Qazaxıstan səfiri Milli
Kitabxananın fəaliyyəti ilə tanış olub
Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarımov fevralın 28-də Azərbaycan Milli Kitabxanasında olub.
Direktor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Qazaxıstan kitabxanaları ilə informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
Ötən il VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində açılışı keçirilən Beynəlxalq əməkdaşlıq zalı barədə danışan Kərim Tahirov qeyd edib ki, 13 ölkənin ədəbiyyatına dair daimi guşədə qazax ədəbiyyatına da xüsusi yer ayrılıb.
Serjan Abdıkarimov Milli Kitabxanada olmasından məmnunluğunu ifadə edərək, gələcək əməkdaşlıq barədə fikirlərini bildirib. Vurğulayıb ki, iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirmək əsas məqsədlərdən biridir.
Kərim Tahirov səfirin Milli Kitabxanaya hədiyyə etdiyi kitablara görə minnətdarlığını bildirib və öz növbəsində ona “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qobustan – minilliklərin kitabı” (Azərbaycan və rus dillərində) və digər kitablar hədiyyə edib.
Qonaqlar Milli
Kitabxananın Beynəlxalq əməkdaşlıq zalı ilə
də tanış olublar.
Mədəniyyət.- 2020.- 4 mart.-
S.7.