Səyyah-rəssamın yaradıcılığı

 

Səyyah-rəssam kimi tanınan Çingiz Əzizov 1947-ci ildə Gəncədə anadan olub. Bir neçə il Ucar rayonunda yaşayıblar. Sonra ailələri Gürcüstana köçüb.

 

Rəsm çəkməyi kiçik yaşlarında – qara qələmlə sadə təsvirləri, quşları, gölləri və insanların profildən görünüşünüs. çəkən anasından öyrənir. Tədricən təsviri sənətlə tanışlıq dövrü başlayır.

 

Rəssam həmin dövrü belə xatırlayır: “Günlərin birində – təxminən on yaşım olardı – uşaqlarla birlikdə həyətdə velosiped sürürdük. Yolda rəsm çəkən bir adam qarşımıza çıxdı. O, uzaqda, yaxında olan evləri təsvir edirdi. Digər uşaqlar çıxıb getsələr də, mən qalıb rəssamı maraqla seyr edirdim. Bu rəssamlıqla ilk tanışlığım oldu. İkinci tanışlığım isə orta məktəbdə oxuyarkən müəllimənin məni rəsm çəkməyə həvəsləndirməsi ilə oldu”.

 

13-14 yaşına qədər Gürcüstanda təbiət qoynunda yaşayan rəssamın atası o illərdə ayaqqabı ustası işləyirdi. Yağışlı havalarda işə getməz, ovçuluqla məşğul olardı. Çingiz də atası ilə ova gedər, gecə saatlarınadək meşələri, dağları gəzərdi. Elə bu dövrdə Çingiz rəssam olacağına qərar verir. Yaş kağızda akvarel rəsm texnikasını dərindən öyrənməyə xüsusi maraq göstərir.

 

1962-ci ildə ailəsi Azərbaycana qayıdır. Bir il Göyçayda yaşayıb, sonra Bakıya köçürlər. Həmin illərdə o, Krasnodarda Rəssamlıq Texnikumuna daxil olsa da, təhsilini yarımçıq qoyub valideynlərinin yanına qayıdır. 1963-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna daxil olur, əlaçı tələbə kimi seçilsə də, burada da təhsilini yarımçıq qoyur. Nəhayət, 1968-ci ildə rəsmxət və təsviri incəsənət müəllimliyi üzrə diplom alır. Elə bu illərdən respublikaümumittifaq sərgilərində iştirak etməyə başlayır.

 

Akvarel sahəsində yüksək ustalığa çatan Çingiz Əzizov özünü bu texnikanın ciddi  çərçivələri ilə məhdudlaşdırmır, təsviri sənətin müxtəlif forma və janrlarında işləyir. Yaradıcılığında daha çox qrafik əsərlər yaratmağa üstünlük versə də, keramika və rəngkarlıq texnikasında əsərləri də mövcuddur. Rəssam tamamilə sərbəst şəkildə akvareldən istifadə edərək, kağızda rəng və kompozisiya həllini mükəmməl şəkildə yerinə yetirir. O, təsvirləri cizgilər çəkmədən, palitrasız və quaşdan istifadə etmədən çəkir. Burada rəssamın özünəməxsusluğu onun rəngləri, ritmi, xətləri, plastik həcmləri və obrazları, onları tamamlayan poeziyaruh ilə axtarıb tapmasında özünü göstərir.

 

Onun əsərlərinə diqqət yetirsək, dramatizm, temperament, incəlik, poeziya və müdrikliklə dolu təsvirləri görərik. Akvarel texnikası ilə çəkdiyi “Narlar”, “Əlincə dağı”, “Qış nağılı” , “Oğuz dağları” və s. əsərləri buna misaldır.

 

Daim yaradıcılıq axtarışında olan Çingiz Əzizov 1964-cü ildən etibarən Azərbaycanın bölgələrini gəzərək əsərlər çəkir. Bu səyahətləri zamanı çoxlu sayda etüdlərdən ibarət albom meydana gəlir. On dörd il müxtəlif rayonlarda çadırda yaşayan rəssam, təsvir etdiyi bölgələrin adət-ənənələrini dərindən öyrənib. Bəzən bir kəndi müxtəlif rakurslarda təsvir edərək kəndin ümumi obrazını yaradıb. Rəssamın “Çadır sərgiləri” layihəsi belə ərsəyə gəlib.

 

Səyyah-rəssam 1967-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur. 1970-ci ildə yaratdığı “Dağ çörəyi” adlı akvarel tablosu bir neçə jurnalda, açıqcada və 1983-cü ildə isə “Sovet akvareli” kitabında dərc edilir. Həmin əsər rəssamın sanki vizit kartına çevrilir. Bu illər ərzində Çingiz Əzizovun rəsm əsərləri bir çox respublika, xariciümumittifaq sərgilərində nümayiş olunur. 70-80-ci illərdə bir çox ölkələrə – Kuba, Türkiyə, Yaponiya, Efiopiya, Monqolustana səfərlər edir və sərgilərin iştirakçısı olur, Moskvada fərdi sərgisi (1986) keçirilir.

 

Onun əsərlərində xüsusi məna çalarları var. Qobustanın qayaüstü təsvirlərindəki “əli geniş açılmış insanfiqurunu Çingiz Əzizovun daxili aləmini, xarakterini  əks etdirən bir çox akvarel işlərində, keramikalarında görmək olar.

 

Rəssamın yaradıcılığı gündəlik həyatın gerçəklərindən, daimi müşahidələrindən qaynaqlanır. Yaradıcılığında dünya mədəniyyətinə, eyni zamanda Azərbaycanın milli mədəniyyətinə, uşaqlıqda atasından dinlədiyi nağıllara, Nizaminin, Nəsiminin, Füzulinin, Ruminin fəlsəfə və poeziyasına da əsaslanır. İnsan ruhunun yüksəkliklərini fəth etməyə çalışan rəssamın, rəngkarlıqda olduğu kimi, poeziyada da, əsas diqqət yetirdiyi mövzu qadına, anaya olan məhəbbətdir.

 

Çingiz Əzizovun əsərləri MoskvadaTretyakov Qalereyasında, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, həmvətənlərimizin şəxsi kolleksiyalarında, Almaniya, ABŞ, Avstriya, Yaponiya, Finlandiya, Türkiyə və s. ölkələrdə saxlanılır.

 

Ziyarət CABBAROVA

Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi

 

Mədəniyyət.- 2020.- 4 mart.- S.7.