layihəsində Azərbaycanın təmsil olunmasının beynəlxalq aləmdə mədəni əlaqələrin daha da genişləndirilməsinə, eyni zamanda layihəyə qoşulan digər ölkələrlə mədəni marşrutlar sahəsində yeni təcrübələrin əldə olunmasına zəmin yaratdığı vurğulanıb.
Əbülfəs Qarayev Azərbaycanın 2011-ci ildən Avropa Şurasının mədəni marşrutlar şəbəkəsində yer aldığını vurğulayaraq bildirib ki, ölkəmiz beş beynəlxalq marşrutda iştirak etməklə, təşkilatın fəaliyyətinə öz töhfəsini verməkdədir. Qeyd olunub ki, iki gün davam edən müşavirə Azərbaycanın beynəlxalq mədəni marşrutlarda təmsilçiliyini genişləndirməklə və yeni təcrübələrə yiyələnməklə bu sahədə qabaqcıl ölkələrdən birinə çevrilmək potensialını da üzə çıxarır.
Stefano Dominioni müşavirənin bu sahədə əhəmiyyətini vurğulayaraq, nazirə səmimi qəbula görə təşəkkürünü bildirib. O, həmçinin müşavirənin “Avropa Şurasının mədəni marşrutları” layihəsinə qoşulmuş digər ölkələr üçün model olacağını qeyd edib. Bildirib ki, digər ölkələrdə mədəni marşrutlar sahəsində keçiriləcək təlimlərdə ölkəmizin fəal iştirakı və regionlarda bu cür təlimlərin təşkili yeni mədəni marşrutların yaradılması üçün təcrübələrin öyrənilməsinə təkan verəcək.
Görüşdə Azərbaycanın layihə üzrə başqa mədəni marşrutlarda təmsil olunması, eləcə də ölkəmizdə yeni mədəni marşrutların yaradılması və sertifikatlaşdırılması ilə əlaqədar gələcək addımlar barədə fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2020.- 4 mart.-
S.4.