“Azərbaycanla bağlı bütün
fəaliyyətim sevə-sevə icra etdiyim könül işidir”
Türkiyə Cümhuriyyəti Prezidenti Administrasiyası yanında Təhlükəsizlik və Xarici Əlaqələr Qurumunun üzvü, professor İsmayıl Safi Azərbaycanda tanınan simalardandır. Özünün də qeyd etdiyi kimi, ölkəmizlə əlaqələri illər öncədən başlayıb. Bu gün də fəaliyyətində türk dünyası, o cümlədən Azərbaycanla əlaqələr xüsusi yer tutur.
– Mənim Azərbaycanla əlaqələrim 1990-cı illərdən başlayır. Öncə onu deyim ki, 2001-ci ildə Türkiyədə indiki hakim Ədalət və İnkişaf Partiyasını (AKP) yaradan 75 nəfərdən biriyəm. 5 il partiyanın xarici əlaqələr şöbəsinin müdir müavini olmuşam. Xarici əlaqələr üçün əqidədaşlarım Avropa, Amerika, Yaxın Şərqi seçəndə mən türk dünyasına, özəlliklə də Azərbaycanla bağlı fəaliyyətə üstünlük verdim. Yəni bu mənim üçün bir vəzifə də olsa, Azərbaycanla bağlı bütün fəaliyyətim sevə-sevə icra etdiyim könül işi olub və bu gün də belədir.
13-14 il öncə Bakı və Antalyada ard-arda Türk dünyası qurultayları keçirildi. Hörmətli prezidentimiz bu qurultayların koordinatorluğunu mənə həvalə etdi. O zaman Bakıda da tədbirlər düzənlədik. Bu işlərin kökündə isə Türkiyə ilə Azərbaycanın qardaşlığı dayanır. İki ayrı dövlət olub bu qədər doğma, isti münasibətin, eyni ideyaları daşımağın dünyada ikinci bir bənzəri yoxdur. Ona görə də xalqlarımızın dilinin, adət-ənənələrinin eyni olması ilə yanaşı, düşüncələri də, demək olar ki, fərqli deyil. Azərbaycan-Türkiyə qardaşlığını yaşatmaq mənim üçün rəsmi bir məsuliyyət olmaqla yanaşı, arzularımızın, ideyalarımızın və əməllərimizin həyata keçirilməsində mənəvi borcdur. Bu əlaqələr həm dövlət, həm də qeyri-dövlət təşkilatları səviyyəsində davam edir və zamanla daha da irəliyə gedir.
– 2018-ci ildə Prezident Administrasiyasında Təhlükəsizlik və Xarici Əlaqələr Qurumuna üzv seçildiniz. Bildiyimə görə, qurumda 12 elm adamı və siyasətçi təmsil olunur. Professor İsmayıl Safinin bu qurumda əsas vəzifəsi nədir?
– Əslində, qurum daxilində aktual olan bütün mövzular hərtərəfli müzakirə olunur, sonra hörmətli Prezidentimizin qərarı ilə qurum yekun qərarını verir. Məsələn, xarici siyasət mövzusunda deyək ki, Azərbaycanla, Qarabağ problemi ilə, yaxud Rusiya, Suriya ilə bağlı müzakirələr aparılırsa, türk dünyası və Avrasiya mövzuları ilə əlaqədar olduğuma görə bu mövzular üzrə vəzifə daşıyıram. Əslində, özüm təşəbbüs göstərdiyim üçün bu vəzifə mənə verilib. Düşünürəm ki, hər kəs aid olduğu yerdə daha faydalı işlər görə bilər. Məsələn, mən Afrika mövzusunu bilmirəmsə, o bölgə ilə məşğul olmağım doğru deyil. Amma Azərbaycanla bağlı bir məsələ olursa, mütləq orada Prezident Administrasiyası adına təmsil olunuram.
Dövlətin təhlükəsizlik siyasəti bir çox sahələri əhatə edir: buraya informasiya təhlükəsizlik, kiber təhlükəsizliyi kimi məsələlər də daxildir. Biz də müvafiq qurum olaraq bütün təhlükəsizlik məsələlərini müzakirə edib, o mövzularda fikirlərimizi, tövsiyələrimizi bildirir və təkliflər hazırlayırıq.
– 2006-cı ildən Rusiya Prezidentinin təşəbbüsü ilə yaradılan Rusiya İslam Dünyası Birliyi fəaliyyətdədir. Türkiyə tərəfdən bu işləri koordinasiya edən bir təmsilçi olaraq birliyin fəaliyyətini, gördüyü işləri necə dəyərləndirirsiniz?
