\
Kənd təsərrüfatı
və həyatının tarixi ekspozisiyası
'''Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi''' - 1923-cü ildə respublika hökuməti və Torpaq Komissarlığının təşəbbüsü ilə yaradılıb. Əvvəlcə kənd təsərrüfatı və sənaye-ticarət satışı sərgisi kimi təşkil edilib. Sonralar burada nümayiş olunan eksponatlar zənginliyinə görə böyük marağa səbəb olduğundan muzey kimi fəaliyyətə başlayıb. Muzeyin Azərbaycanda kənd təsərrüfatının tarixini və bu gününü əks etdirən eksponatlarla zəngindir. Muzey Azərbaycanın kənd təsərrüfatında istifadə olunan əmək alətləri, kənd təsərrüfatının inkişaf tarixi, Azərbaycan iqtisadiyyatının inkişafında rolu olan əmək qəhrəmanları haqqındadır. Dünyada bu təyanatlı yalnız 5 muzey fəaliyyət göstərir.
1925-ci ildən fəaliyyətinə artıq elmi təmayüllü idarə kimi davam edən muzeydə k/t fakültəsinin tələbələri, müəllimlər, təbiətşünaslar, coğrafiyaçılar üçün Azərbaycanşünaslığa aid silsilə mühazirələr təşkil olunurdu. Bundan əlavə muzeyin laboratoriyasında istehsal tullantılarının mümkün utilizasiyası və qiymətli k/t bitki sortlarının öyrənilməsi məqsədilə tədqiqat işləri aparılırdı. Muzey respublikanın ictimayi-siyasi, mədəni həyatında da böyük rol oynayırdı. 1925-ci ildə keçirilən beynəlxalq Paris sərgisində Azərbaycan pavilyonunun muzey tərəfindən hazırlanması və respublikanı təmsil etməsi də bu faktı təsdiq edir.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarı ilə 1926-cı ildə muzey Xalq Torpaq Komissarlığına verildi və Kənd Təsərrüfatı Muzeyi adlandırıldı. Əsasnaməsində deyildiyi kimi elmi-təbliğat, mədəni-maarif və elmi-tədqiqat idarəsi olan muzeyin fəaliyyəti bundan sonra daha da genişləndi. 1926-cı ilin fevralında muzeydə Azərbaycanda ilk dəfə Toxum-nəzarət Stansiyası təşkil olundu. Həmin dövrdə muzeydə kimya və fotoqrafiya laboratoriyaları, geniş kitabxana da fəaliyyət göstərirdi. 1927-ci ildə isə Azərbaycanda heyvandarlığın vəziyyətinin öyrənilməsi məqsədilə prof. İ.İ.Kaluginin rəhbərliyi ilə təşkil olunan ekspedisiyanın materialları muzeyə verildi. Bu materiallar arasında 489 heyvan kəlləsi, 571 yem nümunəsi, 1880 yun nümunəsi, 2700 ədəd (heyvanlar, onların saxlanıldığı yer və otlaq sahələrinin fotoşəkilləri) fotoşəkil var idi.
1930-cu ildən muzey artıq bayramlar, qurultaylar, müxtəlif k/t tədbirləri munasibətilə səyyar sərgilər təşkil etməyə başladı. 1936-1938-ci illərdə isə öz fəaliyyətini genişləndirmək, bölgələrdə təbliğat və maarifləndirmə işini gücləndirmək məqsədilə Kirovabad (ind. Gəncə), Nuxa (ind. Şəki), Naxçıvan, Quba və Lənkəranda muzey öz filiallarını yaratdı. Hazırda muzeydə əmək qəhrəmanı S.Qazıyevanın Beyləqan rayonunda yerləşən xatirə muzeyi filial kimi fəaliyyət göstərir.
