Nərimanov irsinin
öyrənilməsinə layiqli töhfə
Azərbaycanın ictimai fikir tarixində görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun (1870-1925) məxsusi yeri var. O, Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi kimi savadsızlığa, xurafata qarşı yorulmadan mübarizə aparmış, dramaturgiyamızın banisi M.F.Axundzadə ənənələrinin ardıcıl davamçısı olmuşdur. Qori Müəllimlər Seminariyasının məzunu olan N.Nərimanov 1890-cı ildə müəllimlik fəaliyyətinə başlamış, 1896-cı ildən Bakı şəhərində Oğlanlar gimnaziyasında işə qəbul olunmuşdur.
Həmin dövrdə çar Rusiyasının müstəmləkəçilik siyasəti milli dil və mədəniyyətlərin inkişafının qarşısını çox sərt şəkildə alırdı, maarif müəssisələrində Azərbaycan dilinin tədrisi sıxışdırılırdı. Eyni zamanda doğma dilimizə aid dərslik, dərs vəsaitləri yox dərəcəsində idi. Bu problemlər böyük maarifçini ciddi şəkildə düşündürürdü. Ona görə də N.Nərimanov 1899-cu ildə üç kitab nəşr etdirməklə bu çətinlikləri aradan qaldırmaq istəmişdir. Həmin kitablardan biri də “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyidir. Burada müəllifin məqsədi oxucuda, şagirdlərdə Azərbaycan dili haqqında qısa, aydın təsəvvür yaratmaqdan ibarət olmuşdur.
Məlumdur ki, hələ 1839-cu ildə məşhur dilçi alim Mirzə Kazım bəy “Türk-tatar dilinin qrammatikası” əsərinin nəşri ilə Avropa üsulunda Azərbaycan qrammatika məktəbinin əsasını qoymuşdu. Ondan sonra Həsən Vəzirovun əsəri və Əbdüssəlam Axundzadənin “Müxtəsər sərf” (1891) əsəri nəşr olunmuşdusa da, mövcud tələblərə cavab verməmişdi. Ona görə də Nərimanovun bu kitabının nəşri mövcud ehtiyacları təmin etmək məqsədinə xidmət göstərirdi. Bu əsər uzun müddət dərs kitabı kimi istifadə edilmişdir.
Bu yaxınlarda Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetinin Fənn-ədəbiyyat fakültəsinin bölmə müdiri, soydaşımız dosent İlkin Qulusoy tərəfindən N.Nərimanovun AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun fondunda saxlanılan “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabı Ankarada “Son çağ” nəşriyyatında nəfis şəkildə çap etdirilmişdir.
Kitabın giriş hissəsində əsər, onun müəllifinin ədəbi-elmi irsi haqqında ətraflı bəhs olunur, dərsliyin quruluşu, məzmunu, əsas xüsusiyyətləri yığcam şəkildə şərh edilir. Tərtibçi mətnşünaslıq elminin qayda və prinsiplərini rəhbər tutaraq kitaba əsərin faksimile və transkripsiyasını da əlavə etmişdir. Bundan əlavə, kitaba əsərdə işlənmiş Azərbaycan dilinə aid sözlərin lüğəti, rusca terminlərin türkcəyə tərcüməsinin sxemi, əsərdə işlənmiş mövzu, məfhum və qrammatik terminlərin geniş izahı verilmişdir.
53 səhifədən ibarət olan “Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyi öz dövrü üçün Azərbaycan dilinin öyrədilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Bəlli olduğu kimi, o dövrün rus elmi ədəbiyyatlarında Azərbaycan türkləri yanlış olaraq “Qafqaz tatarları”, ən yaxşı halda isə “Azərbaycan tatarları” adlandırılırdı. Azərbaycan maarifçiləri, təbii ki, bu fikirlə razılaşa bilməzdi. Ona görə də dövrün M.Şahtaxtlı, H.Zərdabi, Ü.Hacıbəyli, N.Nərimanov kimi maarifçiləri bu yanlış adlandırmanın aradan qaldırılması uğrunda mübarizə aparırdılar. Nərimanov da kitabda “türk-Azərbaycan dili” terminindən istifadə etmişdir.
Sözügedən dövrdə Azərbaycan dilinin terminologiya sistemində ənənəvi olaraq ərəb-fars mənşəli sözlər daha geniş işlənmə dairəsinə malik idi. Nərimanov kitabın adının rusca “Êðàòêàÿ òàòàðñêî-àäåðáåéäæàíñêàÿ ãðàììàòèêà” şəklində getməsinə baxmayaraq qrammatika əvəzinə “sərf-nəhv” terminindən istifadə etmişdir. Bu cür terminlərə kitabın digər bölmələrində də rast gəlirik.
Kitabın girişi 4 səhifədən ibarətdir. Bu hissədə müəllif dil və əlifba münasibətlərindən bəhs edir. Ərəb əlifbasının Azərbaycan dilinin səs quruluşunu düzgün ifadə edə bilmədiyini vurğulayır. Göstərir ki, Azərbaycan yazısını çətinləşdirən faktorlardan biri ərəb əlifbasındakı bir danışıq səsinin bir neçə hərfi işarəsinin mexaniki şəkildə tətbiq edilməsidir. Bu qayda ərəb dilinin fonetikası üçün məqbul olsa da, Azərbaycan dilinin yazı sistemi, orfoqrafiyası üçün böyük çətinliklər yaradır.
Dərslik iki hissədən – sərf və nəhv – ibarətdir. Müəllif “sərf” termini ilə indiki fonetika və qrammatika bölmələrini nəzərdə tutmuşdur. Bu terminlərlə yanaşı o, etimologiya və sintaksis anlayışlarından da istifadə etmişdir. Fonetika və morfologiyanın etimologiya termini ilə ifadə olunması ənənəsi M.Kazımbəydən gəlməkdədir. Nərimanov morfoloji kateqoriyaları Osmanlı qrammatikasındakı qaydalara uyğun şəkildə vermişdir. Nitq hissələrindən ətraflı bəhs edən müəllif o dövrün ənənəsinə uyğun olaraq daha çox isim və feillər üzərində dayanmış, bu əsas nitq hissələrinin leksik-qrammatik xüsusiyyətlərini ətraflı şəkildə nümunələrlə şərh etmişdir. Nərimanov sifət və saylardan ayrıca bəhs etməmiş, onları isimlərin içərisində vermişdir. O, müasir dilçiliyimizdən fərqli olaraq, qoşmalardan “ədavat” adı ilə bəhs edir. “Nişanlar” başlığı altında isə durğu işarələrindən söz açır.
Dərslikdə sintaksis bəhsi çox bəsitdir. Burada mübtəda, xəbər kimi cümlə üzvləri və tabeli mürəkkəb cümlə, onu əmələ gətirən baş və budaq cümlə haqqında məlumat verilir. N.Nərimanov kitabın sonunda “Təhlil” başlığı altında qrammatik təhlil haqqında belə yazır: “Dildə çap olunan mətləbləri, hekayələri və şeirləri müəllim gərəkdir, hər qaidəni şagirdlərə bəyan edəndən sonra əzbər yazdırıb təhlil edələr”. O, eyni zamanda seçdiyi mətnlərdəki dil vahidlərinin qrammatik təhlil edilməsinə aid bir neçə nümunə də vermişdir.
“Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” dərsliyinin türkiyəli oxuculara çatdırılması Nəriman Nərimanov irsinin qardaş ölkədə təbliğinə və ədibin 150 illik yubileyinə layiqli töhfədir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
Mədəniyyət.- 2020.- 13 mart.-
S.6.