Ustad dərsi coğrafiyasını
genişləndirir
Tanınmış pianoçu
və pedaqoq Adilə Əliyeva növbəti
dərsini Sumqayıtda keçdi
Artıq neçə ildir ki, Fransada yaşayan soydaşımız, Azərbaycanın Əməkdar artisti, Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru, tanınmış pianoçu, pedaqoq Adilə Əliyeva Bakıda musiqi məktəblərində ustad dərsləri keçir.
Hər il Mədəniyyət Nazirliyinin dəstəyi ilə musiqi, incəsənət və rəssamlıq məktəblərində təşkil olunan belə ustad dərslərində onlarla sənət həvəsli uşaq və yeniyetmə məşhur sənətkarların tövsiyəsini eşidir. Bu dərslər, məsləhətlər müəllimlərin də karına gəlir.
Təqdirəlayiq haldır ki, ildən-ilə ustad dərslərinin coğrafiyası genişlənir. Məsələn, indiyədək Bakı Musiqi Akademiyasında, paytaxtın musiqi məktəblərində ustad dərsi vermiş Adilə xanımın budəfəki məşğələləri Bakının hüdudlarını aşdı. Fevralın 27-də G.Şaroyev adına 35 nömrəli, ertəsi gün T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəblərində ustad dərsi keçmiş Adilə Əliyeva ayın 29-da Sumqayıtda oldu.
Şəhərdə çalışan, demək olar ki, bütün fortepiano müəllimləri səhər saatlarından Bülbül adına 2 nömrəli Uşaq incəsənət məktəbində keçirilən ustad dərsinə yığışmışdı. Adilə xanımın qarşısında çıxış etməyə, onun məsləhətlərindən bəhrələnməyə hazır şagirdi olan da, olmayan da salonda yerini rahatlamışdı. Deməli, daim öz üzərində işləməyə, verdiyi təhsilin, keçdiyi dərsin keyfiyyətini yaxşılaşdırmağa çalışan əsl pedaqoqlar bu imkanı dəyərləndirməyi bacarırlar.
Fortepiano sinfində təhsil alan şagirdlər (günün ikinci yarısında Adilə xanımın qarşısında məharətini göstərəcək şagirdlərin hamısı qızlar idi) isə yaman səbirsiz görünürdülər. Aralarında məktəb konsertlərindəki tək bayram qiyafəsində geyinib gələnlər də var idi, həyətdə uşaqlarla oynamağa düşdüyü görkəmdə də. Bəlkə də bu fakt əsasən 8-14 yaşlı qızların Adilə xanımın qarşısında necə çıxış edəcəyinə daxili münasibətini, onların gələcəklə bağlı hədəflərinə bir işarə idi.
Amma günorta başlayan ikinci ustad dərsində balaca boyu, xırdaca hörükləri ilə tam təzad yaradan cəsarətlə səhnəyə çıxan balaca qızcığaz diqqəti çəkir. Səhnədəki qoşa royaldan birinin arxasına keçərək not dəftərini rahatlayıb əyləşəndə məlum olur ki, ayaqları heç pedala çatmır. Olsun, onsuz da fortepiano ixtisasının aşağı siniflərində keçirilən əsərlərin ifasında pedalla işləmək tələb olunmur. Adilə xanımın sevgi dolu baxışları altında qızcığaz çalmağa başlayır. Cəmi bir neçə notun üstündə qurulmuş sadə və yığcam əsərin səslənməsi başa çatır. Adilə xanım balacadan adını soruşur. Cavab gəlir ki, adı Aylindir. Bu dəfə görkəmli ifaçı üzünü salona tutur:
– Bu qızın gözəl gələcəyi var. Oturuşu, əllərini, barmaqlarını düzgün işlətməyi artıq bacarır. Amma, Aylin, bax, bu hissəni belə çalmaq lazımdır ki, notlar ardıcıl gəlsin, musiqi qırılmasın.
Adilə xanım o biri royalın arxasına keçib çalır:
– İndi də sən təkrar et, görüm…
Aylin elə ilk cəhddən ifasındakı qüsuru düzəldir. Adilə xanımın daha bir neçə xırda iradı da növbəti nümunələrdən sonra aradan qalxır.
Aylin növbəti tərif payını və hər gün ən azı 2 saat çalmaq barədə tövsiyəni alıb səhnədən enir. Öyrənirik ki, Aylin hələ orta məktəbin 1-ci sinfində oxuyur, musiqi məktəbinə getməsə də, fərdi hazırlıq keçir. Müəlliminin bu qızın musiqiyə marağının ötəri olmadığı barədə fikrindən sonra anası onu Adilə xanımın ustad dərsinə gətirib.
Aylinin ardınca Aysu, Nəzrin və digər qızlar bir-birini əvəz edir. Adilə xanım onların ifasını dinləyir, qüsurları, ümumiyyətlə, çalğı texnikasındakı nöqsanları da deyir. Şagirdlər yanlışlıqlarını düzəltməyincə onları səhnədən buraxmır. Əslində elə balaca pianoçular da səhnəni çox könülsüz tərk edirlər. Hər kəs istəyir ki, ustad sənətkarın qarşısında daha çox çalsın, onun dəyərli tövsiyələrini dinləsin.
…Şənbə günü səhərdən bəri Bülbül adına məktəbin konsert salonunda əyləşib Adilə xanımın şagirdlərin ifası barədə qeydlərini diqqətlə izləyən, yetirmələrinin çıxışını video lentə alan musiqi müəllimləri, səbirlə övladının ifasını izləyən xanım valideynlər də görkəmli musiqiçidən minnətdarlıq kəlmələri eşitdilər: “Sağ olun ki, şagirdlərinizlə ciddi məşğul olur, onların istedadının üzə çıxmasına çalışırsınız. Valideynlərə, əsasən də analara xüsusi təşəkkür düşür. Biz bütün uğurlarımızın təməli üçün onlara borcluyuq”.
G.MİRMƏMMƏD
Mədəniyyət.- 2020.- 4 mart.-
S.1;5.