Akademik Musiqili
Teatrın könüllülər qrupu
yaradılıb
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı incəsənətə, teatra marağı olan gənc könüllüləri öz ətrafına toplayır.
Bu məqsədlə keçirilən və müxtəlif ali məktəb tələbələrinin qatıldığı görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev təşəbbüsün məqsədi barədə məlumat verib.
Sonra o, yeni yaradılan “Akademik Musiqili Teatrın Könüllüləri” qrupuna rəhbərlik edəcək gənc pianoçu – bir sıra dövlət əhəmiyyətli tədbirlərdə könüllülərin işi üzrə koordinator kimi təcrübə qazanmış teatrın əməkdaşı Alüdə Şəkərovanı iştirakçılara təqdim edib. A.Şəkərova “Akademik Musiqili Teatrın Könüllüləri” ideyasının reallaşmasına görə teatr rəhbərliyinə təşəkkür edib.
Direktor onu da qeyd edib ki,
“2020-ci ilin “Könüllülər ili” elan edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin
sərəncamına uyğun olaraq, Akademik Musiqili Teatr könüllü gənclərlə birgə
müxtəlif layihələr həyata keçirməyi düşünür. Proqram
çərçivəsində tələbələr 3 ay müddətində müxtəlif treninqlərə
qatılacaq və teatrın fəaliyyəti ilə daha yaxından tanış olacaqlar.
Aktyorluq qabiliyyəti olan
gənclərlə birgə tamaşa
hazırlanacaq və mövsümün yekununda hər bir
könüllüyə teatr sahəsində
təcrübə keçmələri ilə bağlı sertifikatlar veriləcək. “Teatr
və könüllülük – hər ikisi yüksək dəyərlərdir. Akademik Musiqili Teatr hər zaman belə gənclərə
arzularını reallaşdırmaqda dəstək olmağa hazırdır”, – deyə Ə.Lalayev vurğulayıb.
Mədəniyyət.- 2020.- 6 mart.-
S.5.