İlk uşaq baletimizi yaradan sənətkar
Əşrəf Abbasov-100
Azərbaycan musiqisi tarixinə böyük töhfələr vermiş görkəmli sənətkarlardan biri də Xalq artisti, professor Əşrəf Abbasovdur. Bu il anadan olmasının 100 illiyi tamam olan bəstəkar əsərləri ilə musiqi mədəniyyətimizi zənginləşdirib.
Əşrəf Cəlal oğlu Abbasov 23 mart 1920-ci ildə Azərbaycanın “təbii konservatoriya”sı sayılan Şuşa şəhərində anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir və valideynləri onu 1933-cü ildə şəhərdə yeni açılmış musiqi məktəbinin tar sinfinə qoyurlar. Burada tar müəllimləri Həmzə Əliyev və Rəsul Əsədovdan sənətin sirlərini mənimsəyir. Musiqi nəzəriyyəsini isə Fatma Zeynalovadan öyrənir.
Əşrəf hələ burada təhsil alarkən bəstəkarlığa meyil edir. Yazdığı kiçik pyeslər və etüdlərlə müəllimlərinin diqqətini çəkir. Fatma xanımın məsləhəti ilə valideynləri onun əsərlərini toplayıb Üzeyir Hacıbəyliyə göndərirlər. Dahi bəstəkar əsərlərlə tanış olur və onun Bakıya gəlməsini tövsiyə edir. Beləliklə, Əşrəf Abbasov 1936-cı ildə Bakıya gəlib Musiqi Texnikumuna qəbul olunur. Tələbə ikən bir sıra mahnılar, fortepiano üçün pyeslər bəstələyir. 1938-ci ildə tar ifaçısı kimi Moskvada keçirilən incəsənət ongünlüyünə qatılır.
O, musiqi təhsilini uğurla başa vurduqdan sonra 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsinə daxil olur. Professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Burada həmçinin Üzeyir bəylə yaxın təmasda olur. Bu da onun yaradıcılığının formalaşmasına mühüm təsir göstərir. Ü.Hacıbəyli dərs zamanı gənc bəstəkarlara deyərmiş: “Milli incəsənətin yüksək nümunələrini yaratmaq üçün bəstəkar nəinki musiqi yaradıcılığının nəzəri əsaslarını bilməli və bəstəkarlıq texnikasına mükəmməl yiyələnməli, həm də xalq musiqisinin xarakterik xüsusiyyətlərinə və qanunlarına dərindən bələd olmalıdır”.
Böyük bəstəkarın bu fikirləri Ə.Abbasova yaradıcılıq istiqaməti verir. O, bütün həyatı boyu müəlliminin ənənələrinə sadiq qalır. Xalq musiqisinə yaradıcılıqla yanaşmağı heç zaman unutmur. Müəllimini dərin ehtiramla xatırlayır. Ü.Hacıbəyli yaradıcılığının ilk tədqiqatçılarından olur.
O, tələbə ikən violonçel və fortepiano üçün sonatina, skripka və fortepiano üçün variasiyalar, qaboy və fleyta üçün pyeslər, A.Şaiqin “Fitnə” əsərinin tamaşasına musiqi yazır. Simfonik orkestr üçün üç hissədən ibarət “Rəqs süitası” 1944-cü ildə Tbilisidə keçirilən musiqi incəsənəti dekadasında R.Qlier və S.Vasilenko kimi görkəmli mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.
Ə.Abbasov geniş dünyagörüşünə malik bəstəkar kimi klassik irsi dərindən mənimsəyib. Müasir musiqinin ən yaxşı nümunələrindən bəhrələnərək xalq dilində təravətli obrazlar yaradıb. Buna görə də onun yaradıcılığı janr rəngarəngliyi ilə seçilir. O, uşaqlar üçün ilk böyük musiqili səhnə əsəri – “Qaraca qız” baletinin müəllifidir. Bəstəkar həmçinin “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənim” musiqili komediyaları, simfonik orkestr üçün əsərlər (“Şuşa”, “Gələcək gün”, “Dramatik poema”), “Heyran olmuşam”, “Gözəl yar”, “Qurban olduğum”, “Oxu, bülbülüm”, “Qarabağın qızları”, “Ceyranım, gəl” və s. məşhur mahnı və romanslar ərsəyə gətirib. Sənətkar eyni zamanda instrumental musiqiyə də müraciət edib. Skripka, violonçel, fortepiano, nəfəsli alətlər üçün, həmçinin, kamera ansamblı, xalq çalğı alətləri orkestri üçün əsərlər yazıb. Bu qəbildən olan əsərləri tədris proqramlarına da daxil edilib.
Ə.Abbasovun “Qaraca qız” baleti müəllifin mühüm yaradıcılıq uğuru kimi qiymətləndirilir. Balet bu gün Akademik Opera və Balet Teatrının repertuarındadır.
Bəstəkarın “Səndən mənə yar olmaz”, “Dağlar qoynunda” və “Həyətim mənim, həyatım mənim” musiqili komediyaları da indiki Akademik Musiqili Teatrın səhnəsində nümayiş etdirilib.
Ə.Abbasov konservatoriyada təhsil aldığı illərdə eyni zamanda pedaqoji fəaliyyət göstərib. Konservatoriyanın nəzdində onillik musiqi məktəbində musiqi nəzəriyyəsini tədris edib. Sonra Moskva Dövlət Konservatoriyasının aspiranturasında oxuyur. “Üzeyir Hacıbəyli və onun “Koroğlu” operası” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsi alır. O, Azərbaycan bəstəkarları arasında ilk sənətşünaslıq namizədi olub.
Çoxcəhətli yaradıcılıqla yanaşı, ictimai xadim kimi də tanınan Ə.Abbasov A.Zeynallı adına Musiqi Texnikumunun direktoru, Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1953-1957) olub, yeni bəstəkarlar nəslinin yetişdirilməsinə öz töhfələrini verib. Bəstəkar həqiqi sənətkar olmağın əsas meyarlarını belə ifadə edirdi: “Yaşadığı mühitin varlığına nüfuz etməyən, müasirlərinin həyatı, arzu və istəkləri ilə yaşamayan sənətkarlar heç vaxt xalq tərəfindən sevilən əsərlər yarada bilməzlər. Sənət adamı daim axtarmalı, qəhrəmanın daxili aləminə nüfuz etməli, onu sevib-düşünən, qurub-yaradan bir insan kimi qələmə almalıdır”.
Görkəmli sənətkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq artisti” fəxri adlarına, “Şərəf nişanı” ordeninə və digər mükafatlara layiq görülüb. 1992-ci il fevralın 8-də vəfat edib.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2020.- 13 mart.-
S.7.