Xocalı şəhidləri Ankaradakı
Yıldırım Bəyazid Universitetində anılıb
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Türkiyənin müxtəlif şəhərlərində anım tədbirləri, konfrans və panel toplantıları keçirildi. Belə tədbirlərdən biri fevralın 27-də Azərbaycanın Ankaradakı səfirliyi, Yıldırım Bəyazid Universiteti və Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşdi.
Ankara Yıldırım Bəyazid Universitetində keçirilən “Xocalı qətliamı və Dağlıq Qarabağın işğalı” mövzulu paneldə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, institutun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, tarixçilər Tofiq Nəcəfli, Güntəkin Nəcəfli, universitetin rektoru İbrahim Aydınlı, ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim, Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba, Qazi Universitetinin professoru, tarixçi Selma Yel, elm adamları, tələbələr və mətbuat nümayəndələri iştirak edirdi.
Universitetin rektoru İbrahim Aydınlı açılış nitqində Xocalı soyqırımından bəhs edərək bildirdi ki, ali təhsil ocağının ərazisində Xocalı parkının yaradılması və burada soyqırımı abidəsinin ucaldılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.
Əhməd Baba çıxışında Xocalı soyqırımını Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı kontekstində dəyərləndirdi, ermənilərin bu qırğını və işğalı təkbaşına deyil, havadarlarının dəstəyi ilə həyata keçirdiklərini vurğuladı.
AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov tədbirin təşkilinə görə Əhməd Baba və Yıldırım Bəyazid Universitetinin rektoru İbrahim Aydınlıya minnətdarlığını bildirdi, Xocalı soyqırımı haqqında geniş məlumat verdi.
Səfir Xəzər İbrahim erməni cəlladlarının xalqlarımıza qarşı törətdikləri çoxsaylı soyqırımı aktları barədə dünya ictimaiyyətini davamlı olaraq məlumatlandırmaq üçün Xocalı soyqırımı həqiqətlərinin yayılmasının önəmindən danışdı.
Tədbirdə daha sonra YBU-nun professoru, dekan Qüdrət Bülbül, tarixçi alimlərimiz Tofiq Nəcəfli, Güntəkin Nəcəfli və Cəbi Bəhramov çıxış etdilər.
Çıxışlarda ermənilərin işğalçılıq siyasətindən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyətindən, bu çərçivədə görülən işlərdən danışıldı.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 4 mart.-
S.6.