Günəşlə bərq vuran rənglər sənəti
Şəbəkə sənəti gün işığı vasitəsilə nura boyanan, işığın dəyişkən effektləri ilə müxtəlif rəngləri özündə əks etdirən, əsas materialı şüşə olan ecazkar dekorativ- təsviri sənət növüdür. Onu fərqləndirən cəhətlərdən biri işıq və kölgənin təsiri ilə sanki göyqurşağı vəzifəsini yerinə yetirərək yaratdığı əlvanlıq və gözəllikdir.
Bu sənət növünün meydana gəlməsi bilavasitə şüşənin yaranma tarixçəsi ilə bağlıdır. Bəşəriyyətin hər dövrü üçün zəruri material olan şüşə hələ qədim dövrlərdə fövqəl təbii hadisə kimi əcdadlarımızın həyatında yer tutmuşdur. Bu primitiv formaya malik, kəsmə şüşələr vulkanik hadisələr nəticəsində ibtidai dövr insanlarının qarşısına çıxaraq həyatın bir parçasına çevrilmişdir.
İnsanlar tərəfindən şüşənin yaradılması, ona müxtəlif formalar verilməsi isə Misir sivilizasiyası ilə əlaqədardır. Üfləmə texnikası daha zərif təbəqəli materialın istehsalına imkanlar yaradaraq sənətə yeni nəfəs gətirmişdir. Daha sonra şüşə inkişaf edərək Finikiya, Yunanıstan və Roma sivilizasiyalarında da öz layiqli yerini tapmışdır. Romada aparılan arxeoloji qazıntılar nəticəsində aşkar olunan şüşə parçaları onun tarixinin I yüzilliyə qədər uzandığını sübut edir.
Bu sənət sahəsi VII əsrdə ərəblər, daha sonra isə türk xalqları tərəfindən mənimsənilərək müxtəlif örnəklərlə qismən bizlərə gəlib çatmışdır. Xristian dünyasında yalnız dini səciyyə daşıyan və sakral abidələrdə istifadə olunan bu texnika islam dünyasında dini tikililərlə yanaşı, kübar xarakter daşıyan saray, kitabxana, qəsr və imarətlərdə də istifadə olunmuşdur.
Şəbəkə texnikasını ilk sınaqdan keçirənlər isə antik dünya sakinləri – romalılar olmuşdur. Taxtadan hazırlanan möhkəm çərçivə müəyyən simmetrik naxışı əks edən məsamələrlə işlənilir, bu məsamələr isə rəngarəng şüşə qırıntıları ilə doldurulurdu. Artıq XIV əsrdən etibarən isə bu sənət İran, Azərbaycan və Ərəbistanda tam püxtələşərək inkişaf yolunun zirvəsinə yüksəlir. Şəbəkənin bizlərə nağıllar aləmini, cənnəti xatırlatmasının səbəbi isə islam dininin ikonoqrafik fiqurlar və insan obrazlarının təsvirinə icazə verməyərək həndəsi, nəbati ornamentləri məqbul görməsi və o dövrün ustalarının riyazi elmləri və nəbatat aləmini dərindən bilmələri ilə əlaqədardır.
Azərbaycanda şəbəkə sənəti dedikdə ilk olaraq ecazkar bir qüdrətə sahib, əzəmətli memarlıq abidəsi olan Şəki Xan sarayı göz önünə gəlir. Sarayın milli xalçalarımıza bənzəyən, sanki möcüzəvi aləmdən gələn şəbəkə texnikasında icra olunan füsunkar pəncərələri gözümüzün önündə canlanır. Bu pəncərələrin hazırlanmasında çinar ağacı və Venesiyadan gətirilən şüşələrdən istifadə olunmuşdur. Naxçıvan memarlıq məktəbində də şəbəkə texnikası istifadə edilmişdir. Naxçıvan Xan sarayı, Ordubaddakı Sərşəhər məscidi, Qeysəriyyə binası məhz bu qəbildəndir. Güzgü və taxta şəbəkələr bu tikililərin interyerinə qeyri-adi və valehedici ab-hava bəxş etmişdir.
Uzun və zəngin inkişaf yoluna malik şəbəkə texnikası Azərbaycan incəsənətinin həmişəyaşar sənət sahəsidir. Bu sənət artıq atadan oğula ötürülən miras, müqəddəs ailə peşəsi hesab olunur. Bu gün Şəkinin qədim küçələrində, tarix qoxan məhəllələrində kiçik usta emalatxanalarında bu dədə-baba sənəti yaşadılır.
Nigar HƏTƏMOVA
ADRA-nın III kurs tələbəsi
Mədəniyyət.- 2020.- 11 mart.-
S.7.