Yarandığı gündən maarifləndirmə və təbliğat işinə xüsusi fikir verən, muzey bu məqsədlə tez-tez sərgilər və mühazirələr təşkil edir. Onun fondu foto neqativlərdən, məişət və etnoqrafiya nümunələrindən, rəsm əsərləri və tətbiqi incəsənət nümunələrindən və s. ibarətdir. Muzeyin ekspozisiyası həmişə kənd təsərrüfatının təbliğində ən təsirli silah olmuşdur. O, daim yenilənir və respublikada kənd təsərrüfatının müasir vəziyyətini əks etdirən yeni materiallarla zənginləşir.
Muzeyin fəaliyyət sahəsi çox genişdir. Burada respublikamızda yaşayan xalqların tarixini, əkinçilik mədəniyyəti ilə bağlı adət və ənənələrini geniş kütləyə tanıtmaq məqsədilə sərgilər, görüşlər, televiziya kanalları ilə birlikdə verilişlər təşkil olunur. Milli və dövlət bayramlarımız, xüsusi anım günləri müxtəlif tədbirlərlə qeyd edilir. Həm də elmi idarə olan muzeydə respublikamızın kənd təsərrüfatının bütün sahələri haqqında geniş məlumatlar toplanmış və Azərbaycan Kənd Təsərrüfatı Ensiklopediyası hazırlanaraq I cildin siqnal nüsxəsi çap olunmuşdur. Muzey 2014-cü ildən YUNESKO-nun nəzdindəki Beynəlxalq Muzeylər Şurasının (İKOM) üzvüdür.
Təşkil olunduğu dövrdən dəfələrlə ünvan dəyişən bu elm və mədəniyyət ocağı 2015-ci ilin dekabr ayından 8-ci mikrorayonda yerləşən “Baytarlıq şəhərciyində” fəaliyyət göstərir. Muzey burada 600 m2 sahəni əhatə edir və müasir standartlara uyğun səviyyədə tərtib olunmuşdur. Yeni bədii tərtibata uyğun olaraq muzeydə kənd təsərrüfatının tarixi və bu günü ilə yanaşı bütün sahələri də öz əksini tapmışdır. Tərtibatın daha da zəngin, əhatəli və diqqətə layiq olması üçün respublikanın ayrı-ayrı bölgələrindən 600-ə yaxın yeni eksponat alınmışdır. Ekskursiya və ekspozisiya işi dövrün tələblərinə uyğun olaraq texniki vasitələrdən istifadə etməklə qurulmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin sifarişi əsasında Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyinin informasiya sistemi hazırlanmışdır. Ekspozisiya zalında “info-kiosklar” quraşdırılmış və muzeyin informasiya sisteminin proqram təminatı yaradılmışdır. Bu interaktiv informasiya sistemi muzeyin veb portalı vasitəsilə geniş ölkə ictimaiyyətinə və xarici istifadəçilərə əlçatan olacaqdır. Muzeyi ziyarət edən qonaqlar buradakı “info-kiosklar” vasitəsilə Azərbaycanın kənd təsərrüfatı potensialı, onun tarixi və ayrı-ayrı sahələrilə yaxından tanış ola biləcəklər. Muzeyin informasiya sistemi ən müasir dizayn interfeysinə malikdir, mütərəqqi texnoloji platformalarda hazırlanmışdır və 4 əsas moduldan ibarətdir: “H.Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı”, “Dövlət Kənd Təsərrüfatı Muzeyi”, “Kənd Təsərrüfatı Göstəriciləri”, “Kənd Təsərrüfatı Sahələri” . Hər bir modulda əhatə etdiyi sahə üzrə geniş məlumat toplanmışdır.
“H.Əliyev və Azərbaycanın Kənd Təsərrüfatı” modulunda ulu öndərin respublikanın kənd təsərrüfatına verdiyi tövhələr vizual olaraq fotoşəkillər, video çarxlar, onun kənd təsərrüfatı ilə bağlı fikirləri vasitəsilə ziyarətçilərə təqdim olunur. Burada H.Əliyevin ayrı-ayrı aqrar sahələr üzrə fəaliyyəti və uğur tarixçəsi barədə vizual görüntülər verilmişdir.
