Mədəniyyət və tarix bilicilərinin mühazirələri

 

İçərişəhərdəki Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində istedadlı təhkiyəçilərin və tarix bilicilərinin mühazirələri təşkil edilib. İsraildə yaşayan və ekskursiyaçı-gid işləyən soydaşımız Rəna Mirqasımova-Fel və onun italiyalı həmkarı Sergey Yermolinski bu vəsilə ilə yenidən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin qonaqları olublar. Tədbir “Paşa Travel” şirkətinin dəstəyi ilə keçirilib.

 

Azərbaycanın məşhur ziyalılar nəslinin nümayəndəsi olan Rəna Mirqasımova-Fel İsraildə ekskursiyaçı-gid kimi yaxşı tanınıb. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində o, “Mahabharata” və “Ramayana” adlı qədim hind eposlarına həsr edilmiş iki mühazirə və təxəyyülü canlandıran “Şivanın kosmik rəqsi və ya allahların əbədi diyarı” mövzusunda daha bir mühazirə oxuyub.

 

Qədim Hindistan mifologiyası nə qədər mürəkkəb və dolaşıq olsa da, Rəna Mirqasımova-Fel bu barədə maksimum sadə dildə maraqlı və inanılmaz dərəcədə hazırcavablıqla söhbət açıb. Mühazirə o qədər maraqlı olub ki, ondan sonra kinorejissor Oqtay Mirqasımov və Bakı Marionet Teatrının rejissoru Tərlan Qorçu da bu mövzuda söhbətə qoşulublar.

 

“Mən heç yerdə özümü burada, ata evindəki qədər yaxşı hiss etmirəm”, - deyən Rəna xanım bildirib ki, Maqsud İbrahimbəyov Mərkəzinin ziyarət edilməsi Bakıya gələn israilli turistlər üçün ekskursiya proqramına daxildir.

 

İtaliyada yaşayan ekskursiyaçılar nəslinin davamçısı, Orta əsrlər və İntibah dövrü incəsənəti tarixi üzrə mütəxəssis Sergey Yermolinski saray intriqaları, böyük incəsənət əsərlərinin sirləri və o dövrün zadəganlarının həyatı barədə, necə deyərlər, hər şeyi bilir. Bu dəfə o, Bakıda iki mühazirə oxuyub – “böyük və dəhşətli” Mediçi klanına qarşı sui-qəsd və Florensiyanın məşhur Uffisi qalereyası barədə. Bu mühazirələrdən birincisi dinləyiciləri təmtəraqlı interyerlər arasında baş verən qətl cəhdlərinin gözəgörünməz şahidlərinə çevirib, ikinci mühazirə isə onları Avropanın ən qədim və məşhur muzeylərindən biri ilə tanış edib.

 

Mədəniyyət.- 2020.- 11 mart.- S.4.