Solmayan sevgi
çiçəkləri
Klassik dramaturgiyaya müasir baxış, yeni estetik yanaşma yaxşı tendensiyadır. Təbii ki, əsərin orijinal dramaturji həlli və onun ideyasına xələl gətirmədikdə. Azərbaycan Dövlət Kukla Teatrının nəzdində yaradılan “Oyun” teatrının təqdimatında Cəfər Cabbarlının “Solğun sevgilər” əsərinin tamaşası belə nümunələrdən biridir. Tamaşa martın 1-də teatrın Mədəniyyət Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə layihəsi olaraq nümayiş etdirildi.
Teatrın nəzdindəki qurulan yeni qrupa sağlamlıq imkanları məhdud yuxarı yaş qrupunda həvəskarlar cəlb olunub. Ötən ilin sonlarında premyera ilə gündəmə gələn “Oyun”çuların “Solğun sevgilər”i fərqli səhnə yozumu və həvəskarlarla peşəkar aktyorların səhnə performansı baxımından maraqlıdır.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Səidə Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, musiqi tərtibatçısı Vüqar Camalzadə, xoreoqrafı Elnur İsmayılovdur. Rolları Xəqani Əliyev, Aysel Əlizadə, Nazlı Əliyeva, Səma Məmmədova, Rəsul Məmmədli, Taleh İsmayılov, Ceyhun Mahmudov, Rüxsarə Zeynalova, Nurlan Əhmədov, Şamxal Xələfli, Rafael Mustafayev, Nəsib Şamxalov, Rüfət Şahpələngov, eləcə də aktyorlar Türkay Cəfərli, Ülviyyə Əliyeva, Məleykə Cəfərova, Zümrüd Qasımova və Günay Əhməd oynayırlar.
Tamaşanın quruluş həllində qeyd olunmalı müsbət cəhətlərdən biri fiziki imkanları məhdud insanlara fərdi oyun imkanları daxilində realizə sərbəstliyi verilməsidir.
İnsanlara sevginin saflığını hər şeydən üstün tutmağı təlqin edən əsərin süjet xəttini qoruyan rejissor hiyləgər Gülnisənin simasında saf məhəbbətin qatilini çılpaqlığı ilə tamaşaçıya çatdırır. Ülviyyə Əliyevanın eqosu ilə yüksək ana obrazı inandırıcı olduğu qədər də baxımlıdır. Bu, Bəhram (Türkay Cəfərli) və Pəri (Günay Əhməd) obrazlarına da şamil olunmalıdır. Tamaşa boyu sevdiyinə hər vəchlə sahib çıxan, onu çarəsiz Saranın (Məleykə Cəfərova) əlindən ustalıqla alan Pərini aktrisa obrazın bütün estetikası ilə baxımlı təqdim etməyi bacarır. Onun qəhrəmanının qadın qətiyyəti və sonradan qurbana çevrilməsi – Bəhram tərəfindən boğularaq öldürülməsi – tamaşaçını daha çox təsirləndirir. Ümumilikdə bu ikilinin dueti uğurlu alınmaqla yanaşı miskin Bəhramı tam başqa bir ampluada (romantik və bir az da eyş-işrətə həris) görməyimizə də zəmin yaradır.
Saranı canlandıran gənc aktrisa da obrazın yükünü, sürətli xarakterik deformasiyasını, reallıqdan ruha çevrilişini tamaşaçıya ifadə baxımından çətinlik çəkmir.
Həvəskarlar Xəqani Əliyevin Azadı, Aysel Əlizadənin Dənizi, Taleh İsmayılovun Əbdülü, Nazlı Əliyevanın Tamamı səhnədə baxımlı, azad və ən əsası, səmimi idilər.
Quruluş müəllifinin çağdaş teatr elementlərindən yararlanması, kino texnikasının səhnəyə inteqrasiyası ilə kompozisiyalı keçidlərə üstünlük verməsi baxımlı idi.
Uyğunlaşdırılmış musiqi həlli və plastika üzrə pedaqoqun təyin etdiyi hərəkət menyusu da rəngarəng alınmışdı.
Təbii ki, bütün bunlar tamaşanın ümumi tempinə də müsbət təsir edir və onun təsir gücünü artırır. Səhnə işini maraqlı və fərqli edən bir cəhət də onun pafosdan, statik “mizançılıqdan” qaçmasıdır. Məhdud səhnədə fərqli manevrlər edən aktyorlar bizi adi oyun-ifadə formalarında fərdi nümayişə dəvət edirlər və istər dialoqlarda, istərsə də rəqslərdə əsas obrazdan epizoda hamı aydın görünür.
HƏMİDƏ
Mədəniyyət.- 2020.- 4 mart.-
S.5.