“Əsas vəzifəmiz professional musiqiçi kadrlar yetişdirməkdir”

 

Bu gün Azərbaycan qadını öz yaradıcı, elmi-pedaqoji fəaliyyəti ilə xalqımızın mədəniyyət tarixinə də mühüm töhfələr verir, çalışdığı sahədə peşəkar mütəxəssis kimi həm özünün, həm də yetirmələrinin nailiyyətləri ilə tanınır. Belə ziyalı xanımlarımızdan biri də Əməkdar müəllim, pianoçu, pedaqoji elmlər namizədi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır.

 

 

 

– Nərminə xanım, gənc yaşlarınızdan çoxsaylı uğurlara imza atmısınız. Bu uğurlara gedən yol barədə danışmağınızı istərdik. Məsələn, məktəbli ikən fortepianonun ağ-qara dilləri sizin üçün nə mahiyyət kəsb edirdi?

 

– Ağ və qara dilləri hələ uşaq yaşlarımdan gözəl səsləri, melodiyaları ifadə etmək üçün bir vasitə kimi qəbul edirdim. Sonralar onlar mənim üçün artıq nəinki bir vasitə, eyni zamanda dərin məna, fəlsəfi əhəmiyyət daşıyıcısı oldu. Uşaqlıqdan müxtəlif müsabiqələrdə, festival və konsertlərdə müvəffəqiyyətlə çıxış etmişəm. Orkestr ilə ilk çıxışım M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında S.Hacıbəyovun rəhbərliyi altında keçib. G.F.Hendelin fortepiano konsertini ifa etmişdim. Sonradan A.Rzayevin, G.Qalıninin, F.Mendelsonun, E.Qriqin konsertlərini ifa etmişəm və mətbuatda S.Qasımova, N.Əliyeva, Z.Stelnik kimi musiqişünaslar ifam barədə müsbət rəylər yazmışlar.

 

Lakin məhz görkəmli dirijor Niyazinin rəhbərliyi ilə ifa etdiyim K.Sen-Sansın konserti mənə çox böyük uğur qazandırmışdı. Mənə təsiredici və yaddaqalan hadisələrdən, konsertlərdən danışarkən istedadlı pianoçu, professor Nəzakət Rimazi ilə birgə Kapellhausda çıxışımızı qeyd edə bilərəm. Çünki bu, Azərbaycanda bir royal üçün dörd əl ilə ifa üçün yazılmış əsərlərdən ibarət olan ilk konsert idi. Fortepiano dueti hər zaman çox populyar janr olub. Lakin Azərbaycanda iki royalda dörd əl üçün yazılmış əsərlərə daha çox üstünlük verilib. Biz isə bir royal üçün yazılmış və işlənmiş V.A.Motsartın, F.Şubertin, S.Raxmaninovun əsərlərindən ibarət konsert tərtib etmişdik. Konsert uğurla keçmiş və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdı. Bizim üçün ən böyük uğur və şərəf isə konserti dinləyən BMA-nın professoru, Əməkdar artist Rafiq Quliyevin dilindən “bravo” eşitmək idi. Daha sonra Tofiq Quliyevin yubileyinə həsr olunmuş konsert keçirildi və mənə o konsertdə iştirak etməyi təklif etdilər. Mən də bəstəkarın populyar mahnılarından ibarət iki royal üçün “Fantaziya” işləmişdim və onu konsertdə ifa etdim. Konsertdən sonra T.Quliyev kimi görkəmli bəstəkardan tərif və təşəkkür eşitmək mənim üçün böyük hadisə idi. Ümumiyyətlə, dörd əlli işləmələrim ilə bağlı dəfələrlə gözəl rəylər eşitmişəm. Onlardan birini xüsusilə qeyd etmək istərdim. İki royal üçün işlədiyim “Fantaziya” tələbələrim konsert üçün öyrənib, sinifdə məşq edirdilər. Bu zaman tanınmış bəstəkarımız Musa Mirzəyev sinfə daxil olaraq, əsəri dinləyir və tələbələrdən əsərin müəllifini öyrənir. Biləndə ki, mənim işləməmdir, Musa müəllim dekanlığa gəlib məni bir xeyli təriflədi, hətta bəstəkarlıq ilə məşğul olmağımı təklif etdi.

 

 

 

– Bəs sevimli bəstəkarınız və ifasını çox dinlədiyiniz pianoçu kimdir?

