“Türk
dünyasının öncülləri”
Şimali Kiprin
tanınmış ədəbiyyatçı və şairi Harid Fedainin 90 illiyi qeyd olunub
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının öncülləri” layihəsinin martın 4-də keçirilən növbəti tədbiri Şimali Kiprin tanınmış ədəbiyyatçısı, şair Harid Fedainin anadan olmasının 90 illiyinə həsr olunub.
TÜRKSOY-un qərargahında keçirilən tədbirə türk dünyasını təmsil edən ədəbiyyatçılar, Türkiyənin millət vəkilləri, Şimali Kiprdən qonaqlar qatılıblar. Əvvəlcə TÜRKSOY-un fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Sonra Harid Fedainin həyat və fəaliyyəti barədə geniş məlumat verilib və sənədli film nümayiş olunub.
Diqqətə çatdırılıb ki, 1930-cu ildə Lefkoşada doğulan Harid Fedai ədəbiyyat və mədəniyyət tarixi tədqiqatçısı kimi dəyərli əsərlərin müəllifidir. O, həmçinin araşdırmaçı-yazar, televiziya və qəzet jurnalisti kimi tanınıb. BRTK televiziyasının qurucusu olub. Kipr türk folklorunun toplanması və öyrənilməsinə töhfələr verib. Şeir kitablarının müəllifidir. 2017-ci ildə vəfat edib.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Orxan Erdem, tanınmış alim Hüseyn Əzilməz, yubilyarın qızı İlay Fedai Taşkın, şairə İltər Yeşilay və başqaları H.Fedainin həyat və yaradıcılığından danışıblar.
Yubilyarın elmi və ədəbi yaradıcılığı, pedaqoji fəaliyyəti nəsillərə örnək kimi dəyərləndirilib.
Türkiyəli aşıq Səlahəddin Dündarın ifasında şairin şeirləri səslənib.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 6 mart.-
S.3.