“Dövlət Kənd Təsərrüfatı Muzeyi” modulunda ziyarətçilərə muzeyin xəritəsi təqdim olunur. Sol tərəfdə dinamik xəritə, sağ tərəfdə isə keçidlər göstərilmişdir. Hər bir keçid muzeyin bir bölməsini əhatə edir. Bu keçidlər vasitəsilə ziyarətçilər seçdikləri bölmə ilə bağlı ətraflı məlumat ala bilərlər. Modulda hər eksponat barədə həm vizual, həm də mətn məlumatlar vardır.
“Kənd Təsərrüfatı Sahələri” modulunda aqrar sahənin müxtəlif istiqamətləri, ayrı-ayrı sahələrin inkişaf tarixi haqqında şəkil və mətn məlumatlar yerləşdirilmişdir. Geniş məlumat almaq istəyənlər üçün “Ətraflı” bölməsi mövcuddur. Misal üçün, “Tərəvəzçilik” sahəsi ilə maraqlanan ziyarətçi bibər, pomidor, kələm, kök və s. tərəvəzlər haqqında, “Heyvandarlıq” sahəsində isə maldarlıq, qoyunçuluq, quşçuluq və digər bölmələrin inkişafı, tarixi barədə ətraflı məlumat ala bilər.
“Kənd Təsərrüfatı Göstəriciləri” modulunda isə aqrar sahənin göstəriciləri öz əksini tapmışdır. Burada ziyarətçilər kənd təsərrüfatı sahələrinin inkişaf xəritəsini vizual olaraq görmək imkanına malikdirlər. Modulda hər bir sahə üzrə mətn məlumatlar və dioqramlar yerləşdirilmişdir.
Taxılçılıq bütün dünyada kənd təsərrüfatının ən vacib sahəsi sayılır. Muzeyin taxılçılıq bölməsində Mingəçevirdə aparılan qazıntılar zamanı tapılmış və eramızın I əsrinə aid edilən buğda dənəsinin nümunəsi, əkinçilikdə istifadə edilən qədim kənd təsərrüfatı alətləri – taxıl beli, kətmən, yaba, oraq və s. ilə tanış olmaq mümkündür. Burada Əkinçilik Elmi-Tədqiqat İnstitutunda yaradılmış Qiymətli-2\7, Əkinçi-84, Qaraqılçıq-2, Şiraslan-23, Azəri, Bərəkətli-95, Tər-tər, Turan, Mirbəşir-50 və digər sortlar taxıl zəmisində əkilmiş formada göstərilir.
Pambıqçılıq bölməsində əmək qəhrəmanları: Bəsti Məsim qızı Bağırovanın, Azərbaycanın ilk qadın mexanizatoru Sevil Həmzad qızı Qazıyevanın büstləri, eyni zamanda respublikada becərilən pambıq sortları, ölkəyə gətirilmiş ilk pambıqtəmizləyən maşınlardan biri və s. nümayiş olunur .
Zalda respublikanın dağətəyi zonasında yerləşən müasir Azərbaycan kəndi təbii şəkildə göstərilmişdir. Heyvandarlıq bölməsində qaramalın və qoyunçuluğun tarixi ilə bağlı məlumatlar verilmişdir.
Torpaq örtüyünün müxtəlifliyi, əlverişli iqlim şərati ölkəmizdə tarixən müxtəlif növ meyvə ağaclarının yetişməsinə səbəb olmuşdur. Aparılan qazıntılar zamanı meyvə çəyirdəklərinin tapılması, qədim müəlliflərin əsərlərindəki məlumatlar da meyvəçiliyin bu ərazidə qədim tarixə malik olduğunu təsdiq edir. Azərbaycanda istehsal olunan meyvə və meyvəçilik məhsulları dünya bazarlarında, beynəlxalq müsabiqələrdə həmişə yüksək qiymətləndirilmişdir. 1898-ci ildə Kaliforniyada təşkil edilmiş dünya meyvəçilik sərgisində nümayiş olunan “Əbutalıbi” ərik sortu birinci yerə layiq görülmüşdür.