 

– Mənim sevimli bəstəkarım Sergey Raxmaninovdur. Onun ikinci konsertini hər dəfə dinləyəndə göz yaşlarımı saxlaya bilmirəm. Sevimli pianoçum isə, əlbəttə ki, Fərhad Bədəlbəylidir. Ümumilikdə isə tanınmış pianoçu S.Rixteri çox bəyənirdim. Uşaq vaxtı Moskvada olanda S.Rixterin konsertinə gedib ifasını dinləmişdim və hesab edirdim ki, onun kimi ideal solo ifaçı yoxdur. Lakin bir neçə il əvvəl Praqada müsabiqədə olarkən Q.Sokolovun solo konsertinə getdim və konsertdən çox böyük təəssüratla qayıtdım. Q.Sokolovu dinlədikdən sonra düşündüm ki, indi dünyada onun kimi solo ifaçı yoxdur. O, professional ifaçıdır.

 

 

 

– Məqalənizin birində Fərhad Bədəlbəylini fortepiano ifaçılığında əfsanə adlandırmısınız. O əfsanə ilə nə vaxtsa bir təhsil ocağında fəaliyyət göstərmək ağlınıza gələrdimi?

 

– Heç vaxt ağlıma gəlməzdi. O, doğrudan da, mənim üçün sənətdə əlçatmaz bir zirvədir. Mən hələ uşaq olarkən böyük həvəslə onun konsertinə qulaq asmağa gedirdim. Professor Fərhad Bədəlbəyli emosional, temperamentli, çox hərarətli bir ifaçıdır. Onun konsertindən sonra Fərhad müəllimin  temperamentindən sanki bizə də keçirdi və gələcək inkişafımızı stimullaşdırırdı. Bizim də ifaçılıq texnikamızın bir balaca ona çatması üçün başlayırdıq gündə 5-6 saat çalmağa. Amma o, dahidir.

 

Fərhad müəllimin həyat yoldaşı Nailə xanım mənim sevimli və ilk müəlliməm olub. Nailə xanımın dilindən onu gözəl insan kimi, həmçinin uşaqlıq illərimdən professional ifaçı kimi yaxşı tanıyırdım. Mən indi də onunla çalışıram. Musiqi mədəniyyətimizin, xüsusən də fortepiano ifaçılığının inkişafında onun rolu çox böyükdür. Eyni zamanda, bir rəhbər kimi, rektor kimi də çox demokratik, sadə bir insandır. O, müəllimlərə də, tələbələrə də hər zaman diqqət göstərir, onları dinləyir, çətinlikləri varsa, əlindən gələn köməkliyi göstərir.

 

 

 

– Siz özünüz də musiqimizin təbliği, musiqi maarifçiliyi ilə bağlı müxtəlif bölgələrdə ustad dərslər, layihələr həyata keçirmisiniz. İstərdik bu barədə ətraflı məlumat verəsiniz.

 

– İlk öncə bu layihələrə görə Mədəniyyət Nazirliyinə və Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. Hər zaman mənə dəstək olublar. Azərbaycanın, demək olar ki, bütün bölgələrinə və rayonlarına tələbələrimizi apararaq həm konsertlər təşkil etmişik, həm də həmkarlarımla ustad dərsləri keçirmişik. Bölgələrimizdən olan istedadlı uşaqları kəşf edərək Bakıya yönəltmişik, onlar da musiqi təhsillərini burada uğurla davam etdiriblər. Getdiyimiz hər bir şəhər və rayonda musiqi məktəblərində, musiqi kolleclərində biz hər zaman xoş münasibət, ən əsası isə sənətə böyük həvəs görmüşük. Naxçıvanda olarkən musiqi məktəbində, kollecdə, həmçinin Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında mən və skripka ifaçımız – professor, Xalq artisti Zəhra Quliyeva ilə ustad dərsləri keçirdik. Dərslərimiz bəzən gecə saatlarınadək davam edirdi. Çünki şagird, tələbə və müəllim heyətində çox böyük həvəs, öyrənmək arzusu var idi.

 

 

 

– Uzun müddətdir BMA-da pedaqoji fəaliyyət göstərirsiniz. Dərs dediyiniz onlarla tələbəniz beynəlxalq və respublika müsabiqələr laureatı, prezident təqaüdçüləridir. Bugünkü tələbələrin hazırlıq səviyyəsi, ümumi dünyagörüşü, seçdiyi sənətə marağı haqqında nə deyə bilərsiniz?

