“Zənginləşən xəzinəmiz”
Azərbaycan Milli Xalça Muzeyində onlayn
sərgi açılıb
Martın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Zənginləşən xəzinəmiz” adlı sərginin virtual açılışı oldu.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova tədbirdə çıxış edərək sərgi haqqında məlumat verdi. Bildirdi ki, koronavirusun yayılma təhlükəsi səbəbindən muzeylərdə bir çox kütləvi tədbirlər dayandırılıb: “Ona görə də biz ilk dəfə olaraq sərgini onlayn şəkildə açmaq qərarına gəldik. Çünki texnoloji tərəqqi əsrində Milli Xalça Muzeyi dünya şəbəkəsinin saysız-hesabsız yeniliklərini mənimsəməlidir. Ziyarətçilərimiz internet vasitəsilə real zaman rejimində muzeyin sosial şəbəkə səhifəsindən bizi izləyə bilərlər.
Mərasimdə çıxış edən Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev Milli Xalça Muzeyində mütəmadi təşkil edilən sərgilərin əhəmiyyətindən söz açdı. Bildirdi ki, muzeydə milli mədəniyyətimizin qiymətli nümunələri nümayiş olunur. Fikrət Babayev ilk virtual sərgi münasibətilə muzeyin kollektivini təbrik etdi, uğurlar arzuladı.
Daha sonra sərgi təqdim edildi. Muzeyin direktoru sərgidə nümayiş
olunan xalça nümunələrinin hər
biri haqqında məlumat verdi.
Dedi ki, sərgidə 2017-ci ildən
bu günədək kolleksiyaların zənginləşdirilməsi
məqsədilə əldə
edilən xovlu və xovsuz xalçalar, xalça məmulatları, zərgərlik
nümunələri və
geyimlər təqdim olunur. Bu əşyalar
müxtəlif təşkilat
və şəxslər
tərəfindən hədiyyə
edilib, həmçinin
özəl kolleksiyalardan
və məşhur hərrac evlərindən satınalma yolu ilə əldə olunub. Ümumilikdə son üç ildə
muzeyin kolleksiyalarına
68 əşya daxil edilib və onlardan bəzilərinin təqdimat mərasimi artıq keçirilib.
Bu gün təqdim
olunan nümunələrdən
21 eksponat ilk dəfə
sərgilənir.
Sərgidə diqqəti cəlb edən qiymətli eksponatlardan biri muzeyin tarixində ilk dəfə məşhur “Sothebys” hərrac evindən əldə edilən zərgərlik nümunəsi – qadın asma bəzəkləridir. Qacarlar dövrünə
xas üslubda, yüksək bədii zövqlə hazırlanan bu bəzəklər XIX əsrə aiddir. Bu əşyalar öz üslub xüsusiyyətlərinə
görə muzeyin zərgərlik kolleksiyasında
yer alan
eksponatlar arasında unikal nümunələrdir.
Ş.Məlikova dedi ki, ABŞ vətəndaşları Hilari-Dumas
Jones və Jay Jones tərəfindən
muzeyə hədiyyə
edilən Quba xalçaçılıq məktəbinin
ən məşhur kompozisiyalarından olan “Qonaqkənd” xalçası
da sərgidə nümayiş olunur: “Kolleksiyaçılar tərəfindən
bədii, elmi əhəmiyyət kəsb
edən əşyaların
təmənnasız olaraq
muzeyə bağışlanması
onların bu mədəniyyət ocağına
özləri qədər
böyük etibar etdiklərinin göstəricisidir.
Muzeyimiz dövlət və özəl sektorda fəaliyyət göstərən təşkilat
və fiziki şəxslərlə, o cümlədən
Heydər Əliyev Fondu, Dövlət Gömrük Komitəsi,
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu və s. digər qurumlarla sıx əməkdaşlıq
edir. Bu təşkilatlar
tərəfindən hədiyyə
edilən əşyalar
öz kompozisiyası,
texnikası, rəng harmoniyası və ornamentlərinin zərifliyi
ilə muzeyin ekspozisiyasında layiqli yer tutur”.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının dosenti,
Əməkdar rəssam
Məmmədhüseyn Hüseynov
sərgidə nümayiş
olunan “Muğan” xalçası haqqında
məlumat verdi.
Muzeyin Elmi tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin müdiri Aytən Əhmədova isə nümayiş olunan zərgərlik məmulatlarının tarixi və xüsusiyyətləri ilə bağlı çıxış etdi.
Tədbirdə həmçinin muzey tərəfindən hazırlanan “Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından zərgərlik inciləri” adlı kitabın təqdimatı da keçirildi. Kitabda kolleksiyanın yaranma tarixi, burada qorunan müxtəlif çeşidli qadın və kişi zərgərlik nümunələri, bu sənətdə istifadə edilən ənənəvi texnikalar və Azərbaycanın tanınmış zərgərləri haqqında müfəssəl məlumat yer alıb. Kitabın geniş oxucu kütləsinə çatdırılması məqsədilə mətnlər Azərbaycan, ingilis və rus dillərində verilib.
“Zənginləşən xəzinəmiz” sərgisi martın 26-dək ziyarətçilər üçün açıq olacaq.
LALƏ
Mədəniyyət.- 2020.- 6 mart.-
S.1;3.