Zaldakı ipəkçilik bölməsində isə bu qədim təsərrüfat sahəsinin tarixinə və inkişafına aid məlumatlarla tanış olmaq mümkündür. Ölkəmizə ipəkqurdu toxumu təqribən V əsrdə gətirilmiş və tezliklə ipəkçilik yerli əhalinin əsas məşğulluq sahəsinə çevrilmişdir. Müxtəlif tarixçilərin məlumatlarına görə Azərbaycanın Bərdə, Şamaxı, Gəncə, Şəki şəhərləri hələ VII-X əsrlərdə ipəkçilik məmulatları mərkəzləri hesab olunurdu. İstehsal olunmuş ipək Azərbaycandan karvan yolu ilə İtaliyaya, Fransaya, Rusiyaya, İrana, Türkiyəyə və digər dövlətlərə ixrac edilirdi. Azərbaycan ipəyi 1850-ci ildə Peterburqda və 1852-ci ildə Moskvada təşkil edilmiş sərgilərdə qızıl medallara layiq görülmüş, 1862-ci ildə Londonda və 1867-ci ildə Parisdə təşkil edilmiş sərgilərin eksponatı olmuşdur.
Kənd təsərrüfatının ən qədim sahələrindən biri də üzümçülükdür. Qazıntılar zamanı tapılan üzüm tumları, üzüm məhsulları qalıqları, dağətəyi və aran ərazilərdə bitən cır üzüm sortları onun yerli bitki olduğunu bildirir. Azərbaycan ərazisində ta qədimdən üzümçülüyün və şərabçılığın inkişaf etməsi haqqında fikirlərə Heredotun, Strobonun əsərlərində də təsadüf edilir. Bu fikirləri arxeoloji qazıntılar da təsdiq edir. 1931-ci ildə Xanlar rayonu yaxınlığındakı kurqanda qazıntı zamanı Tunc dövrünə (e.ə.II-I minillik) aid üzüm tumları, küpün divarında isə şərab daşı çöküntüləri aşkar edilmişdir. Hələ XIX əsrin sonlarında nadir yerli sortlardan hazırlanan şərab növləri dünyanın ən yaxşı şərabları ilə rəqabət aparmış və London, Paris, Hamburq kimi şəhərlərdə keçirilən sərgilərdə diplom və qızıl medallara layiq görülmüşdür. Bölmədə üzümdən hazırlanan müxtəlif məhsullar – şərab, sirkə, kişmiş, bəhməz və Azərbaycan şərablarının sərgilərdə aldığı diplom və medallar, çaxır çəlləkləri, üzümsıxan press, qədim üzümsıxan daş və s. nümayiş olunur.
Azərbaycan atçılığın vətənlərindən hesab olunur. Bunu həm arxeoloji qazıntılar zamanı əldə olunan maddi dəlillər, həm əlyazmalardakı məlumatlar, həm də qədim tarixçilərin fikirləri təsdiq edir. Ölkəmizdə tarixən Qarabağ, Qazax, Quba, Şirvan at cinsləri formalaşaraq inkişaf etmişdir. Qarabağ atı öz gözəlliyi, sürəti ilə bütün dünyada məşhurdur. Bu sahə müəyyən müddət diqqətdən kənarda qalsa da hazırda respublikamızda atcılığın əvvəlki şöhrətini qaytarmaq ücün böyük işlər görülür. Zaldakı atçılıq bölməsində bu sahəyə aid geniş məlumat almaq mümkündür.
Ekspozisiya zalında həm də xalqımızın
etnoqrafiyasını, məişətini əks etdirən eksponatlar – qədim və nadir
bəzək əşyaları, XIX əsrdə və XX əsrin
əvvəllərində kəndlilərin istifadə etdiyi toy-bayram, mərasim, iş geyimləri; misdən, gildən, taxtadan hazırlanmış qədim məişət
əşyaları; qədim əkinçilik alətləri
və s. nümayiş
olunur.
Nurəddin Məmmədli
Mədəniyyət.- 2020.- 13 mart.-
S.6.