Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib

 

Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Əməkdar incəsənət xadimi Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.

 

Emin Məmmədov yaradıcı sülalənin nümayəndəsidir. Atası Səlhab Məmmədov tanınmış heykəltəraş, Azərbaycanın Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

 

O, yaradıcılıq qabiliyyətinin ona atasından keçdiyini deyib: “Mənim uşaqlığım emalatxanada keçib. Ora rəssamlar gəlirdi və mən daim bu yaradıcılıq ab-havasında olmuşam, atamla birlikdə onun dostlarının emalatxanalarına getmişəm. Pionerlər evinə rəsm dərnəyinə gedirdim. Sonra rəssam German Jeqlovla tanış oldum. 13-14 yaşlarında müntəzəm olaraq onun emalatxanasına gedirdim, 15 yaşında isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Yaradıcılıq həyatım beləcə başladı. Sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Rəssamlıq fakültəsində oxudum”.

 

Emin Məmmədova fəxri üzv mantiyasını Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış heykəltəraş Zurab Sereteli təqdim edib.

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.8.