– Mənim bir sahəm də Avrasiya ilə əməkdaşlıq olduğu üçün Rusiya ilə əlaqələrim çox olur. Rusiya İslam Dünyası Birliyinin gördüyü işləri də qənaətbəxş sayıram. Rusiyada türk və müsəlman toplumu coğrafiya olaraq çox böyük ərazini əhatə edir. Mütəmadi toplantılarımız olur. Ən son 4 ay öncə Ufada bir araya gəldik. 2018-ci ildə də Moskvada Rusiya və Türkiyə xalqlarının konqresini təşkil etdik. Belə bir tədbiri 2015-ci ildə də keçirmişdik. Həmin il Rusiya ilə Türkiyə arasında məlum təyyarə vurulması hadisəsi olmuşdu, münasibətlərin soyuq olmasına baxmayaraq bu tədbir baş tutdu. Təbii ki, zamanla Rusiya ilə Türkiyə arasında münasibətlər bəzən yaxşı olmur, amma bu müvəqqəti haldır. Belə bir konqresin gələcəkdə Ankarada, İstanbulda da təşkil olunmasını nəzərdə tutmuşuq.
– Bir siyasətçi və elm adamı olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsünüz?
– Mən Azərbaycanda çox olmuşam. 20 Yanvar faciəsi, Xocalı qətliamı ilə bağlı çox tədbirlərdə iştirak etmişəm. Türkiyənin universitetlərində, müxtəlif ölkələrdə bu mövzularda tarixi həqiqətlərin yayılması ilə bağlı konfranslar keçirdik, tədbirlər təşkil etdik. Bu günlərdə Prezident İlham Əliyev Ermənistanın baş nazirinə konkret olaraq bir daha söylədi: Qarabağ Azərbaycan torpağıdır. Bunu Birləşmiş Millətlər Təşkilatı da, beynəlxalq hüquq da, Avropanın təşkilatları da təsdiq edir. Mən hesab edirəm ki, Qarabağ məsələsində zaman bizim lehimizə işləyir. Biz doğru olanı edirik, heç bir güzəştə getmədən deyirik ki, Qarabağ Azərbaycan torpağıdır. Hər bir fürsətdə bunu Türkiyə də söyləyir.
Mən təxminən 6-7 il öncə millət vəkili olaraq Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının rəhbəri olaraq İrəvana getdim. Azərbaycan nümayəndə heyətinin rəhbəri də Asəf Hacıyev idi. Orada mətbuat konfransı keçirdik, ən çox suallar da Asəf bəylə mənə ünvanlanmışdı. Daha çox da Türkiyə nədən Ermənistanla sərhədləri açmır deyə, ittihamedici suallar verilirdi. Həm işğalçılıq et, həm də mühakimə. Ermənistanda xəstəlik dərəcəsində türk düşmənliyi var.
Biz yüz minlərlə şəhid verdik, amma kindar xalq olmadıq, hər zaman xoşniyyətli olduq. Dünya miqyasında tanınmış Kamal Karpat yazır ki, Qafqazlardan, Balkanlardan, Orta Şərqdən 7 milyon türk hərəkət etdi, ən azı 3 milyonu yollarda, olduqları yerdə öldülər, qətl edildilər. Çox təəssüf, türk xalqının başı çəkən bunca sitəmi unutduq və əlbəttə ki, bu qədər unutqanlıq çox pisdir. Bosniyanın mərhum lideri Aliya İzzetbeqoviç deyir: “Soyqırımı unutmayın, çünki unudulan soyqırımı təkrarlanır”. Bu məsələdə Türkiyə də, Azərbaycan da zaman-zaman unutqanlıq edib. Biz kindar olmamalıyıq, amma tarixi də unutmamalıyıq.
– Yeri gəlmişkən, Türkiyə kimi bir ölkənin başqa dillərdə yayılan media qurumu azdır. Amma Rusiyanın “Sputnik” media qurumu 34 dildə, o cümlədən Türkiyədə fəaliyyət göstərir.
– Təbliğat işini Rusiyadan gözəl bilən yoxdur. Bu məsələdə biz də mövcud geriliyi aradan qaldırmalıyıq. Mən hər zaman Rusiya ilə elmi əməkdaşlığın genişləndirilməsinə üstünlük verirəm və bu istiqamətdə ümidverici fəaliyyətlərimiz var. Türkiyə üçün gələcək inkişaf elm və təhsil səviyyəsinin yüksəldilməsindədir. Təəssüf ki, ölkəmiz hələ elmdə geri qalıb. Rusiya ilə Türkiyə dövlət başçılarının rəhbərliyilə yaradılan Yüksək Səviyyəli Əməkdaşlıq Şurası var. Onun nəzdində bir sıra komitələr fəaliyyət göstərir. Biri də Elm və təhsil komitəsidir. Bizim 20 universitet bu komitənin üzvüdür. Azərbaycanın da Türkiyə ilə Rusiya arasında münasibətlərdə xüsusi yeri var. Azərbaycan zaman-zaman bu prosesdə həm bir vasitəçi, həm də əməkdaşlıq üçün bir qapı rolunu oynayır.
Mehparə SULTANOVA
Ankara
Mədəniyyət.- 2020.- 11 mart.-
S.6.