Rəssamların Şahdağ
simpoziumu
Bir qrup rəssamın iştirakı ilə Şahdağın ətəklərində yerləşən eyniadlı yay-qış turizm mərkəzində gerçəkləşən simpoziumu (27 fevral – 3 mart) respublikanın mədəni həyatında yaddaqalan hadisələrdən hesab etmək olar. Bunu şərtləndirən səbəblərin ən başlıcası onun iştirakçılarının Azərbaycanın ən yüksək dağ zirvələrindən sayılan Şahdağın gözəllik qaynaqlarına bədii tutum verməsidir.
Martın 3-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində “Art Zone Week – 2020” rəngkarlıq simpoziumunun sərgisi keçirilib.
Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Murad, Eldar Qurbanov, Yelena Haqverdiyeva, eləcə də tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev, Milena Nəbiyeva və Rusiyada yaşayan rəssam Bayram Salamov müxtəlif mövzularda rəsm əsərləri ərsəyə gətiriblər.
“Art Zone Week – 2020” simpoziumunun Azərbaycan təsviri sənətində Səttar Bəhlulzadə fırçası ilə dərin iz salmış mənzərə janrının bir qədər öləzimiş görünən inkişafına təkan olacağına böyük ümid bəsləyən tədbirin təşkilatçısı və ideya müəllifi – məşhur telejurnalist Şakir Eminbəyli bizimlə söhbətində gözləntilərin özünü doğrultduğunu dedi. Bildirdi ki, simpoziumun iştirakçıları burada təkcə mənzərə janrı ilə kifayətlənməmiş, özlərinin arzularında gəzdirdikləri digər janrlı mövzulara da bədii tutum verməyə nail olmuşlar. Ş.Eminbəylinin simpoziumun bundan sonra daha iki – yaz və yay fəsillərində də davam etdirmək niyyətində olduğunu dilə gətirməsi bizdə bu mənəvi toplantıya marağın artacağına inam aratdı...
Doğrudan da, rəssamlarımızın müxtəlif nəsillərinin təmsil olunduğu bu sənətkarlıq tədbiri niyyətinə və bədii tutumuna görə mədəni məkanımız üçün yenidir. İlk addımını ötən ilin payızında Qəbələdə atan bu yaradıcı atmosferli simpoziumun, ikinci – qış toplantısı da Azərbaycan təsviri sənət yaradıcılarının özünü ifadə etmək potensiallarını sərgiləmək baxımından onlara böyük dəstək olduğunu təsdiqləmişdir.
Şahdağın gözəlliyindən, burada xizək sürməkdən, narın qarın ələnməsindən zövq almaqdan usanmayan çoxsaylı yerli və xarici turistlərin gözləri qarşısında rəssamların böyük sərgi salonlarının əvəzsiz bəzəyinə çevriləcək sənət nümunələri yaratmalarına şahidlik etmələri öz-özlüyündə gözlənilməz və çox maraqlı idi. Qənaətimizcə, Şahdağ və onun bir qədər sərtləşmiş görünən təpəli-meşəli təbiəti bura gələnlərin yaddaşında təbiətdə gördüklərindən əlavə, həm də Azər Əliyevin, Yelena Haqverdiyevanın, Müseyib Əmirovun və Bayram Salamovun əsərlərindəki kimi əbədiləşdi. Rəssam təxəyyülü qatılmış mənzərələrdə yurdumuzun bu gözəl guşəsi bir az da arzulanan-romantik tutumda olduğundan tamaşaçını duyğulandıra biləcək estetik gücə malikdirlər.
Anar Hüseynzadənin Şahdağın ətəklərində onun üçün çox doğma olan Abşeron motivlərinə, Elyar Əlimirzəyevin müxtəlif janrların sintezinə, Vüqar Muradın isə onu məşhurlaşdıran portretlər dünyasına qayıdışında həm də əsrarəngiz təbiət motivlərindən qaynaqlanan ruhlandırıcılığı görmək elə də çətin deyildir. Digər rəssamların yaratdığı sənət nümunələrində dağ zirvəsindən “mavi arzu”larına yeni ruhda bədii münasibət duyulmaqdadır.
Bütünlükdə isə, rəssamların Şahdağ simpoziumunu ölkəmizdə həyata keçirilən mədəni layihələrin davamı, bədii tutumlu təzahürü kimi qəbul etmək olar. Onu da qeyd edək ki, rəsm əsərləri mart ayının sonunadək “Şahdağ” mehmanxanasında sərgilənəcək.
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi, professo
Mədəniyyət.- 2020.- 6 mart.-
S.8.