Qədir Rüstəmovun yubileyinə həsr olunmuş konsert

 

Bu il görkəmli xanəndə, Xalq artisti Qədir Rüstəmovun (1935-2011) anadan olmasının 85 illiyi tamam olur. Fevralın 29-da Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində sənətkarın yubileyinə həsr olunmuş konsert  keçirilib. Musiqi axşamında Qədir Rüstəmovun ailə üzvləri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak ediblər.

 

Əvvəlcə Qədir Rüstəmovun həyat və yaradıcılığından bəhs edən slayd nümayiş olunub. Tədbirin aparıcısı – tanınmış jurnalist Fəxrəddin Hacıbəyli xanəndənin həyat yolundan, bənzərsiz ifaçılıq məharətindən danışıb.

 

Konsert proqramında Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov və gənc ifaçılar “Qarabağ” ansamblının müşayiəti ilə Qədir Rüstəmovun repertuarından mahnılar səsləndiriblər.

 

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və Azərbaycan Yazıçılar Birliyinin üzvü Aqil Abbas Azərbaycan xalqının musiqi mədəniyyətinin inkişafında Qarabağ muğam məktəbinin nümayəndələrinin rolundan danışıblar. Vurğulanıb ki, Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz dəst-xətti ilə seçilən sənətkarlardan olan Qədir Rüstəmov məlahətli səsi, özünəməxsus ifası ilə xalqın sevgisini qazanıb.

 

Sonda çıxış edən Qədir Rüstəmovun oğlu Mehdi Rüstəmov tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.5.