 

– İstedadlı gənclərimiz çoxdur və onların geniş dünyagörüşünə sahib olduqlarını, seçdikləri sənətə məhəbbət bəslədiklərini görürəm. Bunun nəticəsidir ki, xarici ölkələrdə keçirilən müxtəlif musiqi festivalları və müsabiqələrdə gənclərimiz böyük nailiyyətlər əldə edirlər. Ümumiyyətlə, tələbələrin hazırlıq səviyyəsi həm tələbənin, həm də müəllimin birgə gərgin fəaliyyətindən asılı olan prosesdir. Bu səbəbdən də mən tövsiyə edərdim ki, musiqi məktəblərində uşaqların sənətdə bünövrəsi düzgün qoyulsun. Sonra isə tələbəlik illərində artıq repertuar yığımı ilə məşğul olub, mürəkkəb əsərlər üzərində çalışmağa başlasınlar, professional səviyyələrini yüksəltsinlər.     

 

 

 

– Siz həmçinin BMA-nın tədris işləri üzrə prorektorusunuz. İdarəçiliklə yaradıcılıq işləri və pedaqoji fəaliyyət nə dərəcədə bir-birini tamamlayır?

 

– Əlbəttə, çətindir. Hazırda prorektorluq işini ən vacib və lazımlı hesab edirəm. Çalışıram ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təlim-tədris işini konservatoriyamızın yüzillik ənənələri və müasir təhsil texnologiyaları əsasında qurum. Bu istiqamətdə işləyərək, biz Avropa təhsil məkanına inteqrasiya edə bilərik və xarici ölkələrdə olan musiqi sənətindəki rəqabətdə üstünlük əldə edərək öz layiqli yerimizi tutmağa müvəffəq olarıq. Bizim ifaçılarımızı Avropada ən tanınmış konservatoriyalara qəbul edirlər, onlar ən mötəbər orkestrlərə dəvət alır, müsabiqələrdə qalib olurlar. Əsas vəzifəmiz yüksək professional musiqiçi kadrlar yetişdirməkdir. Bu məqsəd öz həllini hər bir pedaqoqun sinfində tapmalıdır. Mən də pianoçu-pedaqoq kimi öz tələbələrimə ifaçılığın sirlərini aşılayıram. Sinfimdə təhsil alan gənc pianoçuları nəinki professional bir ifaçı kimi, həm də yüksək mədəniyyət sahibi olan, insani keyfiyyətləri özündə cəmləşdirən bir vətəndaş kimi görmək istərdim.

 

 

 

– Müasir dövrdə klassik musiqinin təbliğində aktual problemləri nədə görürsünüz?

 

– Təbliğat çox önəmlidir. İndi maraqlı layihələr var, klassik musiqini müasir  üslubda, caz üslubunda ifa edirlər. Yəni klassik musiqini müasir dövrün tələbinə uyğun olaraq, gərək elə təqdim edək ki, uşaqların, gənclərin, ümumiyyətlə, hər kəsin qəbul edəcəyi tərzdə olsun və sevilsin. Ancaq bu iş incə zövqlə olunmalıdır.

 

 

 

– Beynəlxalq müsabiqələrdə münsiflər heyətində də yer alırsınız. Azərbaycan musiqisi və Azərbaycan ifaçılıq məktəbi necə qarşılanır?

 

- Təbii ki, çox yaxşı qarşılanır. Bu yaxınlarda İspaniyanın Barselona şəhərində oldum. Bir görəydiniz orada bizim tələbələri necə tərifləyirdilər. Münsiflər heyətinin üzvü kimi rus musiqi məktəbinin nümayəndəsi, Barselona Musiqi Akademiyasının professoru S.Paçekin iştirak edirdi. O da gənclərin ifasından çox razı qalmışdı. Mən həmişə xarici ölkələrə müsabiqələrə gedəndə Azərbaycan bəstəkarlarının əsərlərinin notlarını mütləq özümlə aparıram. Tələbələrimizin repertuarında da mütləq şəkildə bəstəkarlarımızın əsərləri yer alır. Bununla da biz musiqimizi xarici ölkələrdə təbliğ edirik.

 

Ofelya İSGƏNDƏROVA

Ü.Hacıbəyli adına BMA-nın əməkdaşı, musiqişünas

 

Mədəniyyət.- 2020.- 6 mart.- S.7.